Məhkəmə qərarları › İş №2(011)-5919/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5919/2025

15.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5919/2025 15.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi X1 qızının katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində cavabdehə məxsus Mitsubishi Pajero minik markalı avtomobil ilə iddiaçıya məxsus **-UN-*** qeydiyyat nişanlı BMW 530E Plug-İn Hibrid minik markalı avtomobillə toqquşmuş və nəticədə iddiaçının avtomobilinə 9372 manat maddi ziyan dəymişdir.

2. "xxxx" ASC tərəfindən iddiaçıya 4000 manat sığorta ödənişi olunmuşdur. Yerdə qalan 5372 manat ziyanın ödənilməsi üçün cavabdehə bir neçə dəfə müraciət etsədə ödəniş etməmiş, müxtəlif bəhanələrlə ödənişdən yayınmağa çalışmış və iddiaçı ilə hər hansı kompromisə gəlməmişdir. İddiaçı pozulmuş hüquqlarının bərpası və mülkiyyətinə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İddiaçının tələbi:

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan **-UN-*** qeydiyyat nişanlı BMW 530E Plug-İn Hibrid minik markalı avtomobilə dəymiş 5372 (beş min üç yüz yetmiş iki) manat ziyanın və 74 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixli iddia tələbi həcminin artırılması ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsini, mülkiyyətində olan **-UN-*** qeydiyyat nişanlı BMW 530E Plug-İn Hibrid minik markalı avtomobilə dəymiş 5372 (beş min üç yüz yetmiş iki) manat ziyanın, 74 manat dövlət rüsumunun və 500 manat qiymətləndirmə üçün xidmət haqqı Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdeh iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, iddia tələbi əsassız və qanunsuzdur. İddia ərizəsində iddiaçının qeyd etdiyi dəfələrlə onunla əlaqə saxladığı və cavabdehin ödənişdən imtina etdiyi iddiasını rədd etmiş və onunla əlaqə saxlayanda ididaçıya sığorta ödənişi ilə narazı olduğu təqdirdə, həmin vəsaiti qəbul etməməyi tövsiyyə etmişdir. Hətta 4000 manat vəsaitə onun avtomobilini öz ustaları tərəfindən təmin edilməsini və ona təhvil verməsini təklif etmiş, lakin iddiaçının heç bir formada razı olmadığını əlavə etmişdir. Ən vacib məqamın isə iddiaçının "xxxx" MMC-də (VÖEN**********) qüsur aktı əldə etməsidir ki, həmin MMC xx.xx.2024 cü il tarixdə dövlət qeydiyyatında keçmiş və təşkilatın heç 5 il ümumi fəaliyyətinin olmadığını qeyd etmişdir. Belə olan zaman isə həmin qeyrimüəyyən və MMC-nin qüsur aktını hansı maraqlardan çıxış edərək şişirdilmiş akt tərtib edilməsi çox saylı suallar yaratdığını ifadə etmişdir. Bu səbəbdən, iddianın rədd barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatı:

6. xx.xx.2026-cı tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. xx.xx.2026-cı tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

8. xx.xx.2025-ci il tarixli İXP ******* saylı “İnzibati xəta haqqında” Protokola əsasən, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

9. xx.xx.2025-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş qüsur aktından görünür ki, iddiaçıya məxsus olan **-UN-*** qeydiyyat nişanlı BMW 530E Plug-İn Hibrid minik markalı avtomobilə dəymiş ziyanın məbləği 9372 manat təşkil edir.

10. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, “Paşa Bank” tərəfindən iddiaçıya 4000 manat məbləğindən sığorta ödənişi edilmişdir.

11. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/25-169 nömrəli mütəxəssis rəyinə əsasən, dəymiş zərərin həcmi 9801 (doqquz min səkkiz yüz bir) manat müəyyən olunmuşdur. Ekspertizanın aparılması üçün 500 (beş yüz) manat xidmət haqqı təyin edilmişdir və xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir.

12. Fotolar və mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar üfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

16. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.

17. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali MəhkəməsininPlenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı. Məhkəmənin mövqeyi:

18. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

19. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

20. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh xx.xx.2025-ci il tarixində, saat 14:00-da Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində baş verən yol nəqliyyat hadisəsi nəticəsində **-UN-*** qeydiyyat nişanlı BMW 530E Plug-İn Hibrid minik markalı avtomobilə maddi ziyan dəymiş, inzibati xəta cavabdeh tərəfindən törədilmiş (§7) və iddaiçıya “Paşa Bank” tərəfindən 4000 manat məbləğində sığorta ödənişi edilmişdir.

21. MM-in 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

22. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Hazırki mübahisə zərər vurmadan irəli gələn öhdəliklərə bağlıdır.

23. İş üzrə zərərin məbləği təqdim olunmuş qüsur aktı və mütəxəssis rəyinə əsasən müəyyən edilir. xx.xx.2025-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş qüsur aktından görünür ki, iddiaçıya məxsus **-UN-*** qeydiyyat nişanlı BMW 530E Plug-İn Hibrid markalı avtomobilə dəymiş ziyanın məbləği 9372 manat təşkil edir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, “Paşa Bank” tərəfindən iddiaçıya 4000 manat məbləğində sığorta ödənişi edilmişdir. Hesablama aşağıdakı kimidir: 9372 (ümumi zərər) – 4000 (sığorta ödənişi) = 5372 manat (ödənilməmiş qalıq zərər)

24. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/25- 169 nömrəli mütəxəssis rəyinə əsasən, dəymiş zərərin həcmi 9801 (doqquz min səkkiz yüz bir) manat müəyyən olunmuşdur. Eyni qaydada sığorta ödənişi nəzərə alınmaqla hesablanma belədir: 9801 (ümumi zərər) – 4000 (sığorta ödənişi) = 5801 manat (ödənilməmiş qalıq zərər). Lakin, iddiaçı iddia tələbində 5372 manat məbləğində ziyanın Cavabdeh alınaraq ona ödənilməsi xahiş etmişdir. (§3)

25. Məhkəmə qeyd edir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi 5372 manat məbləğində ziyanın Cavabdeh alınaraq ona ödənilməsi hissəsində əsaslıdır və təmin edilməldir. Qeyd olunan hal iş materiallarında olan hər iki qiymətləndirmə sənədi ilə təsdiq edilir.

26. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5372 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 74 (yetmiş dörd) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etdiyindən 74 (yetmiş dörd) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, mütəxəssis rəyinin əvəzi olaraq ödənilmiş 500 manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

29. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 5372 (beş min üç yüz yetmiş iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74 (yetmiş dörd) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin.

4. Qiymətləndirmə üçün iddiaçı tərəfindən ödənilmiş 500 (beş yüz) manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar