Məhkəmə qərarları › İş №2(011)-585/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-585/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-585/2023 18.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı X1 700 (yeddi yüz) manat məbləğində borcun, həmin borcun cinayət mühakimə icraatı qaydasında tələbi zamanı vəkillərdən hüquqi yardım almaq üçün vəkillərə, mənəvi zərərə və sair xərclərə görə əlavə olaraq 500 manat xərclədiyi pulun alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2020-ci ilin dekabr ayında kommersiya işləri ilə əlaqədar tanış olmuşdur. Belə ki, Cavabdeh 2020-ci ilin dekabr ayında satıcı işlədiyi Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Sədərək" ticarət mərkəzində “Aristokrat“ adlı mağazada iddiaçının evinə qapı satmaq adı ilə aldadaraq 1.700 manat pulunu elə keçirmişdir. Sonradan 1000 manat pulunu şikayəti əsasında başlanılmış cinayət işinə məhkəmə baxışı zamanı ödəsə də bu günə kimi 700 manat pulunu ödəməkdən qərəzli: olaraq imtina edir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Bundan əlavə Cavabdeh pulunu dələduzluq yolu ilə ələ keçirməsi ilə əlaqədar Qaradağ rayon Məhkəməsi, Bakı Appelyasiya Məhkəməsi və Ali Məhkəmənin Cinayət İşləri üzrə Kollegiyasında cinayət təqibi üzrə icraat həyata keçirilərkən hüquqi yardım almaq üçün vəkillərə, mənəvi zərərə və sair xərclərə görə əlavə olaraq 500 rnanat xərci də çıxmışdır. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 1(002)-20/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmdən görünür ki, Nuriyeva X3 Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(1030-619/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X2 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 20/2022 saylı, 11 yanvar 2022-ci il tarixli hökmü zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azerbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, X2 Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 20/2022 saylı, 11 yanvar 2022-ci il tarixli hökmü zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında razılaşmaya əsasən Cavabdeh 1.700 manat müqabilində ev qapısını iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də, qapı iddiaçıya təhvil verilməmişdi. Cinayət prosesi gedişində 1000 manat məbləğində pul vəsaiti iddiaçıya qaytarılsa da qalan 700 manat məbləğində pul vəsaiti qaytarılmamışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh iddiaçı tərəfindən ona ödənilmiş 1700 manat məbləğində pulu almasına baxmayaraq 1 ədəd ev qapısını iddiaçıya təhvil verməyərək İddiaçı qarşı mülki hüquq pozuntusunu törətmiş və cavabdehin bu təqsirli hərəkətləri nəticəsində İddiaçı 700 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, iddia təmin edilməli, Cavabdeh 700 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın borcun cinayət mühakimə icraatı qaydasında tələbi zamanı vəkillərdən hüquqi yardım almaq üçün vəkillərə, mənəvi zərərə və sair xərclərə görə əlavə olaraq 500 manat xərclədiyi pulun alınıb iddiaçıya qaytarılması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə iddiaçının əmlakını ələ keçirməsi nəticəsində baş vermiş hüquq pozuntusuna görə iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı keçirtdiyi stress vəziyyəti ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən cinayət mühakimə icraatı zamanı vəkillərdən hüquqi yardım almaq üçün vəkillərə və sair xərclərə dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, iddia həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 700 manat və mənəvi zərərə görə 200 manat məbləğində pul vəsaiti ilə tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar