Məhkəmə qərarları › İş №2(011)-5912/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5912/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5912/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2008-ci il tarixli C 162/03/08(A) saylı kredit müqaviləsi üzrə 2740,85 manat əsas borc, xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 165 manat əldən çıxmış fayda olmaqla, cəmi 2905,85 manat məbləğində borcun və 49,06 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC”) illik 25 faizlə 24 ay müddətinə 6642 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2740.85 AZN əsas borc və kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək illik 5 faizlə hesablanmış 165 AZN əldən çıxmış fayda borcu olmaqla, cəmi 2905.85 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq ca\abdeh borcu ödəməkdən boyun qaçınr. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, 2010-cu ildə avtomobilin geri verilməsi şərti ilə bank kredit borcunu bağlamağı öz üzərinə götürmüşdür və mübahisə aralarında həll olunmuşdur. Eyni zamanda, bank iddia müddətini ötürməklə iddia irəli sürmüşdür. Ona görə də, iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbininin əsassız olduğunu və iddia müddəti ötürülməklə verildiyini göstərdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli C 162/03/08(A) saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana 25 faizlə 24 ay müddətinə 6642 manat manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı “Opel Vectra” markalı minik (ban WOLOJBF19Y1181130; müh: 20P69922; rəngi: Ağ; buraxlış ili 2000 ci il) avtomobilin alınmasıdır. Borcalanın bank qarşısında bu müqavilə ilə müəyyənləşən öhtəliklərin təminatı C 162/03/08(A) saylı xx.xx.2008 ci il tarixli girov müqaviləsi ilə tənzimlənir. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri “borcalanın bağlanmış öhdəlikləri” başlığı altında 4.4-cü qrafada göstərilmişdir. Beləliklə, araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC”) qarşısında heç bir aktiv öhdəliyi mövcud deyildir. Həmçinin, "xxxx" İKB ASC-nin hüquqi varisi olan hazırkı İddiaçı ASC” xx.xx.2010-cu il tarixində müddəti bitmiş kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi ilə 12 il sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli C 162/03/08(A) saylı kredit müqaviləsi üzrə öhdəliklərin bağlanması, həmçinin, iddia ərizəsinin iddia müddəti ötürülməklə verilməsi və iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsi nəzərə alınmaqla iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı xx.xx.2008-ci il tarixli C 162/03/08(A) saylı kredit müqaviləsi üzrə 2740,85 manat əsas borc, xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 165 manat əldən çıxmış fayda olmaqla, cəmi 2905,85 manat məbləğində borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 49,06 (qırx doqquz manat 06 qəpik) dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar