Məhkəmə qərarları › İş №2(011)-5853/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5853/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5853/2023 13.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Adın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı BOKT MMC Cavabdeh qarşı – cavabdehdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1.675,88 (bir min yüz altı yüz yetmiş beş manat səksən səkkiz qəpik) manat əsas, 409,53 (dörd yüz doqquz manat əlli üç qəpik) faiz, 740 (yeddi yüz qırx) manat dəbbə borcunun və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 2.855,81 (iki min səkkiz yüz əlli beş manat səksən bir qəpik) manat məbləğinin tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit ərizəsinə əsasən, “Borc verən” bu müqavilədə göstərilən pul məbləğini “Borcalan”a verməyi, ’’Borcalan” isə aldığı borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilən zamanda və qaydada “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə “Borcverən” 3 700 (üç min yeddi yüz) manat məbləğində pulu “Borcalana” 18 (on səkkiz) ay müddətinə müqavilə müddəti üzrə əvvəlcədən 36 % dərəcəsi ödənilməklə və gündəlik tələbat ehtiyaclarının ödənilməsi məqsədi üçün verir. İddiaçı BOKT MMC tərəfindən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklər tam yerinə yetirilmişdir. Lakin, “Borcalan” Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən etibarən kredit müqaviləsi ilə nəzərdə tutulmuş borc öhdəliyi tam yerinə yetirməmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlanaraq gecikdirilmiş borcun tez bir zamanda qaytarılması tələb olunsa da, o bundan imtina etmişdir. “Borcalan” Cavabdeh xx.xx.2023-ci il tarixə 1 675,88 (bir min altı yüz yetmiş səkkiz manat səksən səkkiz qəpik) manat əsas, 409,53 (dörd yüz doqquz manat əlli üç qəpik qəpik) manat faiz, 740 (yeddi yüz qırx) manat məbləğində ödənilməmiş dəbbə borcu qalmışdır. İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi X2 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə RBMNT-0660 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci maddəsinə əsasən kredit istehlak məqsədi ilə verilmişdir. Həmin müqavilənin 2.1.2-ci maddəsinə əsasən kreditin məbləği 3.700 (üç min yeddi yüz) manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 2.1.3-cü maddəsinə əsasən kredit 18 ay müddətinə verilmişdir. Həmin müqavilənin 2.1.5-ci maddəsinə əsasən kreditin faiz dərəcəsi 36 faiz müəyyən edilmişdir. Həmin müqavilənin 2.1.6-ci maddəsinə kreditin rəsmiləşdirilməsinə görə komisyon haqqı 161 manat müəyyən edilmişdir. Həmin müqavilənin 2.1.7-ci maddəsinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 42,38 müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci tarixli RBMNT-0660 saylı müqavilə üzrə ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. Həmin cədvəl üzrə xx.xx.2022xx.xx.2023-cü il dövrü ərzində cəmi 4.842,10 manat kredit ödənişinin (3.700 manat əsas məbləğ, 1.142,10 manat faiz məbləği) ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixinə 1.675,88 manat məbləğində əsas borcu, 409,53 manat faiz, 740 manat dəbbə borcu olmaqla cəmi 2.825,41 manat borcu vardır. İşin materiallarından görünür ki, "xxxx" MMC Cavabdeh borcunu ödəməsinə dair xəbərdarlıq göndərmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və kreditə hesablanmış faizləri və dəbbə pulunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında həmin kreditdən yaranan pul öhdəliklərini lazımi qaydada icra etməmişdir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2021-ci il tarixli müqaviləyə görə cərimənin 740 manat məbləğində deyil, 90 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1.675,88 (bir min altı yüz yetmiş beş manat səksən səkkiz qəpik) manat məbləğində əsas borc, 409,53 (dörd yüz doqquz manat əlli üç qəpik) faiz borcu, 90 (doxsan) manat cərimə borcu olmaqla, cəmi 2.175,41 (iki min yüz yetmiş beş manat qırx bir qəpik) manat borc məbləği və 30,40 (otuz manat qırx qəpik) dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar