Məhkəmə qərarları › İş №2(011)-5926/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5926/2020

30.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5926/2020 30.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 2200 manat, mənəvi ziyana görə 2000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 4230 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, Cavabdeh xx xxxxx 2019-cu il tarixində saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 139 saylı binanın yaxınlığında, yolun hərəkət hissəsinin qırağında əvvəllər tanımadığı iddiaçıya qarşı əxlaq və mənəviyyat normalarına zidd hərəkətlər etmiş, bu əməlləri qarşılığında sonuncunun ona qarşı nalayiq ifadə işlətməsini əsassız bəhanə gətirərək xuliqanlıq niyyəti ilə, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətindən fövqündə qoyub heç bir əsaslı səbəb olmadan İddiaçı üzərinə hücum etmiş, bir dəfə yumruqla, ardınca bir neçə dəfə dizi ilə onun sifət nahiyəsindən qəsdən vurub ona burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin açıq yerini dəyişmiş sınığı və həmin səviyyədə yumşaq toxumanın hematoması və əzilmiş yarası, hər iki göz yuvası ətrafı nahiyənin hematoması ilə xarakterizə olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, xuliqanlıq niyyəti ilə iddiaçının qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bu cinayət əməlinə görə cavabdeh təqsirli bilinərək Balı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bununla iddiaçı əməliyyat xərci kimi 2200 manat məbləğində maddi ziyan çəkmişdir. Cinayət işi üzrə məhkəmə baxışı keçirilən zaman Cavabdeh iddiaçıya 2200 manat məbləğində pulu ödəyəcəyinə dair söz vermiş, lakin bu günədək həmin sözünü tutmamış və iddiaçıya müalicə üçün verməli olduğu pulu verməmişdir. Həmin pulun ondan tələb etmədiyinə dair məhkəmədə ərizə də yazmışdır. İddiaçı cinayət işi üzrə məhkəmə prosesi zamanı mülki iddia qaldırmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı və onun ailəsi mənəvi iztirablar çəkmiş, əsəb sarsıntıları keçirmişdir. Odur ki, cavabdehin ona vurduğu mənəvi ziyana görə cavabdehdən 2000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(011)-290/2019 nömrəli Hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsini 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdə müəyyən edilmişdir ki, Cavabdeh xx xxxxx 2019-cu il tarixində saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 139 saylı binanın yaxınlığında, yolun hərəkət hissəsinin kənarında əvvəllər tanımadığı İddiaçı qarşı xuliqanlıq niyyəti ilə, yəni yaranmış mübahisəni zor tətbiq etmək yolu ilə həll etmək iqtidarında olduğunu nümayiş etdirərək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan İddiaçı üzərinə hücum edib, bir dəfə yumruqla, ardınca bir neçə dəfə dizi ilə onun sifət nahiyəsindən qəsdən vurub ona burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin açıq, yerini dəyişmiş sınığı və həmin səviyyədə yumşaq toxumanın hematoması və əzilmiş yarası, hər iki göz yuvası ətrafı nahiyyənin hematoması ilə xarakterizə olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxs İddiaçı qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Cinayət prosesi zamanı İddiaçı tərəfindən məhkəməyə təqsirləndirilən şəxs X1 ilə barışdığı, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmaması barədə ərizə təqdim etmişdir. Daha sonra İddiaçı məhkəməyə yeni ərizə ilə müraicət etmiş və təqsirləndirilən şəxs Cavabdeh ilə barışıdığını bildirmiş, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmiş və, aldığı xəsarətlə bağlı əməliyyat xərcinin, yəni 2200 manat məbləğində pulun ödənilməsini tələb etdiyini qeyd etmişdir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Məcəlləsinin Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəm hesab edir ki, Cavabdeh təqsirli, qanunazidd hərəkətləri nəticəsində İddiaçı sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlərin yetirildiyi məhkəmə araşdırması zamanı tam təsdiq edildiyinə baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə səhhətinin bərpa edilməsi üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, yaxud əldə edəcəyi, lakin iddiaçının təqsirli, qanunazidd hərəkətləri nəticəsində məhrum olduğu gəlirlə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 2200 manat məbləğində maddi ziyanın ödənilməsi ilə bağlı formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının 2000 manat məbləğində mənəvi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı tələbinə qiymət verərək, belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X3 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X3 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı zor tətbiq edərək sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlərin yetirdiyi ilə bağlı sonuncunun mənəvi sarsıntı və iztirab keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı keçirtdiyi əsəb, sarsıntı və istirablarla bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 2000 manat məbləğində deyil, hüquqa zidd əməlin ağırlıq dərəcəsi, baş verdiyi şərait, həmçinin iddiaçının həmin əməlin nəticəsində keçirtdiyi sarsıntı və iztirabların dərəcəsi nəzərə alınaraq 1000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Dəymiş mənəvi zərərə görə 1000 (bir min manat) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar