Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6016/2025 16.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə və qeyrisinə qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı MMC Cavabdeh MMC, Mustafa Küçükalıya qarşı Cavabdeh MMC-nin keçmiş təsisçisi və direktoru türk vətəndaşı Mustafa Küçükalıdan İddiaçı MMC-yə olan borc və borcun ödənilməməsi nəticəsində yaranmış ziyanla bağlı və ödənilmiş dövlət rüsumunun tutulması barədə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı MMC (VÖEN: **********) və Cavabdeh MMC (VÖEN: Cavabdeh MMC) vergi ödəyicisi olan, hüquqi şəxslərdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadən məhkəmə qeyd edir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki tələb Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1410/2020 saylı qərardadı ilə ilə təsdiq edilmiş İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış barışıq sazişi üzrə öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərlə bağlıdır. Göründüyü kimi, tərəflər arasındakı mübahisə hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Belə olan halda, hazırki iddia ərizəsi üzrə işə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə digər cavabdeh Mustafa Küçükalıya münasibətdə qeyd edir ki, sonuncu Cavabdeh MMC-nin qanuni təmsilçisidir. İddiaçı ilə Mustafa Küçükalı arasında olan mübahisə də məhz onun Cavabdeh MMC-nin qanuni təmsilçisi olaraq həyata keçirdiyi fəaliyyətdən irəli gəlir. Digər tərəfədən Mustafa Küçükalı ilə İddiaçı MMC arasında mübahisə ümumi məhkəməyə aid olsa belə, bir neçə tələbdən biri ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC, Mustafa Küçükalıya qarşı Cavabdeh MMC-nin keçmiş təsisçisi və direktoru türk vətəndaşı Mustafa Küçükalıdan İddiaçı MMC-yə olan borc və borcun ödənilməməsi nəticəsində yaranmış ziyanla bağlı və ödənilmiş dövlət rüsumunun tutulması tələbinə barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə 202.62 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı MMC-nin Cavabdeh MMC, Mustafa Küçükalıya qarşı Cavabdeh MMC-nin keçmiş təsisçisi və direktoru türk vətəndaşı Mustafa Küçükalıdan İddiaçı MMC-yə olan borc və borcun ödənilməməsi nəticəsində yaranmış ziyanla bağlı və ödənilmiş dövlət rüsumunun tutulması tələbinə barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixdə (qəbzin nömrəsi- **********) ödənilmiş 202.62 (iki yüz iki manat, altmış iki qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6016/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6016/2025
16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver