Məhkəmə qərarları › İş №2(011)-5648/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5648/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5648/2021 30.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Məhkəmə iclas katibi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Böyükkişi oğlunun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh Böyükkişi oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Böyükkişi oğluna qarşı tərəflər arasında 12.12.2009-cu il tarixində bağlanılmış şifahi kredit müqaviləsinə əsasən yaranmış 23000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 30,40 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nin 27.01.1989-cu il tarixl 13/713 saylı qərarına əsasən Bakı Şəhər Qaradağ Rayonu İcarə Başçısının 18.01.2001-ci il tarixli 70 nömrəli sərəncamı ilə Bakı Şəhər Qaradağ Rayon Prokurorluğunun müfəttişi olaraq iddiaçıya Lökbatan qəsəbəsindən fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.m. torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Qaradağ Rayonu İcra Başçısının 18.01.2001-ci il tarixli 70 nömrəli sərəncamı icra olunaraq qeyd olunan torpaq sahəsi ölçülərək iddiaçıya təhvil verilmişdir. Tərəflər arasında uşaqlıqdan dost münasibətləri olduğuna görə Cavabdeh Böyükkişi oğlu 2009-cu ildə iddiaçıdan borc pul istəmişdir. Cavabdeh iddiaçıya məxsus yuxarıda qeyd edilən torpaq sahəsini 25000 manata satıb, pulu özünə götürdü və pulu iddiaçıya qaytaracağını söz verdi. Daha sonra cavabdeh iddiaçıya cəmi 2000 manat pul qaytarmışdır. Qalan məbləği, yəni 23000 manat borcun qaytarılmasında dolayısı yollarla imtina edir. Tərəflər arasında şifahi razılaşma olmadığına görə borc müqaviləsini rəsmiləşdirməmişdirlər. İddiaçı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı təmin etdi və məhkəmədən iddianın qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə sübut olaraq Müşfiqabaq qəsəbəsi, 1 saylı evin 39-cü mənzilində yaşayan İddiaçıa fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600,0 kv.m. torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyəri Başçısının 70 nömrəli 18.01.2001-ci il tarixli Sərəncamının sürətləri təqdim edilmişdir. Halbuki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənəd, tərəflər arasında borc münasibətlərini təsdiq edən sənəd deyil. Odur ki, iddia sübuta yetirilmədiyindən rədd edilməlidir. ək Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər Məhkəmə hesab edir, iddia dövlət rüsumunun kimi ödənilən 30,40 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia sübuta yetirilmədiyindən rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh Böyükkişi oğlundan 12.12.2009-cu il tarixində bağlanılmış şifahi kredit müqaviləsinə əsasən yaranmış 23000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 30,40 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar