Məhkəmə qərarları › İş №2(011)-5993/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5993/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5993/2021 20.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı – cavabdehdən İddiaçı QSC-nin xeyrinə overdraft nəticəsində yaranmış 505 (beş yüz beş) ABŞ Dolları 04 (dörd) sent məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 06.07.2020-ci il tarixli “karta dair xidmətlərin göstərilməsi haqqında 10.12.2018ci il tarixli LCO183440072 saylı müqaviləyə əlavə və dəyişikliklər edilməsi barədə” razılaşma əsasında cavabdehə verilmiş “Visa Elektron debit cards" növlü kart dəyişdirilərək “X5 Cards” hesabı açılmışdır. Həmin razılaşma əsasında **********113037 saylı kart üzərində kart istifadəçisi kimi cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və 10.07.2020-ci il tarixində həmin kart cavabdehə təhvil verilmişdir. 2021-ci ilin aprel ayında **********113037 saylı kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki. texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat 550 (beş yüz əlli) ABŞ Dolları 04 (dörd) sent təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun Ödənilməsinə dair iddiaçı tərəfindən 24.06.2021-ci il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Tərəflər arasında bağlanmış 06.07.2020-ci il tarixli razılaşmaya ərizəyə əsasən, Aşırlı X3 internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri" tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nin əsas anlayışlar bəndinin 1.95-ci bəndinə əsasən. Texniki (icaza verilməmiş) overdraft - tərəflər arasında overdraftın təqdim edilməsi barədə razışalma olmadığı halda. Kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılmasıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etdiklərini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında “Bank Xidmətlərinin Göstərilməsi haqqında” X2 5.9-cu bəndinə əsasən Overdraft və ya Chargeback nəticəsində borc yarandıqda Bank Müştəriyə bu barədə məlumat verir və Müştəri həmin borcun 3 (üç) iş günü ərzində Banka geri qaytarılmasını təmin etməlidir. Şərtlərin 5.10-cu bəndinə əsasən Overdraft və ya Chargeback nəticəsində yaranmış borc Ümumi Şərtlərin 5.9-cu bəndində nəzərdə tutulmuş Banka qaytarılmadıqda, yaranmış borc üzrə Bank Müştəriyə illik 25 faiz dərəcəsi ilə faizlər hesablaya bilər. Bu halda Müştəri yaranmış borcu hesablanmış faizlərlə birlikdə ən geci 30 təqvim günü ərzində Banka ödəməlidir. Faizlərin hesablanması borc tam ödənilən günə qədər davam edir. İddiaçı QSC ilə Cavabdeh arasında 08.06.2018-ci il tarixdə bağlanmış 003İB0794651 nömrəli “myAccess Xidmətinin göstərilməsi haqqında” müqaviləyə əsasən, bu müqavilənin predmetini Bank tərəfindən Muştəriyə myAccess xidmətinin göstərilməsi ilə bağlı tərəflər arasında münasibətlərin tənzimlənməsi təşkil edir. MyAccess – bankın məhsul və xidmətlərindən internet vasitəsilə istifadə edilməsini təmin etmək məqsədilə müştəri üçün yaradılmış elektron proqram təminatıdır. Həmin müqavilənin 3.3.2-ci maddəsinə əsasən bankın tarif planı ilə nəzərdə tutulduğu halda bu müqavilədə və digər müqavilələrdə nəzərdə tutulan xidmətlərə görə banka xidmət haqqını, həmçinin yaranmış bütün borcları ödəmək müştərinin vəzifəsidir. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 06.07.2020-ci il tarixli “karta dair xidmətlərin göstərilməsi haqqında 10.12.2018-ci il tarixli LCO183440072 saylı müqaviləyə əlavə və dəyişikliklər edilməsi barədə” razılaşma əsasında cavabdehə verilmiş “Visa Elektron debit cards" növlü kart dəyişdirilərək “X5 Cards” hesabı açılmışdır. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş 07.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh LCO183440072 saylı 10.12.2018-ci il tarixli müqaviləyə əlavə və dəyişikliklər edilməsi barədə razılaşmaya əsasən açılmış kart hesabında overdraft üzrə borcu 28.06.2021-ci il tarixinə 505,04 USD məbləğində təşkil edir. İş materiallarında olan 24.06.2021-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, İddiaçı QSC Cavabdeh banka olan borc məbləğini ödəməyi təklif edərək, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən texniki overdraft nəticəsində yaranmış borcu tələb etməkdə haqlıdır. Belə ki, ödəniş kartına xidmət göstərilməsi ilə bağlı tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi hüquq norması olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü və Mülki Məcəllənin 11.1-ci maddələrinə əsasən mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanılmış müqavilənin predmeti bank tərəfindən müştəriyə cari hesab açmağı və hesab üzrə ödəniş kartı vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, müştəri tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqqın ödənilməsinə dair öhdəlikləri olduğundan, hazırkı mübahisəyə bank hesabı müqaviləsi üzrə münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 960.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Həmin Məcəllənin 960.2-ci maddəsinə əsasən tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı QSC ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə riayət etməklə müqavilə bağlamışdır. İddiaçı tərəfindən həmin müqavilənin və ya müqavilənin hər hansı bir bəndinin etibarsızlığı ilə bağlı hər hansı bir dəlil irəli sürülməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin tələblərinə uyğun olaraq sərbəst şəkildə bağladığı müqavilənin şərtlərinə əməl edərək müqavilə üzrə müəyyən edilmiş vəzifələrini icra etməli olduğu halda, müqavilə üzrə öhdəliklərə riayət etməmiş və müqavilə şərtlərinə zidd olaraq kart vasitəsi ilə hesabda olan pul vəsaitinin artıq əməliyyat aparılmışdır. Nəticədə cavabdehin iddiaçı qarşısında 505,04 USD məbləğində borcu yaranmışdır. Lakin cavabdeh həmin borcun ödənilməsinə dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 505,04 USD məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun və bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Tərəflər arasında bağlanılmış LCO183440072 saylı 10.12.2018-ci il tarixli müqaviləyə əlavə və dəyişikliklər edilməsi barədə razılaşma üzrə yaranmış overdraft borcuna görə ödəniş gününə qüvvədə olan məzənnə ilə 505,04 (beş yüz beş dollar, dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar