Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5641/2021 24.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı - borc alan Cavabdeh ilə bağladığı 23 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə 88.000 manat məbləğində və 30 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə 25.000 manat məbləğində pul borcunun, ümumilikdə isə hər iki müqavilə üzrə 113.000 manat pul borcunun, həmçinin 20000 manat əldən çıxmış fayda formasında ziyanın və 5000 manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı borc verən İddiaçı 23 aprel 2018-ci il tarixdə borc alan Cavabdeh ilə kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə görə, borc verən kimi İddiaçı borc alan Cavabdeh 88.000 manat məbləğində pul borc vermişdir. Borc alan Cavabdeh krediti 23.04.2019-cu il tarixədək borc verən kimi ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borc alan Cavabdeh kredit müqaviləsində götürdüyü öhdəlik üzrə bugünədək heç bir ödəniş etməmiş və müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Bundan başqa, borc verən İddiaçı 30 aprel 2018-ci il tarixdə borc alan Cavabdeh ilə kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə görə, borc verən kimi İddiaçı borc alan Cavabdeh 25.000 manat məbləğində pul borc vermişdir. Cavabdeh krediti 30.06.2018-ci il tarixədək borc verən kimi qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borc alan Cavabdeh kredit müqaviləsində götürdüyü öhdəlik üzrə bugünədək heç bir ödəniş etməmiş və müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. İddiaçı “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə müraciət edərək iddia tələbinə əlavə olaraq 78000 manat pulun Cavabdeh tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasında iddiaya qismən qəbul etdiyini bildirdi və iddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdeh izahat verərək bildirdi ki, iddiaçıdan hər iki kredit müqaviləsi üzrə ümumilikdə 45000 manat məbləğində borc götürmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 23.04.2018-ci il tarixdə Bakı şəhər 16 saylı Notariat kontorunda notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı cavabdehə 88000 manat məbləğində borc pul vermiş, cavabdeh isə krediti 23.04.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında 30.04.2018-ci il tarixdə Bakı şəhər 30 saylı Notariat kontorunda notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı cavabdehə 25000 manat məbləğində borc pul vermiş, cavabdeh isə krediti 30.06.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Mülki iş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Cavabdeh işlətdiyi çörək sexində işləmiş, onu 20 il əvvəldən tanıyır, iddiaçını isə 2018ci ildən tanıyır. Onların arasında olan pul məsələsini bilmiş, lakin həmin məsələlər onun yanında baş verməmişdir. İddiaçını tez-tez görmüşdür. İddiaçı 2019-cu ildə Cavabdehı polisə şikayət edəndə ona məlum olmuşdur ki, iddiaçı Cavabdeh 15000 manat pul verib, lakin müqaviləyə 25000 manat yazılıb, ikinci dəfə isə 40000 manat verib, lakin müqaviləyə 88000 yazılıb. Bu barədə təhqiqatçı demişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Cavabdeh qardaşıdır, həmçinin bir yerdə işləmişdirlər. İddiaçı onların işlədiyi çörək sexi ilə qonşu olmuşdur. Qardaşı pul axtaran vaxt onu İddiaçı ilə tanış etmişdir. 2017-ci ildə o Cavabdeh 2000 manat pul vermiş, üstünə günə 20 manat faiz də hesablamışdır. Sonradan iddiaçı Cavabdeh 15000 manat pul verib, lakin müqaviləyə 25000 manat yazılıb, ikinci dəfə isə 40000 manat verib, lakin müqaviləyə 88000 yazılıb. İş materiallarında olan “DVD-RW” kompakt diskə baxış keçirilmişdir. Həmin diskdə 04 ədəd video və 03 ədəd səs yazısı faylları mövcuddur. Videolardan müəyyən edilir ki, İddiaçı müxtəlif vaxtlarda Cavabdeh müxtəlif vaxtlarda 14295 manat, 21000 manat verir. Digər videoda Cavabdeh və digər 2 şəxs Cavabdeh İddiaçı 22500 manat borcunun olduğunu bildirir. Digər videoda Cavabdeh İddiaçı vasitəsilə başqa şəxsə 21000 manat pul verir. Səs yazılarından İddiaçı və Cavabdeh arasında hər hansı şəriklik barədə telefon danışıqları olduğu müəyyən edilir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə hər hansı bir məbləğin kreditora geri qaytarıldığı müəyyən edilməmişdir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh 23 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə 88.000 manat məbləğində və 30 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə 25.000 manat məbləğində əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı 23 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə 88.000 manat məbləğində və 30 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə 25.000 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə cavabdehin kredit borcunun ümumilikdə 45000 manat məbləğində olmasına dair gətirdiyi dəlillərə qiymət verərək, hesab edir ki, cavabdehin qeyd etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, şahid X1 cavabdehin qardaşı olduğundan onun ifadələri məhkəmə tərəfindən qeyri-səmimi və subyektiv hesab edilir. Digər şahid X2 cavabdehlə birgə işləmiş və ifadələri cavabdehin və digər şəxslərin ona dediyi məlumatlar əsasında vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şahid ifadələri mülki iş üzrə işin faktiki halları ilə bağlı həqiqəti əks etdirmir və iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə iddia tələbini 78000 manat məbləğində borcun Cavabdeh tutularaq iddiaçıya qaytarılması hissəsində araşdıraraq hesab edir ki, iddiaçı tərəflər arasında 78000 manat məbləğində pul vəsaiti ilə bağlı borc münasibətlərinin olduğunu təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etmədiyindən, iddia bu hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Məhkəmə iddiaçının 20000 manat əldən çıxmış fayda formasında ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə tələbini araşdıraraq hesab edir ki, iddiaçı cavadehin borcunu gecikdirməsi nəticəsində ona zərər dəyməsini, habelə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barədə hər hansı sübut məhkəməyə təqdim etmədiyindən, əldən çıxmış fayda formasında ziyanın ödənilməsi ilə bağlı formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (MM 443.1-ci maddəsi). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM 443.2-ci maddəsi). Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). Məhkəmə iddianın 5000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən onun xeyrinə mənəvi zərərin tutulmasını tələb etsə də, cavabdeh tərəfindən iddiaçıya məxsus olan qeyri-maddi nemətərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsınıtı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23.04.2018-ci il tarixli Kredit müqaviləsi üzrə 88000 (səksən səkkiz min) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30.04.2018-ci il tarixli Kredit müqaviləsi üzrə 25000 (iyirmi beş min) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5641/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5641/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver