Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-599/2023 07.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi X1, Maraqlı şəxs Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi Xətai rayon İcra Hakimiyyəti və Xətai rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü X2 “xəbərsiz itkin düşmüş elan edilməsi” haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi bildirdi ki, atası ölkədən 2000-ci il iyulun 19-da özünün ad günündə təyyarə ilə Moskvaya getmişdir, onun Azərbaycan Respublikası şəxiyyət vəsiqəsi olmuşdur, atası ilə bağlı DİN-ə müraciət etmiş, oradan bildirmişlər ki, onun barədə heç bir məlumat yoxdur, orderlə bağlı arxivə müraciət etməmişdir, ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Ə.M.Nəbizadə bildirdi ki, evlə bağlı order vardır, ev şəxsin adına order əsasında verilmişdir, həmin ev dövlətin balansındadır, evin özgəninkilərdirilməsi orderin təyinatından asılıdır, təyinatından asılı olaraq ev tərəfin adına keçirilə bilər, xidməti mənzildirsə evin özgəninkiləşdirilməsi mümkün deyildir, evdə kimin qeydiyyatı vardırsa, onlarla sosial kirayə müqaviləsi bağlanıla bilər. Məhkəmə, tərəfin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə ərizədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 313-cü maddəsinə uyğun olaraq, şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməli olduğu halda, bunlara riayət olunmamış, məhkəmə tərəfindən isə vaxt verilməsinə baxmayaraq, ərizənin məzmununa dair qeyd edilən nöqsan ərizəçi tərəfindən aradan qaldırılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4–cü maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12 –ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı ilə “ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlandığından, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlandıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Xətai rayon İcra Hakimiyyəti və Xətai rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəsi baxılmamış saxlansın. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-599/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-599/2023
07.03.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver