Məhkəmə qərarları › İş №2(011)-5635/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5635/2022

24.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5635/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İrizvan qızının (bundan sonra – iddiaçı), İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (bundan sonra cavabdeh) vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı İrizvan qızının cavabdehə qarşı “alimentin artırılması” tələbi barədə ilkin iddiasına, cavabdehin iddiaçıya qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşlar və onların nikahından üç övladları, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il tarixli X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 doğulmuşdur.

2. Tərəflərin nikahı Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-906/2020 nömrəli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaqların iddiaçının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

3. Cavabdeh müddətsiz olaraq 3-ü qrup gözdən əlildir. Onun ikinci nikahından xx.xx.2022-ci il təvəllüdlü bir övladı – X10 – vardır.

4. İkin və qarşılıqlı iddia ərizəslərinin dəlilləri:

a) İlkin iddia ərizəsinin dəlilləri

5. İddiaçı alimentin miqdarının artırılaraq 25 oktyabr 2012-ci il təvəllüdlü X2, 23 iyun 2014-cü il təvəllüdü X3 və 02 sentyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa gorə 193 manat, cəmi 579 manat sabit pul məbləğində alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı ilkin iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə birgə nikahdan 3 övladları anadan olmuşdur. Xətai Rayon Məhkəməsinin 2(011)-906/2020 nömrəli 02.09 2020-cı il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş və 25 oktyabr 2012-ci il təvəllüdlü X2, 23 iyun 2014-cü ıl təvəllüdlü X4 və 02 sentyabr 2018-cı il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin cavabdeh hazırda da alimenti ödəməkdən yayınır. Bu da onun hüquqlarını pozur. Uşaqların və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqlarının saxlanması xərcləri ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqlarının saxlanması üçun məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur.

b) Qarşılıqlı iddia ərizəsinin dəlilləri:

6. Cavabdeh Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)- 906/2020 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün ondan hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilərək. alimentin məbləğinin hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət etmişdir

7. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, uzun illər göz xəstəliyindən əziyyət çəkməyinə baxmayaraq, cavan olduğu vaxtlarda ciddi problem hiss etmirdi. Yaş ilə əlaqədar, həm də xəstəliyin yeni fəsadları yarandığı üçün o, 19 mart 2021ci il tarixdən etibarən müddətsiz üçüncü dərəcəli gözdən əlildir. Bu səbəbdən o, hər hansı bir fiziki işlərdə çalışmaq imkanları məhdudlaşmışdır. O, dövlətdən əlilliyə görə 120 manat həcmində müavinat alır. Gözdən əlillik ilə əlaqədar olaraq hər hansı özəl və digər müəssisə və təşkilatlarda əmək müqaviləsi əsasında çalışmır. Gözdən əlil olaraq əlavə qulluğa ehtiyacı olduğundan, o, yeni ailə qurmaq məcburiyyətində olmuşdur. Yeni qurduğu ailədən bir uşağı xx.xx.2022-ci il tarixdə dünyaya gəlmişdir.

8. Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh rəsmi olaraq heç bir yerdə işləməsə də, onun maddi imkanı yaxşıdır. Cavabdehin gözündə də heç bir problem yoxdur.

10. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi.

11. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

12. Maddə: 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

13. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

14. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

15. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

16. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

17. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

18. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır.

19. “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə: 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda— bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

21. Maddə: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

İşə baxan məhkəmənin mövqeyi:

23. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, ilkin və qarşılıqlı iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir.

24. Məhkəmə həm ilkin, həm də qarşılıqlı iddia tələblərinə münasibətdə bildirir ki, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini başlıca olaraq, uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.

25. Məhkəmə iddiaçının göstərdiyi dəlililə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir (§ 15).

26. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının artması alimentin məbləğinin artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər.

27. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün alimentin artırılması barədə sonuncu qətnamə qəbul edildikdən sonra, yəni 2020-ci il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərc, eləcə gündəlik qida, geyim, habelə dərman və s. həyat üçün zəruri vasitələrin dəyəri əhəmiyyətli dərəcədə artmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşağın böyüməsi ilə onun xərclərinin və yuxarıda qeyd edilən tələbatlarının artması hazırda onun zəruri maddi ehtiyaclarının tam ödənilməsi üçün yetərli hesab edilə bilməz.

28. Odur ki, məhkəmə əvvəlki qətnamə ilə hər ay ümumilikdə 510 manat sabit pul məbləğində aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin artırılmasını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılmasını məqsədəuyğun hesab edir. Həmçinin, nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir.

29. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

30. Lakin, məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması qənaətinə gəlsə də, hesab edir ki, bu zaman cavabdehin də maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş arayışa əsasən müəyyən olunur ki, cavabdehin qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Həmçinin, AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının elektron məlumatına əsasən cavabdeh xx.xx.2021-ci il tarixdən müddətsiz 3-cü qrup gözdən əlildir. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, cavabdeh yenidən nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2022-ci il tarixdə bir övladı olmuşdur.

31. Məhkəmə hesab edir ki, cavabdehdən hər ay cəmi 579 manat məbləğində alimentin tutulması onun maddi vəziyyətini həddən artıq ağırlaşdıra bilər, belə ki, cavabdehin maddi və sosial vəziyyəti onun göstərilən həcmdə aliment ödəməsinə imkan vermir. İddiaçı da cavabdehin əlavə qazanc yerinin olması, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə əlavə sübut təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehdən tutulacaq alimentin artırılaraq hər ay hər uşaq üçün 185 manat olmaqla, 555 manat məbləğində müəyyən edilməsini daha məqsədə uyğun hesab edir.

32. Alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

33. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, tələbin hüquqi tənzimlənməsi Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuşdur (§ 25).

34. Cavabdeh alimentin azaldılmasını səhhəti (3-cü qrup gözdən əlil olması) və ailə vəziyyəti (yeni ailə qurması və yeni nikahdan bir övladının olması) ilə əlaqələndirir. Məhkəmə cavabdehin səhhətinə görə alimentin azaldılması barədə dəlili ilə razılaşmır, belə ki, iş materiallarında olan AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının elektron məlumatına əsasən cavabdehə xx.xx.2021-ci il tarixdən müddətsiz 3-cü qrup gözdən əlillik dərəcəsi verilsə də, onun görmə itiliyi tələb edilməyən yüngül işlərdə işləməsi göstərilmişdir. Bu hal isə cavabdehin, ümumiyyətlə əmək qabiliyyəti ilə məşğul ola bilməməsi mənasına gələ bilməz. Digər bir tərəfdən, Ailə Məcəlləsinin 78.2-ci maddəsində məhkəmələrdən tələb edilir ki, sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınarkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır.

35. İş materialları ilə müəyyən edilir ki, uşaqlar üçün aliment Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş, həmin vaxtdan sonra ölkə üzrə bir uşağın saxlanması üçün xərc, həm 2021-ci il, həm də 2022-ci il üçün artırılmışdır. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, cavabdehin səhhəti əsas götürülərək alimentin azaldılması həm uşaqların mənafeyinə zidd olardı, həm də bu onların əvvəlki təminatının azaldılmasına səbəb olardı.

36. Uşaq hüquqları haqqında həm milli, həm də beynəlxalq qanunvericilik də tələb edir ki, uşağın müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır, uşaqlar qanunla və digər vasitələrlə sosial müdafiə ilə və s. təmin olunmalıdır (§ 18 və 19).

37. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-ci il tarixli Qırarında da göstərilir ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır.

38. Məhkəmə həmçinin, hesab edir ki, cavabdehin yeni nikahından bir övladının olması da alimentin azaldılmasına səbəb ola bilməz. Bel ki, cavabdeh alimentin tutulmasının ikinci nikahdan olan uşağının maddi təminatına zidd ola biləcək sübutları məhkəməyə təqdim etməmişdir.

39. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, alimentin alimentin məbləğinin azaldılması əsaslı hesab edilə bilməz.

40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İlkin iddia qismən təmin edilsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-906/2020 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il tarixli X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 185 manat olmaqla, cəmi 555 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı İrizvan qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsum Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar