Məhkəmə qərarları › İş №2(011)-5894/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5894/2024

06.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5894/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “istifadə hüququnun tanınması” barədə iddialarına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsində (əvvəlki Həzi Aslanov qəsəbəsi, 5-ci Dairəvi küçəsi) yerləşən 74 saylı evin 24,4 kv.m-dən ibarət 2 otaqlı, 2 saylı mənzili (bundan sonra – Mənzil) Yasamal rayon X5 tərəfindən xx.xx.1997-ci il tarixli, 030683 nömrəli order əsasında İddiaçı1 verilmişdir. Orderdə İddiaçı1 ailə üzvləri - Cavabdeh, İddiaçı3, İddiaçı2, Nüşabə Əliyeva və Südabə Əliyeva göstərilmişdir.

2. İddiaçılar, habelə Nüşabə Əliyeva xx.xx.2009-cu il tarixli ərizə verərək Mənzilin cavabdehin adına özəlləşdirilməsinə razılıq vermişlər. İddiaçının Mənzilə dair müəlkiyyət hüququ xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmaqla bu barədə ona ******* nömrəli Çıxarış verilmişdir (bu Çıxarışda Mənzilin 0,0212 ha torpaq sahəsində, 1 mərtəbəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində yerləşməklə, ümumi sahəsinin 42 kv.m, yaşayış sahəsinin isə 24,4 kv.m. olması qeyd edilmişdir).

3. Həmçinin, Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsində (əvvəlki Həzi Aslanov qəsəbəsi, 5-ci Dairəvi küçəsi) yerləşən, 74 saylı, 1 mətəbəli evin 1-ci mərtəbəsində, 15,1 kv.m-dən ibarət 1 otaqlı 2 saylı mənzil (bu mənzil xx.xx.1970-ci il tarixdə Azərbaycan SSR İcraiyyə Komitəsinin Bakı şəhəri XDS tərəfindən Mixaylova (Doroş) Lyubov Vasilyevnaya verilmiş və sonuncunun mülkiyyət hüququ Bakı şəhəri Texniki İnventarlaşdırma və MHQ İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə dövlət qeydiyytaına alınmışdır) X6 və İddiaçı1 arasında bağlanmış xx.xx.1997-ci il tarixli, 014014 saylı müqavilə əsasında İddiaçı1 satılmış və sonuncunun həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.1997-ci il tarixdə qeydiyyatdan keçmişdir (AR İİN yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakə Ərazi Dairəsinin xx.xx.2024-cü il tarixli məktubu).

4. Daha sonra, İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 15,1 kv.m-dən ibarət 1 otaqlı mənzili xx.xx.2023-cü il tarixli müqavilə ilə İddiaçı2 bağışlamış, sonuncunun həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı2 tərəfindən isə bu mənzil xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi əsasında İddiaçı4 bağışlanmış və hazırda sonuncunun mülkiyyətindədir (AR İİN yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakə Ərazi Dairəsinin xx.xx.2024-cü il tarixli məktubu).

5. Bundan başqa, tərəflərə X2 (Əliyefa Şabikənin əri, digər tərəflərin atası – xx.xx.2020-ci il tarixdə ölmüşdür) vərəsəlik yolu ilə iki daşınmaz əmlak – ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 63,32 kv.m.-dən ibarət 4 otaqlı, 72 saylı mənzil (bu mənzil xx.xx.1982-ci il tarixli, 208743 saylı order əsasında Siyasət Əliyevə verilmiş, sonrardan adına özəlləşdirilərək onun mülkiyyət hüququ xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır) və Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, “A” sektoru, 4 saylı bağ sahəsi keşmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətnamələrə əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 32 saylı evin 72 saylı mənzilinin 1/7 hissəsi cavabdehin (mülkiyyət hüququ xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır), Nüşabə, Aynurə, Şabikə və Südabə Əliyevaların öz mras paylarını xx.xx.2021-ci il tarixli müqavilə ilə bağışlamaları nəticəsində 6/7 hissəsi İddiaçı4 (mülkiyyət hüququ xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır) paylı mülkiyyətlərinə, cavabdehin öz payını (1/7 hissə) xx.xx.2023-cü il tarixli müqavilə əsasında İddiaçı4 bağışlaması ilə isə sonuncunun tam mülkiyyətinə keçmişdir. Bu sözügedən mənzil İddiaçı4 tərəfindən xx.xx.2023-cü il tarixdə özgəninkiləşdirilmişdir.

6. Həmçinin də, vərəsəlik yolu ilə keçmiş Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, “A” sektoru, 4 saylı bağ sahəsinin 1/7 hissəsi cavabdehin, Nüşabə, Aynurə, Şabikə və Südabə Əliyevaların öz mras paylarını xx.xx.2021-ci il tarixli müqavilə ilə bağışlamaları nəticəsində 6/7 hissəsi İddiaçı4 mülkiyyətinə keçmiş, sonuncunun mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə, cavabdehin mülkiyyət hüququ isə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

7. Hazırda İddiaçı4 mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, “A” sektoru, 4 saylı bağ sahəsinin 6/7 hissəsi və Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 1/10 saylı evin 17 saylı mənzili (xx.xx.2024-cü il tarixdə qeydiyyatdan keçmişdir) vardır. İddiaçı3 satıcı - İddiaçı4, alıcı - özü (ipoteka qoyan) və "xxxx" ASC (ipoteka saxlayan) ilə xx.xx.2024-cü il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Yavər Əliyev küçəsi, 1A saylı evin yaşayış sahəsi 74,7 kv.m., ümumi sahəsi 143,8 kv.m. olan 54 saylı mənzili əldə etmişdir. Bu mənzilin 45000 İddiaçı3 tərəfindən, 100000 manat hissəsi isə alınmış kredit hesabına ödənilmişdir. İddiaçı3 hazırda həmin mnzilə dair mülkiyyət hüququ qeydiyyatdan keçməmişdir. Həmçinin, İddiaçı2 alış qiməti 138183,80 manat, aylıq kirayə haqqı 460,96 manat, kirayə müddəti isə 300 ay olan Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsi, 11, M12, 107 saylı saylı mənzilə dair xx.xx.2024-cü il tarixdə kirayə müqaviləsi bağlamışdır.

8. Hazırda iddiaçılar ünvan 3 ünvanında pasport qeydiyyatındadırlar.

9. İşin qeyd edilən faktiki hallarından başqa, tərəflər arasında həm də bir neçə məhkəmə mübahisəsi olmuşdur: 9.1. Cavabdehin iddiaçılar İddiaçı1 və İddiaçı4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-332/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi rədd edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-178/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmiş və İddiaçı1 ilə İddiaçı4 Mənzildən məcburi qaydada çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi cavabdehin həmin iddiasını təmin edərkən ona əsaslanmışdır ki, İddiaçı1 adına xx.xx.1997-ci il tarixdə ünvan 3; İddiaçı4 adına isə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Zığ yolu küçəsi ev 32, 72 saylı mənzilin 6/7 hissəsi və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi “A” sektoru, 4 saylı bağ sahəsinin 6/7 hissəsi qeydiyyatdan keçmişdir və mülkiyyətindədir; 9.2. Bakı İnzibati məhkəməsinin 2-1(112)-1327/23 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı (Cavabdeh 3-cü şəxs) çıxarışın etibarsız hesab olunmasına dair iddia tələbi rədd olunmuş, həmin qərar qanuni qüvvəsini almışdır; 9.3. Həmçinin, Bakı İnzibati məhkəməsinin 2-1(112)-10023/23 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (Cavabdeh 3-cü şəxs) “qeydiyyata alınma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, həmin qərar qanuni qüvvəsini almışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

10. İddiaçılar ünvan 4 ünvanına dair istifadə hüquqlarının tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. İddiaçılar yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişlər ki, Fərdi yaşayış evi onların və cavabdehin adına özəlləşdirilmişdir. Mənzil orderə əsasən ailə dgər üzvlərinin adma olmuş, mənzilin özəlləşdirilməsi ilə əlaqədar bütün ailə üzvləri razılıq vermişdir. Mənzil cavabdehin adına olsa da və onun adma özəlləşdirilsə də, onlar həmin mənzilin onun adına özəlləşdirilməsinə razılıq vermişlər. Mənzil alındığı tarixdən hal-hazıra kimi onlar qeyd olunan mənzildə yaşamış və hal-hazırda yaşamaqda davam edirlər. Mənzilə istifadə hüquqları yaranmışdır. Mənzil əvvəllər giriş-çıxışı ayrı olsa da, sonradan Siyasət Əliyev tərəfindən sökülmüş və aralar açılmış, bir mənzil kimi inşa olunmuşdur. Hal-hazırda həmin mənzilin tək bir giriş, həmçinin bir mətbəxi olmaqla otaqların bir-birindən ayrılması və naturada bölgüsü mümkün deyildir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

12. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

13. İddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə iclasında iştirak edən cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən, məhkəmə iddiaçıların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir.

14. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, o, hal-hazırda iddiaçılarla birlikdə yaşamır. İddiaçı3 evlidir, evi də var. İddiaçı2 isə evlənəndən sonra 5-6 il əri ilə birlikdə yaşamış, sonra isə boşanmışdır, hazırda harada yaşadığını bilmir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

17. Maddə 53, 1-ci hissə. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

18. Maddə 53, 3-cü hissə. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

19. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.

20. Maddə 87, 2-ci hissə. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

25. Məhkəmə cavabdehin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

26. Məhkəmə əvvəlcə qeyd edir ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)- 5894/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı4 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair hissədə mülki işin icraatına xitam verilmişdir. Odur ki, qətnamə üzrə yalnız cavabdehlər Aynurə və İddiaçı2ların (bundan sonra birlikdə - iddiaçılar) iddialarına hüquqi qiymət veriləcəkdir.

27. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

28. İşin mübahisəsiz halıdır ki, Mənzil Yasamal rayon X3 xx.xx.1997-ci il tarixli, 030683 nömrəli orderi əsasında İddiaçı1 verilmiş, sonradan həm onun, həm də digər ailə üzvlərinin razılığı ilə cavabdehin adına özəlləşdirilməklə, sonuncunun mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Orderdə İddiaçı1 ailə üzvləri - Cavabdeh, İddiaçı3, İddiaçı2, Nüşabə Əliyeva və Südabə Əliyevanın adı qeyd edilmişdir. Bu, iddiaçıların istifadə hüquqları ilə bağlı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Keçmiş Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

29. Məhkəmə qeyd edir ki, iddiaçılar Mənzilin birinci sahibi olmuş İddiaçı1 övladları olduğundan, habelə onların da adları Mənzilə dair İddiaçı1 verilmiş orderdə qeyd edildiyindən, Keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinin məzmunu baxımından, istifadə hüquqları yaranmışdır.

30. Lakin məhkəmə hesab edir ki, iddiaçılar Mənzilə istifadə hüquqlarının tanınmasını tələb etməkdə haqlı deyillər. Belə ki, yuxarıda qeyd edilən ı müddəaların mənasından da göründüyü kimi, mülkiyyət hüququ ən üstün qorunan və dövlət tərəfindən tanınan ən üstün hüquqlardan biridir. Mülkiyyət hüququ şəxsin əmlakı barəsində istədiyi kimi hərəkət etmək - maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Bu hüquq və səlahiyyət daxilində mülkiyyətçi, başqalarının hüquqlarını və mənefelərini pozmadan, əmlakına maneəsiz sahiblik edə, əmlakın təyinatına uyğun olaraq öz tələbatlarının təmin olunması üçün əmlakdan istədiyi kimi istifadə edə, öz iradəsi ilə əmlakın hüquqi müqəddəratını müəyyən edə (onu satmaq, bağışlamaq və s. hərəkətlər etmək) bilər. Qanunla müəyyən edilmiş istisnalardan başqa, hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi isə yalnız mülkiyyətçinin razılığı və iradəsi ilə mümkün ola bilər. Bununla yanaşı, qanunvericilik mülkiyyət hüququ ilə yanaşı istfiadə hüququnu da əşya hüququ kimi qoruyur. Məsələn, Mülki Məcəllənin 158.1.2-ci maddəsində göstərilir ki, istifadə hüququ əmlak hüququ sayılır. Onu da qeyd etmək lazımdır ki, istifadə hüququ mütləq hüquq deyil və qanunvericilik mülkiyyət hüquqlarının mütləq hüquq kimi qorunmasını təmin etmək üçün bəzi hallarda bu hüquqa kompensasiya verilməsi yolu ilə xitam verilməsinin əsaslarını da müəyyən etmişdir.

31. Bu baxımdan, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il Qərarında qeyd edilir ki, ....Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

32. Konstitusiya Məhkəməsinin qeyd edilən hüquqi mövqeyində iki yanaşma əks olunmuşdur ki, bunlardan birincisi mülkiyyət hüququnın təminatına yönəlsə də, ikncisi kompensasiya verilməsini nəzərdə tutmaqla, istifadə hüququnun qorunmasını da müəyyən mənada tənzimləmiş olur. Lakin sözügedən Qərardan da görünür ki, burada istifadə hüququna xitam verilməsinin əsasında dayanan tənzimləmə üsulu daimi və mülkiyyətçini ağır maddi yük altında saxlamaq yox, müəyyən şərtlərlə onun hesabına pul kompensasiyası vermək yolu ilə istifadəçinin müəyyən müddət daxilində özünə başqa yaşayış yerində yaşamaq imkanı vermək məqsədi daşıyır. Ona görə də, Konstutusiya Məhkəməsi Qərarında xüsusilə vurğulayır ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir”. Konstitusiya Məhkəməsinin həmin Qərarındakı “müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı” ifadəsi isə kompensasiyanın o halda verilməsini nəzərdə tutur ki, istifadə hüququ olan şəxsin buna eytiyacı olsun, başqa yaşayış yeri, yaxud özünü yaşayış yeri ilə təmin etmək üçün digər maddi imkanlara malik olmasın.

33. Lakin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıların bu şərtlər şərçivəsində belə bir yaşayış sahələrinə ehtiyacları olmamışdır. İşdə olan sübutlar əsasında müəyyən edilir ki, atalarından vərəsəlik qaydasında iddiaçıların mülkiyyətinə həm Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 32 saylı evin 72 saylı mənzilinin 1/7 hissəsi, həm də Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, “A” sektoru, 4 saylı bağ sahəsinin 1/7 hissəsi keçmiş, lakin onlar xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsi əsasında hər iki əmlakda olan öz miras paylarını bacıları İddiaçı4 bağışlamışlar. Eləcə də, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 15,1 kv.mdən ibarət 1 otaqlı mənzili xx.xx.2023-cü il tarixdə İddiaçı1 İddiaçı2 baışlasa da, sonuncu həmin mənzili xx.xx.2023-cü il tarixdə İddiaçı4 bağışlamışdi. Bununla da, iddiaçılar hər hansı yaşayış sahəsinə eytiyaclarının olmamasını açıq-aşkar nümayiş etdirmişlər.

34. Bundan başqa, məhkəmə İddiaçı3 iddiasına münasibətdə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, mülkiyyət hüququ qeydiyyata alınmasa da, o, xx.xx.2024-cü il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqaviləsi əsasında (satıcı- İddiaçı4, ipoteka saxlayan-"xxxx" ASC) Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Yavər Əliyev küçəsi, 1A saylı evin 54 saylı mənzilini almışdır. Həmin mənzilin 45000 manat hissəsi isə İddiaçı3 özü tərəfindən ödənilmişdir. Həmçinin, işdə olan sübutlardan görünür ki, Aynurə X1 ilə nikaha daxil olmuş, həmin nikahdan iki övladları doğulmuşdur. İddiaçı3 əri Ramiq İsmayılovun isə yaşayış yeri ünvan 5 ünvanıdır. Göründüyü kimi, İddiaçı3 nikaha daxil olaraq Mənzili daimi olaraq tərk etmişdir. Onun bu qaydada Mənzili tərk etməsi isə Keçmiş Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə görə istifadə hüququnun itirilməsi ilə nəticələnmişdir. Həmin müddəanın mənasına görə icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda onlarınn istifadə hüququları yalnız 6 ay saxlanılır, həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə isə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli Qərarında da göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı3 Mənzildən getməsi onun ailə həyatı quraraq başqa yaşayış sahəsinə köçməsi ilə bağlı olmuşdur. Odur ki, bu əsasla da İddiaçı3 Mənzilə istifadə hüququnun tanınması barədə iddiası təmin edilə bilməz.

35. Digər İddiaçı2 gəldikdə isə, “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumatlar əsasında müəyyən olunur ki, o, özünün yaşayış sahəsinə olan ehtiyacını alış qiyməti 138183,80 manat, kirayə müddəti 300 ay, aylıq ödəniş isə 460,69 manat olmaqla, ünvan 6 ünvanında yerləşən mənzili kirayə müqaviləsi bağlamaqla təmin etmişdir. Eyni zamanda, “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumatlardan o da görünür ki, İddiaçı2 Asco Shipmanagement Afezco adlı yerdə baş mühasib vəzifəsində işləyir və onun aylıq əmək haqqı 3691,43 manat təşkil edir, bundan başqa həm də onun mülkiyyətində “Hyundai Elantra” minik markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Göründüyü kimi, İddiaçı2 yüksək əmək haqqı olan vəzifədə işləməsi, uzun müddəli kirayə müqaviləsi bağlamaqla özünün yaşayış sahəsinə olan ehtiyacını təmin etməsi, habelə atasından miras qalmış əmalkadakı payını bacısı İddiaçı4 bağşlamaqla yaşayış sahəsinə ehtiyacının olmamasını açıq göstərməsi onun iddiasının təmin edilməməsi barədə nəticyə gəlməyə tam əsas vermiş olur.

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddiaçı3 və İddiaçı2 iddiaları təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar