Məhkəmə qərarları › İş №2(011)-5589/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5589/2022

07.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5589/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2147/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq özünə ödənilməsi, cavabdehdən 30 manat mediasiya xərcinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Xətai Rayon məhkəməsinin 2(011)-2147/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 175 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda qızı 1 yaş 6 aylıqdır, qət edilmiş 175 manat uşağın maddi ehtiyaclarını ödəmir. "Azərbaycan Respublikasında 2022 ci il üçün yaşayış minimum haqqında” Qanunun 1-ci maddəsinə əsasən 2022-ci il üçün əhalinin əsas sosial demoqrafik qrupların üzrə yaşayış minumumun məbləği ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, Xətai rayon məhkəməsinin 2(011)-2147/2021 saylı iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə anadan olmuş Quliyeva Narinin atası olması faktı müəyyən edilmiş, X6 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay 175 manat sabit pul məbləğində alimetin alınaraq İddiaçı verilməsi müəyyən edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləği çox çətinliklə olsa da ödəməyə çalışır. Uşağa aliment ödəməkdən imtina etmir. Lakin hazırki iddia ilə razı deyil. X9 Üniversitetində təhsil alır. Eyni zamanda təhsil ala-ala Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi dövlət Yanğından Mühavizə Xidmətinin Neftayırma Müəsisələri üzrə X1 19 nömrəli X2 sürücü vəzifəsində xidmət edir. Aylıq əmək haqqı 623,64 manat təşkil edir. Aldığı əmək haqqından başqa gəliri yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə -qazancın və (və ya)valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinin tələblərinə görə bu miqdar məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcədə diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Qeyd olunan normanın tələbinə görə əslində ondan 155,91 manat aliment tutulub iddaçıya ödənilməlidir. Qətnaməsi ilə müəyyən edilmiş 175 manatın ödənilməsi müəyyən çətinliklər yaratsa da, bir təhər ödəyir, lakin 193 manat aliment ödəmək imkanı xaricindədir. Odur ki, iddiaçının iddia tələblərini qəbul etmir və qeyd etdiyi səbəblərdən əsassız hesab edir. Göstərilənlərə əsasən, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və təmin olunması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2147/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 atası olması faktı müəyyən edilmiş, 5 saylı Bakı “ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilniş 545734 saylı doğum haqqında şəhadətnamənin ata qrafasında “Quliyeva" soyadının "Ərşadlı" soyadına dəyişdirilməsi, xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması içün Cavabdeh hər ay 175 manat sabit pul mətləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 37/39-634 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğından Mühavizə Xidmətinin Neftayırma Müəsisələri üzrə X3 19 nömrəli X4 sürücü vəzifəsində xidmət edir və aylıq əmək haqqı 623,64 manat təşkil edir. İş materiallarında olan İD kodu**********0 olan tələbə biletinin surətindən müəyyən olunur ki, Cavabdeh Sumqayıt Dğvlət Universitetinin kimya və biologiya fakultəsinin tələbəsidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı alimentin məbləğinin dəyişdirilməsinə dair tələb irəli sürməkdə haqlıdır. Bununla yanaşı, cavabdehin təhsil almaqla bərabər işləməsini və aylıq əmək haqqının 623,64 manat olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən uşağın saxlanması üçün hər ay 185 manat manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2147/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 185 (bir yüz səksən beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar