Məhkəmə qərarları › İş №2(011)-587/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-587/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-587/2025 03.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı cavabdeh aralarında mübahisə yaranmamışdan bir müddət əvvəl tanış olmuşlar. Cavabdeh iddiaçıdan borc pul almışdır. İddaçı cavabdehin ondan 15000 manat pul aldığını, həmin pulun 5950 manat hissəsini qaytardığını bildirir.

2. İddiaçının şikayəti əsasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ tərəfindən araşdırma aparılarkən cavabdeh iddiaçıdan 10000 manat pul borc aldığını, həmin puldan 5950 manat qaytardığını, 4050 manat pulu isə xx.xx.2024-cü il tarixədək qaytaraçagını bildirmişdir. Bu faktlar Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin iddiaçıya göndərdiyi xx.xx.2024-cü tarixli məktubunda göstərilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı 9050 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, cavabdeh onun tanışı olmuşdur. Cavabdeh 2023-cü ilin noyabr ayında ondan xahiş etmişdir ki, ona 15.000 manat borca pul versin. Borcu istəməkdə məqsədini soruşanda isə cavabdeh ona bildirmişdir ki, onun çörək sexi bağlanır və istehsalı bərpa etmək üçün pul lazımdır. O, cavabdehin sözünə inandığına görə ona 15 000 manat borc vermişdir. Sonra ona məlum olmuşdur ki, cavabdeh onun etibarından sui istifadə edib və onu aldadıb. Aradan artıq 10 ay keçsə də, cavabdeh nəinki ona 9050 manat borcunu ödəyir, hətta telefon zənglərinə cavab belə vermir. Aralarında yaranan mübahisəyə görə Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə şikayət etmişdir. Cavabdeh Polis Şöbəsinə dəvət olunaraq izahatı alınmış və Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyatçısı, polis kapitanı Cəmil Rəsulova cavabdehin ona 15.000 deyil, 10.000 manat borcu olduğunu bildirərək həmin puldan 5.950 manat köçürmə vasitəsilə qaytardığını qalan 4.050 manatını isə xx.xx.2024-cü il tarixədək qaytaracağını bildirmişdir. Bakı şəhər Xətai RPİ-nin 34-cü PŞ-nin polis kapitanı Cəmil Rəsulov ona bildirdi ki, cavadbeh borcu olduğunu etiraf edir, amma ümumi qalan borcu 9.050 deyil, 4.050 manat olduğunu bildirir və bu məsələnin mülki münasibətlər zəminində baş verməsi öz əksini tapır, bu səbəbdən də pul tələbinə dair məhkəməyə müraciət etməlidir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməsə də, məhkəmə iş üzrə müşavirəyə çıxdıqdan sonra iddia müddətinin tətəbiqi barədə ərizə təqdim edərək, ərizədə bir tərəfdən iddianı qəbul etmədiyini, iddiaçıdan aldığı pulu artıqlaması ilə qaytardığını, digər tərəfdən isə mübahisəyə Mülki Məcəllənin 354.1-ci maddəsinin tətbiq edilməklə iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı, onun vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, cavabdeh ondan əvvəllər də pul almış və qaytarmışdır. Sonuncu dəfə ondan 15000 manatı çörək sexinin fəaliyyətinin davam etdirilməsi və orada işləyən işçilərin əmək haqqını vermək üçün almışdır. Cavabdeh ona bildirmişdir ki, ondan aldğı pulu qaytarmaqdan əlavə ona maddi xeyir də verəcəkdir.

7. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında bildirdi ki, cavabdeh iddiaçıdan 15000 manat deyil, 10000 manat pul almış, həmin puldan 4000 manat hissəsini iddiaçının kart hesabına köçüməklə, bir hissəsini isə nağd verdikdən sonra onun iddiaçıya 4050 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

8. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

9. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

10. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər

11. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

12. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

13. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

15. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

16. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

23. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

24. İddiaçı cavabdehə 15 000 manat borc pul verdiyini iddia edir. Məhkəmə hesab edir ki, bu halda birincisi, 15 000 manat məbləğində pulun borc məqsədilə cavabdehə verilib-verilməməsi, ikincisi borcun verilməsi sübuta yetirldiyi halda, borc müqaviləsinin etibarlı olub-olmaması akpektindən çıxış edərək mübahisəyə hüquqi qiymət verilməlidir.

25. Birinci aspektlə bağlı məhkəmə qeyd edir ki, borc müqaviləsinin anlayışı qeyd edilən MM-nin 739.1-ci maddəsinin mənasından da göründüyü kimi, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları mülkiyyət hüquqnun borcluya keçirilməsi borc müqaviləsinin bağlanmasının əsas şərtidir. Mülkiyyət hüquqnun keçirilməsi isə pulun və ya digər əvəz edilən əşyaların borc alana fiktiki olaraq, yaxud tərəflərin razılaşmasına uyğun formada verilməsi ilə mümkün ola bilər.

26. Hazırkı mübahisədə də, iddiaçı pulun cavabdehə nağd qaydada verilməsini bildirir. Məhkəmə hesab edir ki, bu halda 15 000 manat məbləğində pulun cavabdehə verilməsini iddiaçı sübut etməlidir. 15 000 manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən yazılı sübut iş materiallarına əlavə edilməmişdir. Lakin cavabdeh Xətai RPİ-də verdiyi izahatında iddiaçıdan 15 000 deyil, 10 000 manat məbləğində pul aldığını, həmin puldan 5050 manat hissəsini qaytardığını, 4050 manat hissəsini isə xx.xx.2024-cü il tarixədək qaytaracağını bildirmişdir (Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin xx.xx.2024-cü il tarixdə iddiaçıya ünvanlandığı məktubu). İddiaçı isə qalan 5000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü dəlilinin təsdiqi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, şərh edilənllərdən də göründüyü kimi, iddiaçının cavabdehə borc məqsədi ilə yalnız 10 000 manat verməsi iş materialları ilə təsdiq edilir.

27. 15 000 manat məbləğində pulun verilməsi ilə bağlı müqavilənin etibarlılıq (qanuna uyğun bağlanıb-bağlanmaması) məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, yuxarıda göstərilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmasıdır. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.

28. Əqdin yazılı formasına əməl edilməmə o halda etibarsızlığa səbəb olur ki, belə forma tələbi ya qanunda, ya da tərəflərin özlərinin razılaşmasında nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 740-cı maddəsində də borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun subyektlərin tərkibi ilə şərtləndirilmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

29. İşin şərh edilən hallarıdan da göründüyü kimi, 10 000 manat məbləğində pul borc məqsədilə cavabdehə verilmişdir. Başqa sözlə, 10 000 manat məbləğində pulun cavabdehə borc verilməsi faktı baş vermişdir. Lakin Mülki Məcəllənin 740-cı maddəsinin məzmunundan da göründyü kimi, borcun məbləği 3000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunla müəyyən edilmiş yazılı formaya əməl edilməməsi nəticəsində 10 000 manat məbləğində pulun verilməsi faktını özündə əks etdirən hüquqi nəticə baş vermişdir. Lakin bu hüquqi nəticənin etibarlı borc müqavələsi statusuna gətirən qanuni əsas, yəni yazılı borc müqaviləsinin bağlanmaması qeyd edilən hüquqi nəticəni etibarsız etmişdir. Məcburi forması göstərildiyi halda, müqavilənin həmin formada bağlanmamasının onun etirbasız əqd olması ilə nəticələnməsi isə qanunun imperativ tələbidir. Belə ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

30. Mülki Məcəllənin 337.1-ci maddəsində əhəmiyyətsiz və mübahisələndirilən olmaqla əqdlərin iki növü göstərilmişdir. Aralarındakı əsas fərq isə ondan ibarətdir ki, mübahisələndirilən əqdlər bağlandıqdan sonra onlar barəsində mübahisə irəli sürülənə qədər etibarlı görünsələr də, əhəmiyyətsiz əqdlər bağlandıqları andan etibarsız olur və elə ilk andan heç bir hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmur. İddiaçı tərəfindən verilmiş pula dair müqavilə də əhəmiyyətsiz əqddir, tərəflər arasında həmin müqavilənin yazılı forma tələbinə əməl edilməmişdir.

31. Lakin məhkəmə qeyd edir ki, borc müqaviləsinin qanunla müəyən edilmiş forma və məzmununa riayət edilməməsi onun predmeti olan pulun qaytarılmamasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə əldə edilənlərin qaytarılmasının hüquqi əsasları nəzərdə tutulmuşdur.

32. Əhəmiyyətsiz əqdlər üzrə əldə edilənlərin geri qaytarılması ilə bağlı AR Konstutusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarındakı hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.... Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

33. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə hazırkı mübahisə üzrə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə verdiyi 10 000 manat məbləğində pul vəsaitinə münasibətdə cavabdeh heç bir hüquqi əsas olmadan varlanmışdır. Pulun verilməsinin hüquqi əsas yaratmaması ilə bağlı əsaslar isə yuxarıda ətraflı şərh edilmişdir. Odur ki, cavabdeh etibarsız əqdin nəticələrinə uyğun olaraq iddiaçıdan aldığı pulu qaytarmağa borcludur.

34. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həm köçürmə, həm də nağd qaydada olmaqla, cəmi 5959 manat məbləğində pul iddiaçıya qaytarılmışdır. İddiaçı özü həmin mələğdə pulun ona qaytarılmasını qəbul etmişdir. Məhkəmə qeyd edir ki, bu halın iddiaçı tərəfindən etiraf edilməsi artıq cavabdehi 5950 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarması ilə bağlı faktı sübutetmək vəzifəsindən azad edir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmçinin, cavabdeh iddiaçıya borcunun olmamasını sonradan bildirsə də (halbu ki, cavabdeh polis orqanında qalan 4050 manat borcu xx.xx.2024-cü il tarixədək iddiaçıya qaytaracağını bildirmiş, habelə məhkəmə iclasında onun nümayəndəsi də cavabdehin 4050 manat borcunun qaldığını bildirmişdir), o da bu dəlilini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.

35. Məhkəmə cavabdeh tərəfin mübahisəyə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə dəlili ilə bağlı qeyd edir ki, iddiaçı qanula müəyyən edilmiş iddia müddəti çərçivəsində məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı pulun 2023-cü ilin noyabrında verilmiş, iddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş “eManat” ödəniş terminalı vasitəsi ilə 4000 manat ödənişlə bağlı qəbzdən görünür ki, həmin vəsait iddiaçının kart hesabına xx.xx.2024-cü il tarixdə köçürülmüşdür. Həmin qəbzi isə elektron qaydada iş materiallarına cavabdehin nümayəndəsi (vəkili) əlavə etmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsində isə deyilir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 4050 manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun 61 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar