Məhkəmə qərarları › İş №2(011)-5984/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5984/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5984/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh 700 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 fevral 2023-cü il tarixdə Cavabdeh “Mercedes Benz 300” minik markalı (buraxılış ili 1991-ci il), **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobili 1.000 manat ilkin ödəniş etməklə, etibarnamə ilə almışdır. Geri qalan məbləği tam ödəmək üçün cavabdehlə bir il müddətinə 400 manat aylıq ödəniş etməklə özünə qalmaq şərtilə razılaşmışlar. İddiaçı avtomobili aldığı gündən müxtəlif texniki problemlər ortaya çıxmış və bir ay keçmədən avtomaşının təmirinə 450 manat pul xərcləmişdir. Bütün bu xərclərə baxmayaraq avtomobil idarə olunacaq vəziyyətə gəlməmişdir. Avtomobilin sahibi, Cavabdeh iddiaçıdan aldığı maşını geri verməyi, maşını satmaq və iddiaçının etdiyi ödənişi geri qaytarmağı üçün vaxt istəmişdir. İddiaçı bununla razılaşmış, çünki başqa yolu yox idi, əlavə təmirə imkanı yox idi. Cavabdeh ona ödənilmiş 1.000 manat puldan 300 manatını qaytarıb, avtomobili iddiaçıdan geri almış və pulun geri qalan 700 manatını maşını satdıqdan sonra tam ödəyəcəyinə söz vermişdir. Cavabdeh avtomobili iki gün içində satmış, lakin pulu geri qaytarmağı tələb etdikdə vaxtı uzatmış, telefon zənglərinə cavab verməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin 3-cü bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin şikayətdə cinayət deyil, mülki tərkib olduğu bildirilmişdir. İddiaçının borc tələbi ilə bağlı Xəzər RPİ-yə şikayət ərizəsi ilə müraciət etdiyini bilən Cavabdeh iddiaçıya zəng vurub böyük səhv elədiyini bildirmiş, pulu qaytarmayacağını, hara istəyirsən şikayət et, məni polisə şikayət edən birinə mən bir qəpik qaytarmaram deyərək zəngi sonlandırmışdır. Bundan sonra tək bir zəngə cavab verməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin faktiki halları: İşin mübahisəsiz halları ondan ibarətdir ki, “Mercedes Benz 300” minik markalı (buraxılış ili 1991-ci il), **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında idarə edilməsi üçün iddiaçıya verilmişdir. Etibarnaməni avtomobilin sahibi X1 adından Cavabdeh vermişdir. Tərəflər “Mercedes Benz 300” minik markalı (buraxılış ili 1991-ci il), **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması ilə bağlı şifahi razılığa gəlmişlər. Razılığa əsasən iddiaçı cavabdehə 1.000 manat ödəniş etmiş, daha sonra hər ay 400 manat ödəniş etməyə dair razılaşmışlar. Avtomobil iddiaçının istifadəsində olarkən nasaz olduğu bəlli olmuş, buna görə iddiaçı avtomobili cavabdehə qaytarmışdır. İddiaçının etdiyi 1.000 manat ödənişdən 300 manat cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. İddiaçı mübahisə ilə bağlı Xəzər rayon Polis İdarəsi 3-cü Polis şöbəsinə müraciət etmiş, mübahisənin həllinin polis orqanının səlahiyyətində olmadığı və məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunvericiliklə tənzimlənmiş qaydada avtomobilin alğı-satqısına dair müqavilə bağlanmasa da, faktiki olaraq cavabdeh iddiaçıya avtomobili idarə etməsi üçün səlahiyyət vermiş, sonuncu isə bunun müqabilində cavabdehə 1.000 manat məbləğində vəsait ödəmişdir. Daha sonra avtomobil qüsurlu olduğundan iddiaçı avtomobili cavabdehin sahibliyinə qaytarmış və ödədiyi pulu geri tələb etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçıdan 1.000 manat pul aldığını etiraf etmiş, həmin puldan 300 manatı geri qaytardığını bildirmişdir. Yerdə qalan 700 manata münasibətdə cavabdeh bildirmişdir ki, iddiaçı avtomobili ona nasaz vəziyyətdə qaytarmış, cavabdeh avtomobilin təmirinə vəsait sərf etmişdir. Eyni zamanda cavabdeh bildirmişdir ki, avtomobili iddiaçıya təhvil verərkən dəyəri 150 manat olan oturacaq örtüyü mövcud olduğu halda, iddiaçı avtomobili geri qaytararkən həmin örtük yararsız vəziyyətdə olmuşdur. Odur ki, bu vəsaitin də nəzərə alınmasını və avtomobilin iddiaçının istifadəsində olduğu müddət ərzində sonuncu tərəfindən yol-nəqliyyat qaydalarının pozulması nəticəsində yazılmış cərimələr də onun tərəfindən ödənilmişdir. Bütün bu məbləğlər toplanan zaman cavabdehin iddiaçıya yox, iddiaçının cavabdehə borclu olduğunu müəyyən etmək olar. Məhkəmə cavabdehin verdiyi izahatlara münasibətdə qeyd edir ki, sonuncu istinad etdiyi halları sübuta yetirən dəlilləri məhkəməyə təqdim etməmişdir. Belə ki, nə avtomobilin təmirinə, nə cərimələrin ödənilməsinə, nə də oturacaq örtüyünün dəyəri ilə bağlı məhkəməyə hər hansı qəbz, qaimə və ya faktura təqdim edilməmişdir. Odur ki, aparılmış araşdırma nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddiasında haqlıdır və ona dəymiş maddi ziyanın əvəzi olaraq 700 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat maddi ziyan və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar