Məhkəmə qərarları › İş №2(011)-5803/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5803/2021

17.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5803/2021 17.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh iddiaçının xeyrinə 07.05.2012-ci il təvəllüdlü X1 üçün tutulan aliment miqdarının artırılaraq hər ay 200 manat tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 4267/2017 saylı qətnaməsinə əsasən Cavabdeh iddiaçının xeyrinə 07.05.2012-ci il təvəllüdlü X1 üçün 154 manat aliment tutulmuşdur. Hesab edir ki, aliment miqdarının artırılmasına yenidən ehtiyac vardır. Belə ki, gündən-günə uşağının tələbatı artır və hazırda ərzaq və qeyri malların qiyməti də kəskin bahalaşır. Bu da iddiaçı üçün maddi yükdür. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazla məhkəmə müraciət edərək qeyd etmişdir ki, İddiaçı 2017-ci ildə 2 dəfə məhkəməyə müraciət edərək alimentin artırılmasını tələb etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011 )-7305/2017 nömrəli 27 iyul 2017-ci il tarixli qətnaməsi ilə 103 manat aliment artırılaraq 137 (yüz otuz yeddi) manat təyin olunmuşdur. Sonra İddiaçı yenidən alimentin artırılması üçün məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-4267/2017 saylı qətnaməsi ilə alimentin miqdarı yenidən artırılaraq 154 (yüz əlli dörd) manat təyin edilmişdir. Əvvəllər o Bakı şəhərində usta işləyirdi və yaxşı qazancı var idi. Ona görə də alimentin artırılmasına etiraz etməmişdir. İndi isə xəstədir, işləyə bilmir. Tikinti sahəsində 280 (iki yüz səksən) manata gözətçi işləyir. Rayonda yaşayır. Həmçinin, evlənmişdir, bir övladı var. O ailəsini güclə dolandırır. X5 təqaüdünün köməkliyi ilə 154 manat alimenti birtəhər ödəyir. Əgər onun maaşını 3 yerə bölsək, özünə və iki uşağına onda o əslində 93 (doxan üç) manat aliment ödəməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-253/2016 saylı 26 yanvar 2016-cı il tarixli qətnaməsi ilə onun qızı Gülbəyim ilə həftədə bir dəfə görüş verilmişdir. Amma o ayrılan gündən uşağı ilə görüşə bilməmişdir. O uşağının sifətini görməmişdir, tanımır. O 154 manat alimenti kimə ödəyir bilmir. Anası bu görüşə imkan vermir. Hər dəfə alimentin artırılması ərizəsini isə məhkəmə təmin edir. Ona üzünü görmədiyi kiməsə pul ödətdirirlər. Bakı Apellyasiya məhkəməsinin 2015-ci il qətnaməsi ilə İddiaçı qardaşına məxsus Zabrat qəsəbəsində yerləşən həyət evinə köçürülüb. Həmin vaxtdan Ceyran onu evə buraxmır və həmin evi 300 (üç yüz) manata kirayə verib. Altı ildir ki, 300 manatdan kirayə pulu alır. Bəs onu nəyə sərf edir? X8 Məcəlləsinin 78-ci maddəsinə əsaslanır. Onun qazancı qeyri-müntəzəm deyil. O 280 manat sabit maaş alır. O da kənd şəraitində az da olsa çatır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilən hallar nəzərə alınmaqla qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4267/2018 saylı 24.05.2018-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7305/2017 saylı 27.07.2017-ci il tarixli qətnaməsinə əsasən 07.05.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. AZ-İV seriyalı 062344 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X3 27.02.2018-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası isə X6r. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə yuxarıda qeyd edilən normativ hüquqi aktların normalarının tələblərini və iş üzrə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanılması üçün yetərli olmadığını, həmçinin cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş alimentin məbləği qismən artırılmalı, Cavabdeh 07.05.2012ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 165 manat məbləğində sabit pul şəklində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli 2(011)-4267/2018 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği artırılsın. 07.05.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bu qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmaqla, hər ay 165 (yüz altmış beş) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar