Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5944/2021 20.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə 18.03.2010-cu il tarixdə bağladığı 191/ZB nömrəli kredit müqaviləsi, həmçinin qeyd olunan müqavilənin təminatı olan 18.03.2010-cu il tarixli 191/ZB/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ASC ilə onun arasında 18.03.2010-cu il tarixdə 191/ZB nömrəli kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən ona 50000 manat məbləğində pul kreditə verilmişdir, kredit müqaviləsinin təminatı kimi onun atasına məxsus Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz-2, Nizami küçəsində yerləşən 15/1 nömrəli mənzil 18.03.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən 75000 manat ilkin satış qiyməti müəyyən edilməklə girov qoyulmuşdur, o müqaviləni bağladıqdan sonra hər ay vaxtlıvaxtında kredit üzrə ödənişi etsə də, sonradan ödəniş edə bilməmişdir, borcunu ödəyə bilmədiyi üçün Cavabdeh ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan borcunu geri ödəməyi tələb etmişdir, hesab edir ki, cavabdehlə aralarında bağlanan müqavilədə kreditin qaytarılma şərtləri tam və dəqiq göstərilmədiyi üçün qeyd olunan müqavilə etibarsız sayılmalıdır, cavabdehlə bağlanan müqavilədə beynəlxalq müqavilə hüququnun “good faith” (lat. bona fide) prinsipi pozulmuşdur, Azərbaycan dilinə tərcümədə “xoş niyyət” kimi ifadə olunan bu prinsipə əsasən tərəflər müqavilə bağlayarkən bir-biri ilə ədalətli, dürüst və xoş niyyətli olmalıdırlar ki, hər iki tərəf müqavilədən bəhrələnə bilsin, cavabdeh isə kredit və ipoteka müqaviləsi bağlanarkən onun atasına məxsus ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini çox aşağı qiymətdə qoymuşdur, bunun nəticəsində faktiki dəyəri 100000 manatdan çox olan əmlakın cəmi 75000 manat qiymətləndirilməsi “good faith” beynəlxalq müqavilə prinsipini pozur. İddiaçı həmçinin izahatında bildirdi ki, o, əmlakını girov qoyarkən əmlakının dəyərindən aşağı kreditə pul götürməklə həmin puldan faydalanmaq niyyətində olmuşdur, indi isə ona məxsus əmlak dəyərindən 50% aşağı qiymətləndirilibdir, bundan başqa, ona məlum olmuşdur ki, girov qoyduğu əmlak hərracdan alınmadığı təqdirdə onun qiyməti ilkin hərracdan 15%, ikinci hərracdan isə 25% olmaqla dəyərdən düşəcəkdir və bunun nəticəsində bu günə faktiki dəyəri 150000 manat olan fərdi yaşayış evi 52992 manat müqabilində cavabdehin balansına keçiriləcəkdir, əgər müqavilədə kredit götürdüyü zaman girov qoyduğu əmlakın gələcəkdə faktiki dəyərindən 2-3 dəfə az qiymətə satıla biləcəyi qeyd olunsaydı, əqdi təbii ki, bağlamaqda razılaşmazdı, hesab edir ki, bank bu barədə ona mütləq məlumat verməli idi, həmçinin mülki qanunvericiliyə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər, əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Sonda iddiaçı deyilənlərin nəzərə alınmaqla iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X.K.Əliyev iddia tələbini rədd edərək izahatında bildirdi ki, Cavabdeh ASC ilə İddiaçı arasında 18.03.2010-cu il tarixdə 191/ZB nömrəli kredit müqaviləsi bağlanmışdır, həmin kredit müqaviləsinə əsasən cavabdehə illik 8%-lə 300 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək ilə İddiaçı Cavabdeh ASC ilə bağladığı 18.03.2010-cu il tarixli 191/ZB/1 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz-2, Nizami küçəsində yerləşən 15/1 nömrəli mənzil Cavabdeh ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir, kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür, lakin buna baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. X.K.Əliyev həmçinin izahatında bildirdi ki, iddiaçının guya tərəflər arasında bağlanan müqavilədə kreditin qaytarılma şərtləri tam və dəqiq göstərilmədiyi üçün qeyd olunan müqavilənin etibarsız hesab edilməsi barədə dəlilləri tamamilə əsassızdır, belə ki, tərəflər arasında bağlanan kredit müqaviləsinin 1.1-ci bəndində göstərilir ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 50000 manat məbləğində 300 ay müddətinə kredit verir, həmin müqavilənin 1.2-ci bəndinə əsasən borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. Sonda iddiaçının nümayəndəsi X.K.Əliyev deyilənlərin nəzərə alınmaqla iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında - borcalana ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədilə Cavabdeh ASC tərəfindən illik 8% dərəcəsi ilə 300 ay müddətinə 50000 manat kredit verilməsini nəzərdə tutan 18.03.2010-cu il tarixli, 191/ZB saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 50000 manat məbləğində 300 ay müddətinə kredit verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirirlər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən borcalan bu müqavilənin 2.4-cü bəndinə uyğun tərtib edilmiş və onun ayrılmaz hissədi olan tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki əsasında ödənişləri hər növbəti ayın 5-dək həyata keçirir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən kreditlər üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə hesablanır. Həmin müqavilənin 3.1.5.1-ci bəndinə əsasən borcalan davam edən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə kreditor bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndində göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilənin 2.3-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kreditin və faizin ödənilməmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat miqdarında dəbbə pulu ödəməlidir. İş materiallarında olan 18.03.2010-cu il tarixli, 191/ZB/1 saylı ipoteka müqaviləsindən görünür ki, 18.03.2010-cu il tarixli, 191/ZB saylı kredit müqaviləsinin təminatı kimi tərəflər Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz-2, Nizami küçəsində yerləşən 15/1 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ləğv prosesində olan Cavabdeh ASC ilə İddiaçı arasında 18.03.2010-cu il tarixli, 191/ZB saylı kredit müqaviləsi bağlanmışdır, kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 300 ay müddətinə illik 8% dərəcəsi ilə 50000 məbləğində kredit vəsaiti ayrılmışdır, həmçinin kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz-2, Nizami küçəsində yerləşən 15/1 nömrəli mənzil ləğv prosesində olan Cavabdeh ASC-nin xeyrinə yüklü edilmişdir. Bununla belə, mübahisəli müqavilələrin etibarsızlığına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, “kredit və ipoteka müqavilələrinin etibarsız hesab olunması barədə” iddia tələbinə münasibətdə hesab edir ki, bu tələbin əsaslandırıldığı hallar iddiaçının sübutetmə yükü ilə bağlıdır, iddiaçı öz tələblərinin əsası kimi istnad etdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıdığı halda, onun tərəfindən mübahisələndirilən əqdin etibarsızlığına əsas verən, o cümlədən əqdin bağlanılmasına məcburetmə halları, yaxud vacib əhəmiyyətli yanılma nəticəsində bağlanmasına əsas verən, həmçinin müqavilənin forma tələbləri ilə bağlı tərəflər arasında başqa razılaşmanın olması halları barədə mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş və belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, iddiaçının “tərəflər arasında bağlanan müqavilədə kreditin qaytarılma şərtlərinin tam və dəqiq göstərilməməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanan kredit müqaviləsinin 1.1, 1.2, 2.1, 2.2, 2.3, 2.4, 3.1.5, 4.1, 4.2-ci bəndlərində ödənişlərin həyata keçirilmə qaydası, tərəflərin hüquq və vəzifələri, tərəflərin məsuliyyəti aydın şəkildə ifadə olunmuşdur ki, bu da iddia tələbinin bu hissədə əsassız olması barədə nəticəyə gəlmək üçün yetərlidir. Məhkəmə, iddiaçının “kredit götürdüyü zaman ipotekaya qoyduğu əmlakın gələcəkdə faktiki dəyərindən 2-3 dəfə az qiymətə satıla biləcəyi qeyd olunsaydı, əqdi bağlamağa razılaşmayacaqdır” barədə dəlillərinə münasibətdə də qeyd edir ki, göstərilənlər müqavilənin etibarsız hesab olunması üçün əsas kimi məhkəmə tərəfindən nəzərə alına bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bu dəlilləri də əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılma hallarına aiddir: 1.şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə 18.03.2010-cu il tarixdə bağladığı 191/ZB nömrəli kredit müqaviləsi, həmçinin qeyd olunan müqavilənin təminatı olan 18.03.2010-cu il tarixli 191/ZB/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə 18.03.2010-cu il tarixdə bağladığı 191/ZB nömrəli kredit müqaviləsi, həmçinin qeyd olunan müqavilənin təminatı olan 18.03.2010-cu il tarixli 191/ZB/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5944/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5944/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver