Məhkəmə qərarları › İş №2(011)-588/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-588/2025

13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-588/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı – Hundai Accent markalı, **-ZC-*** dövlət qeydiyat nişanlı avtomaşına qabaq sağ hissədən yetirilmiş 3553 manat zərərin və evakuasiya vasitəsilə Hundai Accent markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomaşının aparılmasına ödənilmiş 30 manat xidmət haqqının, zərərin qiymətləndirməsi barədə "xxxx" MMC-yə ödənilmiş 30 manat xidmət haqqının ümumilikdə və Toyota Prius (Hibrid) minik markalı, **-KU-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edən cavabdeh- Cavabdeh yetirdiyi zərərə görə 3613 (üç min altı yüz on üç) manat maddi zərərin və 56 manat dövlət rüsumunun birdəfəlik tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Hundai Accent markalı, **-ZC-*** dövlət qeydiyat nişanlı avtomobili Bakı şəhər, Xətai rayon, M.Hadi küçəsi Ukrayna dairəsində idarə etdiyi zaman **-ZC-*** Toyota Prius (Hibrid) minik markalı, **-KU-*** dövlət qeydiyat nişanlı avtomobil tərəfdən sağ qabaq küncdən vurmaqla onun avtomobilinə ziyan yetirmişdir. X1 (Hibrid) minik markalı, **-KU-*** dövlət qeydiyat nişanlı avtomobilin sığortası olmadığı üçün ona dəymiş ziyan sığorta tərəfindən ödənilməmişdir. Hazırda ona məlum olmuşdur ki, Toyota Prius (Hibrid) minik markalı, **-KU-*** dövlət qeydiyat nişanlı avtomibilin mülkiyyətçisi Elvin Kamalovdur telefon: ***-***-**-** olsa da, özü barədə məlumat verməkdən yayınmışdır. Eyni zamanda etibarnamə ilə onun hüquqlarınından istifadə edib Prius (Hibrid) minik markalı, **-KU-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edən və hadisəni törədən Cavabdehdur. Onun avtomobilinə dəymiş zərərlə əlaqədar "xxxx" MMC olmuşdur və avtomobilinə dəymiş ziyan 3553 manat civarında müəyyən edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, ekspertiza rəyi ilə tanış olmuşdur. Avtomobil onun mükiyyətindədir. Ziyanın iddiaçılardan hansına ödənilməsinin fərqi yoxdur. Avtomobil hələ ki tam düzəlməyib. Sığorta ödəniş etməyib. Avtomobilin tam şəkildə düzəldilməsi üçün ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, keçən məhkəmə iclasında cavabdehdən ekspertiza tədqiqatının aparılmasına etirazı olub-olmadığı soruşulmuş və o, etiraz etməmişdir. Hazırda isə ekspert rəyində qeyd olunan məbləğlə razı olmadığını bildirir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, qəza günü saat 2-də sığortası bitmişdir, maşını isə saat 5-də vurmuşdur. Sığorta ilə əlaqə saxlayanda ona sığorta müddəti bitdiyindən xərcin qarşılanmayacağı deyilmişdir. Qarşı tərəfə qəza baş verən günlərdə maşının təmiri ilə bağlı hərəkətlər etmişdir. Hazırkı ekspert rəyi ilə razı deyil, məbləğ çoxdur. İddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Yol hərəkət qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmın edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXP-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 007842 saylı, xx.xx.2024-cü il tarixli qaimədən görünür ki, “Hyundaı Accent” markalı, 90ZC201 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələri və əməkhaqqı məbləği ümumilikdə 3553 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli, 543428 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, 30 manat ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8133/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizaları təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9122 nömrəli ekspertiza rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai Solaris” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2570 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti- 1840 manat; təmir-bərpa işlərinin qiyməti- 730 manat müəyyən edilmişdir. AC № 502201 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, qara metallik rəngli, 90ZC201 dövlət qeydiyyat nişanlı “Hyundaı Solaris” minik markalı nəqliyyat vasitəsi İddiaçı2 mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli, nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, İddiaçı2 etibarnamə üzrə İddiaçı1 “Hyundaı Solaris” minik markalı, 90ZC201 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmə səlahiyyətini vermişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu şəkildə qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, “Hyundai Solaris” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər cavabdeh tərəfindən idarə edildiyi zaman, həm də cavabdehin səhvi ucbatından vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən iddiaçının avtmobilinə dəymiş ziyan cavabdehdən alınaraq İddiaçı2 ödənilməlidir. Lakin məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 avtomobilinə ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8133/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizaları təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9122 nömrəli ekspertiza rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai Solaris” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2570 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti- 1840 manat; təmir-bərpa işlərinin qiyməti- 730 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən vurulan zərərin əvəzi iddiaçılardan yalnız İddiaçı2 ödənilməli, belə ki, “Hyundai Solaris” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı2dir. İddiaçı1 münasibətdə isə iddia əsassız olduğundan təmin edilməməlidir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Odur ki, iddia qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 2570 manat, evakuasiya xidmətinin əvəzi olaraq 30 manat və "xxxx" MMC-yə zərərin qiymətləndirilməsi üçün ödənilmiş 30 manat, ümumilikdə 2630 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı2 ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Mülki işdən görünür ki, iddia iki ayrı şəxs tərəfindən qaldırılmış, iddia tələbləri yalnız bir iddiaçıya aid hissədə təmin edilmiş, lakin işə baxılması üçün ödənilmiş dövlət rüsumu digər iddiaçı tərəfindən ödənilmişdir. Odur ki, iddia tələbi dövlət rüsumunun əvəzini ödəmiş iddiaçıya münasibətdə təmin edilmədiyindən məhkəmə, rüsumun cavabdehdən tutulmasını əsassız sayır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 2570 (iki min beş yüz yetmiş) manat, evakuasiya xidmətinin əvəzi olaraq 30 (otuz) manat, "xxxx" MMC-yə zərərin qiymətləndirilməsi üçün ödənilmiş 30 (otuz) manat olmaqla, ümumilikdə 2630 (iki min altı yüz otuz) manat pul tutularaq İddiaçı2 ödənilsin. Ekspert tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar