Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-600/2022 07.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 4800 manat pulun və ona dəymiş 1000 manat zərərin tutularaq xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2012-ci ilin sentyabr ayında etibardan sui-istifadə edərək iddiaçını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhərində olan obyektlərdən birinə işə düzəldəcəyini bildirmişdir. Bunun müqabilində iddiaçıdan 6000 manat pul istəmişdir. İddiaçı isə ona 4800 manat pul tapıb vermişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, onun məqsədi iddiaçını aldadıb etibarından sui istifadə etmək olmuşdur. Cavabdeh iddiaçıdan başqa adamları da belə aldadaraq pullarını mənimsəmişdir. Dəfələrlə etdiyi dələduzluğa görə Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3500 manat cərimə cəzasına, Lerik Rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrumetmə cəzası almışdır. Lerik Rayon Məhkəməsinin hökmündə iddiaçıya dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması iddiaçıya izah olunmuşdur. Bir ildən çox müddətdir ki, cavabdeh azadlıqdadır, lakin iddiaçının pulunu vermir. Hər dəfə iddiaçıya bir bəhanə gətirir. İddiaçı cavabdehin dalınca düşməkdən yorulmuşdur. Cavabdeh iddiaçıya pulundan əlavə 1000 manatdan çox ziyan vurmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(048)-26/2013 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. CM-in 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə ona təyin edilmiş 3500 manat cərimə cəzası hazırki hökm üzrə təyin edilmiş cəzaya tamamilə birləşdirilmiş və Cavabdeh üzərində qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzaları saxlanılmış, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2013-cü il tarixdən hesablanması Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanması və zərərçəkmiş şəxs X1 vurulmuş ziyan tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun izah edilməsi hökm edilmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə İddiaçı deyil, atası Aslan Rzayev zərərçəkmiş şəxs qismində tanınmışdır. Aslan Rzayev isə xx.xx.2018-ci il tarixdə ölmüşdür. Məhkəmə araşdırılması zamanı İddiaçı Aslan Rzayevin yeganə vərəsəsi olması müəyyən edilməmişdir. Həmçinin, mərhum Aslan Rzayevin iddiaçıdan başqa daha beş uşağı və həyat yoldaşı vardır. Məhkəmə hesab edir ki, hazırkı halda İddiaçı mərhum Aslan Rzayevin yeganə vərəsəsi olması, ondan qalan miras payı qəbul etməsi müəyyən edilmədiyindən, o, iddia irəli sürmək hüququ olmayan, yəni subyektiv hüquqa malik olmayan şəxsdir. Bundan başqa, məhkəmə araşdırılması zamanı iş materialları ilə tərəflər arasında borc münasibətlərinin yaranması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsinin bağlanması, cavabdeh tərəfindən iddiaçıdan 4800 manat pul vəsaitinin borca alındığı öz təsdiqini tapmadığından, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh 4800 manat pulun və ona dəymiş 1000 manat zərərin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-600/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-600/2022
07.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə müba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver