Məhkəmə qərarları › İş №2(011)-5718/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5718/2022

07.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5718/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh ilə xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmuşdurlar, birgə nikahdan xx.xx.2018ci il təvəllüdlü X2 adlı bir uşaqlar var, sonradan cavabdehlə münasibətləri pozulmuş, Xətai rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaq öz himayəsində saxlanmış, onun saxlanması üçün cavabdehdən 160 manat aliment tutulması qət edilmişdir, hazırda cavabdehlə ayrı ünvanlarda yaşayırlar, hazırki vəziyyətdə müəyyən edilmiş alimentlə uşağı saxlamaq mümkün deyildir, öz atası müharibə veteranıdır, həmçinin uşaq müalicə alır, loqoped yanına gedir, təminat olmadıqda onun yaşayış səviyyəsi aşağı düşür, cavabdeh Laçın rayonunda, N saylı hərbi hissədə işləyir, aylıq gəliri, maaşı vardır, hazırda hərbi hissədən verilmiş arayışa əsasən, cavabdehin aylıq maaşı 1143,74 manat təşkil edir, alimentin cavabdehin əmək haqqının ¼ hissədə müəyyən edilməsini xahiş edir, həmçinin mediasiyada da, cavabdehin nə özü, nə nümayəndəsi iştirak etməmişdir, özü iştirak etmiş mediasiya prosesinə görə 50 manat ödəmişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 4 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 394065 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ seriyalı 340490 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 arasındakı nikaha xitam verilmişdir, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 517 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-4400/2019 saylı Qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, tərəflər arasında olan nikah pozulmuş, uşaq ananın yanında saxlanılmış, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 mart 2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 390389 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X10 arasında xx.xx.2020-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Nikahdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən Çıxarışdan görünür ki, Cavabdeh həyat yoldaşı X7, uşaqları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X4r. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən Çıxarışdan görünür ki, İddiaçı adına daşınar və daşımaz əmlak qeydə alınmamışdır, cari əmək müqaviləsi yoxdur. İş materiallarında olan MŞB/5-02652 saylı İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə 17 avqust 2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh 16 avqust 2022-ci il tarixli mediasiya sessiyasında iştirak etməmişdir, İddiaçı iştirak edərək 50 azn məbləğində xərci ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 888 Hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3186 №-li Arayışdan görünür ki, hərbi qulluqçu Cavabdeh N nömrəli hərbi hissədə işləyir, onun aylıq təminatı gəlir vergisi və DSMF-yə ayırmalar tutulduqdan sonra 1143,74 manat təşkil edir. Məzuniyyət pulu 445 manat, maddi yardım 537 manat, birdəfəlik pul mükafatı 1074 manat aylıq kirayə pulu 200 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X2 adlı bir uşaqları var, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)- 4400/2019 saylı Qətnaməsi ilə uşaq iddiaçının yanında saxlanmışdır, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında cavabdeh tərəfindən ödənilən hər ay 160 manat miqdarında aliment məbləği bu məqsədlə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır, cavabdeh yenidən nikaha daxil olmuşdur, həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü bir uşağı var, hazırda N nömrəli hərbi hissədə işləyir, müntəzəm gəliri (1143,74 manat) vardır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi nəzərə alınmaqla, alimentin cavabdehin aylıq əmək haqqı və digər gəlirlərinə uyğun məbləğdə tutulması mümkündür. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)- 4400/2019 saylı Qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin məbləğinin təyin olunması üsulunun dəyişdirilməsi məsələsini müzakirə edərkən, uşağın yaş həddini, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin hazırda işləməsini, onun aylıq müntəzəm qazancının olmasını, alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmasını nəzərə alaraq, ondan iddiaçı ilə birgə nikahından olan xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən, aliment verməyə borclu olan şəxs iş və ya yaşayış yerinin dəyişməsi haqqında, aliment yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də əlavə qazancı (əvəzçiliklə işlərinə görə və s.) haqqında həmin müddətdə icra məmuruna məlumat verməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-4400/2019 saylı Qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay onun qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə isə hesab edir ki, aliment alınması üzrə iddialarda iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarından və cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, artırılmış alimentin illik məcmusuna əsasən 30 manat dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh (nümayəndəsi) ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməməsinin üzürlü olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-4400/2019 saylı Qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay onun qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar