Məhkəmə qərarları › İş №2(011)-5821/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5821/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5821/2021 01.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 26.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3706,97 manat əsas borc, 50,71 manat faiz borcu, 35,5 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3793,18 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Nikoyl” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.11.2019cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi O.K.Məhərrəmov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 26.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC-dən illik 1 faizlə 60 ay müddətində 3706,97 manat kredit götürmüşdür, borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 04.06.2021-ci ilədək Cavabdeh1 banka 26.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3706,97 manat əsas borc, 50,71 manat faiz borcu, 35,5 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3793,18 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Müqavilə tərəfi "xxxx" İKB ASC olsa da, hazırda onun adı dəyişilərək Yelobank ASC olmuşdur. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında 26.11.2019cu il tarixli 6-MZ-1-0-2405-14 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə bank kredit alana 60 ay müddətinə, illik 1 % hesabı ilə 3706,97manat məbləğində kredit vermişdir. İş materiallarında olan Cavabdeh2 ilə "xxxx" İKB ASC arasında bağlanmış 26.11.2019-cu il tarixli 6-MZ-1-0-2405-14 saylı zaminlik müqaviləsindən görünür ki, zamin 26.11.2019-cu il tarixli 6-MZ-1-0-2405-14 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi Nikoyl İKB ASC tərəfindən ayrılmış vəsaitdir. İş materiallarında olan 6-MZ-1-0-2405-14 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, kreditin məbləği 3706,97 manat, illik faiz 1%, müddət 60 ay, güzəşt müddəti 12 ay təşkil edir. İş materiallarında olan 04.06.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 müqavilə üzrə 3706,97 manat əsas, 50,71 manat faiz, 35,5 manat cərimə borcu olmaqla, ümumilikdə 3793,18 manat borcu vardır. İş materiallarında olan 11.12.2014-cü il tarixli Kassa məxaric qəbzindən görünür ki, Cavabdeh1 8950 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 01.06.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən borclu Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq məktubu göndərilməklə onlardan borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 16.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 16.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.11.2019-cu il tarixli kredit müqaviləsi əsasında cavabdeh bankdan 60 ay müddətinə, illik faiz dərəcəsi 1% olmaqla, 3706,97 manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı qismində "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır, həmin müqavilə əsasında iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Cavabdehlərə borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir, "xxxx" İKB ASC hazırda Yelobank ASC adı altında fəaliyyət göstərir. Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 3706,97 manat əsas borc, 50,71 manat faiz borcu, 35,5 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3793,18 manat məbləğində kredit borcu alınaraq İddiaçı ASC-yə ödənilməli, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.11.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.11.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3706,97 manat əsas borc, 50,71 manat faiz borcu, 35,5 manat cərimə borcu olmaqla, ümumilikdə 3793 (üç min yeddi yüz doxsan üç) manat 18 (on səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar