Məhkəmə qərarları › İş №2(011)-5675/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5675/2023

04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5675/2023 04.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Biter Fikretə qarşı “alimentin miqdarının dəyişdirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Biter Fikretə qarşı “alimentin miqdarının dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10 dekabr 2011-ci il təvəllüdlü X2 üçün tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması və mediasiya üçün ödənilmiş 50 manat məbləğinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4633/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən 10 dekabr 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 154 manat alimentin tutulması qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış və icra vərəqəsi icra olunması üçün aiddiyyəti üzrə göndərilmişdir. Hazırda iddiaçı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün tutulan alimentin məbləğinin dəyişdirilərək 220 manat məbləğində müəyyən edilməsini və 50 manat mediasiya xərcinin cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Biter Fikret məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da o, məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(010)- 4633/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-3503/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh Biter Fikretdən xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X8 “valideynləri” qrafasında atası “Biter Fikret”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarında olan “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Biter X3 arasında olan nikaha xx.xx.2016-cı il tarixdə xitam verilmişdir. İş materiallarında olan adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X4 “Biter”dən “Vahabova”ya dəyişdirmişdir. İş materiallarında olan "xxxx" MMMC tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Biter Fikret ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında davam etdirilə bilməməsi” barədə arayışın surətindən görünür ki, hər iki tərəf mediasiya prosesində iştirak etmişdir. İddiaçı 50 (əlli) manat İMS və 5 (beş) manat poçtkarğuzarlıq xərcini ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası AM-nin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-3503/2015 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə bir uşağın saxlanması üçün hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutulması qət edilməsinə baxmayaraq, hazırda bir uşağın saxlanması üçün cavabdehdən bu qaydada aliment pulunun tutulmasının davam etməsi uşağın mənafeyinə uyğun deyildir. İş materiallarından göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği dəyişdirilərək, hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə xərcləri ilə bağlı, məhkəmə qeyd edir ki “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikan MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki halda iddiaçının iddia ərizəsini məhkəməyə təqdim edərkən, dövlət rüsumunu ödənilməsindən azad olunması nəzərə alınmaqla, məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 manat məbləği cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci də cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4633/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Biter Fikretdən 10 dekabr 2011-ci il təvəllüdlü X1 üçün iddiaçı Vahabova (Biter) Xəyalə Seyidşah qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh Biter Fikretdən 10 dekabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 220 (iki yüz iyirmi manat) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Vahabova (Biter) Xəyalə Seyidşah qızına ödənilsin. Mediasiya xərcinə ödənilmiş 50 (əlli) manat məbləği cavabdeh Biter Fikretdən tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Biter Fikretdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar