Məhkəmə qərarları › İş №2(011)-5752/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5752/2021

05.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5752/2021 05.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12900 AZN “Akay Avto” servisə sənəd əsasında ödənilən pul vəsaitini, 4500 manat əlavə çəkilən xərcləri, müqavilənin 6.6cı bəndində göstərilən 3500 manat müqabilində göstərdikləri cərimə məbləğini, məhkəməyə keçirilən 30 manat dövlət rüsumu ümumilikdə 20930 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-nin direktoru X1 tutularaq İddiaçı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı yaranmış mübahisə ilə əlaqədardır, müqavilənin 9.1-9.2-ci bəndlərinə uyğun olaraq tərəflər, bu müqavilədən irəli gələn bütün mübahisəli məsələləri danışıq yolu ilə və öz aralarında pretenziya irəli sürməsi qaydası ilə həll etməyi öhdəsinə götürmüş, razılıq əldə edilmədikdə isə mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılması barədə razılığa gəlmişlər. Lakin iddia ərizəsinə, müqavilənin tərəflər arasında razılaşdırımış 9.1-9.2-ci bəndlərinin yerinə yetirilməsini təsdiq edən sübutlar əlavə olunmamış, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına dair məlumat iddia ərizəsində göstərilməmiş, bu qaydaya əməl edilməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsində cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına dair məlumat göstərilmədiyindən və iddia ərizəsinə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməsi barədə sənəd əlavə edilmədiyindən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması da mümkün deyildir və buna görə də ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla belə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi ” barədə iddia tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar