Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5881/2024 22.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24.359,16 manat məbləğində əsas borc, 17.277,84 manat məbləğində faiz borcu və hesablanmış 1.232,72 manat məbləğində cərimə olmaqla, cəmi 42.869,72 manat məbləğinin və ödənilmiş dövlət rüsumunun 19.80 manat məbləğinin girov qoyulmuş “Nissan Maxima” markalı avtomobilin açıq hərracdan satışından əldə olunmuş məbləğin tutulmasına, əgər girov qoyulmuş əşyanın satışından əldə olunan məbləğ tələbin ödənilməsi üçün yetərli olmazsa, və ya avtomobilin tapılması mümkün olmazsa həmin məbləğ onun digər əmlakına yonəldilib tutulmasına və İddiaçı ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 25 dekabr 2007-ci il tarixli 3137 saylı Kredit müqaviləsinə əsasən cavabden Cavabdeh İddiaçı ASC-dən 5 il müddətində qaytarılmaq üzrə illik 24% dərəcəsi ilə 24.470 manat məbləğində kredit almışdır. Verilmiş kreditin təminatı olaraq cavabdehə məxsus olan kuzov № 210875, mühərrik 616637, gümüşü metal rəngli, “Nissan Maxima” markalı avtomobil tərəflər arasında 25 dekabr 2007-ci ildə bağlanmış İpoteka Müqaviləsinə əsasən İddiaçı ASC-yə ipoteka (girov) qoyulmuşdur. Həmçinin ipoteka müqaviləsi dövlət qeydiyyat orqanında qeydiyata alınmış və bu barədə qeyd avtomobilin qeydiyyat şəhadətnaməsinə də işlənmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh kreditin geri ödənişini müqavilənin bağlandığı tarixdən 25 yanvar 2008-ci il tarixinə qədər həyata keçirmiş, 25 yanvar 2008-ci il tarixindən bu günə qədər müqavilədən irəli gələn öhdəliləri yerinə yetirmir. Hazırda cavabdehin İddiaçı ASC-yə 24.359.16 manat məbləğində əsas borc, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən 17.277,84 manat məbləğində faiz borcu və müqavilənin 5.2.-ci bəndinə əsasən 1.232,72 manat məbləğində cərimə olmaqla, cəmi 42.869,72 manat məbləğində borcu qalmışdır. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehə dəfələrlə şifahi, 03 aprel 2008-ci il tarixində isə yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahat verərək iddiaçının nümayəndəsinin iştirakı olamdan işə baxılmasını və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 25 dekabr 2007ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə bank cavabdehə qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin qaytarılması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2008-ci il tarixli, 2(011)-1659/2008 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 24.359,16 məbləğində əsas borc, 17.277,84 manat məbləğində faiz borcu və hesablanmış 1.232,72 manat məbləğində cərimə olmaqla, cəmi 42.869,72 manat məbləğin və ödənilmiş dövlət rüsumunun 19,80 manat məbləğin girov qoyulmuş “Nissan Maxima” markalı avtomobilin açıq hərracdan satışından əldə olunmuş məbləğin İddiaçı ASC-nin xeyrinə tutulması, girov qoyulmuş əşyanın satışından əldə olunmuş məbləğin tutulmasına, girov qoyulmuş əşyanın satışından əldə olunan məbləğ tələbin ödənilməsi üçün yetərli olmazsa və ya avtomobilin tapılması mümkün olmazsa, həmin məbləğin Cavabdeh digər əmlakına yönəldilib İddiaçı ASC-nin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə müvafiq olaraq icra şöbəsinə yönəldilmişdir. Tələbkar borclu ilə aralarında barışıq sazişinin bağlandığını bildirərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmiş, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 21 avqust 2010-cu il tarixli qərarı ilə icra vərəqi məhkəməyə qaytarılmışdır. Eyni zamanda iddiaçı, X1 ünvanladığı məktubda da cavabdehə məxsus avtomobilin girovdan azad edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(011)-5881/2024 saylı qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş, qiyabi qətnamə ləğv edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Mülki iş materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2008-ci il tarixli, 2(011)-1659/2008 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 24.359,16 məbləğində əsas borc, 17.277,84 manat məbləğində faiz borcu və hesablanmış 1.232,72 manat məbləğində cərimə olmaqla, cəmi 42.869,72 manat məbləğin və ödənilmiş dövlət rüsumunun 19,80 manat məbləğin girov qoyulmuş “Nissan Maxima” markalı avtomobilin açıq hərracdan satışından əldə olunmuş məbləğin İddiaçı ASC-nin xeyrinə tutulması, girov qoyulmuş əşyanın satışından əldə olunmuş məbləğin tutulmasına, girov qoyulmuş əşyanın satışından əldə olunan məbləğ tələbin ödənilməsi üçün yetərli olmazsa və ya avtomobilin tapılması mümkün olmazsa, həmin məbləğin Cavabdeh digər əmlakına yönəldilib İddiaçı ASC-nin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı iş materialları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında mübahisənin həlli məqsədilə barışıq sazişi bağlanmış, bu səbəbdən iddiaçı icra şöbəsinə müraciət edərək icra vərəqinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Göründüyü kimi hazırda kredit müqaviləsinə dair tərəflər arasında hər hansı mübahisə mövcud deyildir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 19.80 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı - cavabdehdən 24.359,16 manat məbləğində əsas borc, 17.277,84 manat məbləğində faiz borcu və hesablanmış 1.232,72 manat məbləğində cərimə olmaqla, cəmi 42.869,72 manat məbləğinin və ödənilmiş dövlət rüsumunun 19.80 manat məbləğinin girov qoyulmuş “Nissan Maxima” markalı avtomobilin açıq hərracdan satışından əldə olunmuş məbləğin tutulmasına, əgər girov qoyulmuş əşyanın satışından əldə olunan məbləğ tələbin ödənilməsi üçün yetərli olmazsa, və ya avtomobilin tapılması mümkün olmazsa həmin məbləğ onun digər əmlakına yonəldilib tutulmasına və İddiaçı ASC-nin hesabına köçürülməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 19.80 (on doqquz manat səksən qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5881/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5881/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver