Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-563/2022 22.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaradılmış maneələrin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanın həyətyanı sahəsinə yönəlmiş 2 pəncərənin, kombi borusunun və evin metal üzlüyünün cavabdehin vəsaiti hesabına söküntüsünün həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə eyni küçədə yaşayır. Cavabdeh iddiaçının istifadəsində olan ünvan 2 ünvanın torpaq sahəsində özünə məxsus ünvan 2ı evlə arada olan məsafəni iddiaçının icazəsi olmadan öz evinin pəncərəsini iddiaçının həyətyanı sahəsinə açmışdır, eyni zamanda cavabdeh yaşadığı evin qızdırıcı kombi aparatının borusunu iddiaçının həyətyanı torpaq sahəsinə çıxarmışdır. İddiaçı və ailə üzvləri evdə olmadan cavabdeh icazəsiz iddiaçının həyətyanı torpaq sahəsinə daxil olaraq yaşadığı evin divarlarını ağ metal ilə üzləmişdir. Həmin üzlənmiş metallar günəş olduqda iddiaçının həyətinə şüa verir, bu da iddiaçı və ailəsi üçün təhlükə yaradır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə ilk öncə əmlakların statusunu müəyyən etməyi zəruri hesab edir. Tərəflərin məhkəməyə təqdim etdiyi sənədlərdən və izahatlardan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının adına, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi isə cavabdehin adına qeydə alınmamışdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd edilən Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd edilən Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmadığından, iddiaçının istinad edilən evə yalnız sahiblik hüququ mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə tərəfindən həyata keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus evin divarı iddiaçı tərəfindən hasar kimi istifadə olunur. İddiaçının maneə yaratması istinad olunan kombi borusunun və evin metal üzlüyünün məhz bu ortaq divarda olması aşkar edilmişdir. Kombi borusunun çıxışı iddiaçının sahibliyində olan həyətin giriş hissəsində yerləşir. İddiaçının sahibliyində olan tikili həmin borunun çıxışından kifayət qədər uzaqda yerləşir. Cavabdehə məxsus divarın iddiaçının sahibliyində olan evlə üzbəüz hissəsində pəncərə olduğu aşkarlanmışdır. İddiaçının iddiasının əsasını təşkil edən hal istinad edilən ortaq divarda kombi borusunun pəncərənin və divarın dəmir örtüyünün ona maneə yaratmasıdır. Məhkəmə araşdırması zamanı maneələrin olub-olmadığı araşdırılarkən iddiaçının haqlı olmasına dəlalət edən hər-hansı bir hal aşkar edilməmişdir. Belə ki, iddiaçı maneələrin konkret olaraq nədən ibarət olmasını və onun hüquqlarına hansı qaydada xələl gətirməsi əsaslandırıla bilməmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdehin və iddiaçının sahibliyində olan torpaq sahəsi və tikililər dövlət qeydiyyatına alınmamışdır, hazırkı tikililərə özbaşına tikili kimi qiymət verilməlidir. Qanunsuz tikililərlə bağlı mübahisələri tənzimləyən norma olmadığından, hazırkı işdə qanunun analogiyası tətbiq olunmalıdır. Belə ki, AR MM-nin 171.1-ci maddəsinə görə, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddənin mənasından da göründüyü kimi, iddiaçı hüququnun əhəmiyyətli dərəcədə pozulmasını və sahəsindən istifadə etmək üçün maneənin yaranmasını sübut etməlidir. Hazırkı iş üzrə bu halları təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “yaradılmış maneələrin aradan qaldırılması” barədə iddia tələbi rədd edilsin. İddiaçı ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-563/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-563/2022
22.02.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver