Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6048/2021 13.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı “alimentin miqdarınının artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli 2(010)-10983/2016 saylı qətnaməsi ilə 07.08.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 117 manat sabit pul məbləğində aliment məbləğinin 200 manatadək artırılması, hər ay əlavə xərclərə görə 100 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 05.08.2021-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli 2(010)- 10983/2016 saylı qətnaməsi ilə 07.08.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 117 manat sabit pul məbləğində aliment məbləğinin 200 manatadək artırılması, onun sağlamlığı üçün çəkdiyi xərclərin əvəzi olan 1926 manatın birdəfəlik ödəniş kimi tutulması, hər ay əlavə xərclərə görə 100 manat məbləğində pul vəsaitinin və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh2 ilə 11.09.2010-cu il tarixdə ailə qurmuşlar, birgə münasibətlərindən 07.08.2011-ci il təvəllüdlü Onur adlı övladları dünyaya gəlmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.01.2013-cu il tarixli qətnaməsi ilə onların qeyri-rəsmi nikah münasibətlərindən doğulmuş 07.08.2011-ci il təvəllüdlü X1 Cavabdeh2 alınaraq ona verilməsi və uşağın saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin tutulması qət edilmişdir, daha sonra o “alimentin artırılması” tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli 2(010)-10983/2016 saylı Qətnaməsi ilə Cavabdeh2 07.08.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 117 manat sabit pul məbləğində və uşaq altı yaşına çatana qədər (07.08.2017-ci il tarixinədək) hər ay cavabdehdən 100 manat məbləğində əlavə xərclərin tutulması qət edilmişdir, 117 manat məbləğində ödənilən aliment uşağın tam sağlam və təminatlı tərbiyə olunmasına və böyüməsinə yetərli deyildir, özü heç yerdə işləmir, cavabdeh isə uşağın saxlanılması üçün alimentdən əlavə heç bir yardım göstərmir, atası və anası rəhmətə gediblər, heç bir kömək istəyəcək yeri yoxdur, bu səbəbdən də, övladının maddi tələbatlarını ödəməkdə çətinlik çəkir, uşaq bir sıra xəstəliklərdən əziyyət çəkir və bununla əlaqədar mütəmadi olaraq müxtəlif tibbi preparat və vasitələrin köməyi ilə müalicə qəbul edir, bütün bunlar böyük xərclər hesabına baş verir, uşağın nitqində, beynində və gözündə problem vardır, “SMklinika” tərəfindən tərtib olunmuş ödəmə cədvəlindən də görünür ki, təkcə 2020-ci ildə uşağın müalicəsi üçün 82700 rubl, bizim pulla 1920 manat xərci çıxmışdır, həmin pulu da övladı üçün borc götürərək ödəmişdir, hələ də həmin borcu ödəyə bilməmişdir, lakin ödəniş qəbzlərini məhkəməyə təqdim edə bilmir, cavabdeh övladının 6 yaşından indiyə qədər heç bir ödəniş etməyib, saxlanması xərclərində iştirak etməyib, baxmayaraq ki, cavabdehin daha 2 uşağı vardır, lakin bu, onu valideynlik öhdəliklərindən azad etmir, onun öz adına torpaq sahələri, maşınları vardır, övladına davamlı olaraq müalicə lazımdır, cavabdeh xərcləri qarşılamaqda köməklik etmir, o da təkbaşına o xərcləri qarşılaya bilmir, bu səbəbdən hesab edir ki, cavabdeh həmçinin əlavə xərclərə cəlb edilərək ondan hər ay 100 manat pul vəsaiti tutulub ona ödənilməlidir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək iddia tələbini qismən qəbul etdiyini, həmin tələb üzrə 200 manat məbləğində alimentin 175 manatını, əlavə xərc olaraq göstərilmiş 100 manatın 50 manatını, uşağın sağlamlığı üçün çəkdiyi xərclərin əvəzi olaraq isə 400 manat məbləği ödəməyə razı olduğunu bildirmiş, həmçinin izahatında göstərmişdir ki, İddiaçı ilə 2010-cu il tarixdə qeyri rəsmi nikahla ailə həyatı qurmuş, bu nikahdan 07.08.2011-ci ildə Onur adlı övladları anadan olmuşdur, bundan sonra iddiaçı ilə aralarında mübahisələr yarandığı üçün iddiaçı azyaşlı övladını ataraq getmişdir, uşaq 2 yaşına çatıqdan sonra Xətai rayon məhkəməsinin qərarı ilə uşağı iddiaçıya qaytarmışdır və 100 manat məbləğində aliment müəyyən olunmuşdur, sonradan iddiaçı yenidən məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmiş və məhkəmənin qərarı ilə alimentin miqdarı dəyişdirilərək 117 manat müəyyən edilmişdir, övladı Onurun 10 yaşı olmasına baxmayaraq, anası İddiaçı səhvləri, səhlənkarlığı və uşağa diqqətsizliyinin nəticəsində 2-si sinfi indi bitirərək 3-cü sinfə keçir, övladı həddindən artıq zəif təhsil almaqla elementar yazıları belə yazmaqda çətinliklər çəkir, eyni zamanda dəfələrlə övladı ilə əlaqə saxlamğa çalışsa da iddiaçı hər vəchlə buna mane olur, baxmayaraq ki, məhkəmənin qərarı ilə hər həftənin şənbə və bazar günləri uşaqla görüş hüququ var, övladında müəyyən dil qüsuru olduğu üçün hər zaman onun müayinə və müalicələrini etdirməyə çalışmışdır, lakin iddiaçı həkimlərdən səhv tutmağa çalışır, həmçinin iddiaçı uşağın müalicəsinə görə 82700 rubl ödədiyini və həmin məbləğin ondan alınmasını tələb etsə də, müalicəyə görə çəkilən xərcləri təsdiq edən sənədləri, ödəniş qəbzlərini, həqiqətən də həmin məbləğdə pul ödənişi həyata keçirdiyini sübut edə bilməmiş və məhkəməyə bununla bağlı heç bir sənəd təqdim etməmişdir, lakin bununla belə, iddia tələbini qismən, yəni 400 manat həcmində qəbul edir və bundan sonra uşağa görə əlavə xərclərdə iştirakını nəzərə alaraq hər ay 50 manat pul vəsaiti ödəməyə razıdır, hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi “SM-klinika”-nın kserosurəti əsaslı sənəd kimi nəzərə alınmamalıdır, həmçinin iddiaçı uzun illərdir ki, uşağı müalicə üçün Astraxan şəhərinə aparıb gətirir, halbuki o özü dəfələrlə uşağın müalicəsi üçün yerli dövlət müəssisələrinə müraciət etməli olduğunu, müalicələrin pulsuz və ya daha az xərclərlə başa gəlməklə mümkünlüyünü bildirmişdir. Cavabdeh1 həmçinin izahatında bildirdi ki, iddiaçı ilə ailə münasibətləri pozulduqdan sonra 09.07.2013-cü ildə Qarabağlı (Məmmədova) Nərmin Elşad qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və bu nikahdan 26.02.2014-cü ildə Murad, 23.08.2015-ci ildə isə Yusif adlı iki övladı anadan olmuşdur, övladı Muradda sonradan qorxu səbəbindən nitq qüsuru yaranmışdır, özünün maddi imkansızlığı ucbatından uşağını müalicə etdirə bilmir, hazırda valideyinlərilə birlikdə yaşayır, heç bir yerdən maddi gəlir yeri yoxdur, atası ağır ürək əməliyyatı olunub, mədə xərçəngindən ciddi əziyyət çəkir, maddi vəziyyətləri ağır olduğu üçün hətta atasını belə müalicə etdirə bilmir, atasına lazım olan gündəlik dərman ləvazimatlarını almaqda çətinlik çəkir, iddiaçının qeyd etdiyi mal-mülk, avtomobil ona yox, atasına məxsusdur, iddiaçının dedikləri doğru deyil, o da uşaq üçün xərc çəkmişdir, həkimə aparmışdır, lakin iddiaçı onun övladı ilə daha yaxından məşğul olmaq, onunla görüşmək imkanlarını süni məhdudlaşdırır, hazırda iddia tələbini qismən qəbul edir, 175 manat məbləğində aliment ödəməyə, uşağa görə əlavə xərc kimi 50 manat, uşağın müalicəsi üçün çəkilmiş məbləğdən 400 manat ödəməyə razıdır. Sonda A.İ. Məmmədov qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 07.11.2015-ci il tarixdə verilmiş AZ-İİİ 648580 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 07.08.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh2, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2016cı il tarixli 2(010)-10983/2016 saylı Qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Xətai rayon Məhkəməsinin 14.01.2013-cü il tarixli 2(011)-404/2013 saylı qətnaməsi ilə Cavabdeh2 07.08.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, uşaq anası İddiaçı verildiyi tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, Cavabdeh2 07.08.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması və həmin uşaq altı yaşına çatana qədər (07.08.2017-ci il tarixinədək) hər ay Cavabdeh2 100 manat məbləğində əlavə xərclərə cəlb edilməsi qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X2 26.02.2014-cü ildə, X3 23.08.2015-ci ildə doğulmuşlar. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı 07.08.2011-ci il təvəllüdlü X1 anası, cavabdeh isə atasıdır, uşaq ananın himayəsindədir, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında cavabdeh tərəfindən ödənilən hər ay 117 manat miqdarında aliment məbləği bu məqsədlə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır, uşağın davamlı müalicəyə ehtiyacı vardır, cavabdehin rəsmi nikahdan Murad və Yusif adlı 2 azyaşlı uşağı vardır, cavabdeh iddia tələbini qismən qəbul edir, qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən, həmçinin çəkilmiş əlavə xərclərə dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli 2(010)-10983/2016 saylı qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, uşağın yaş həddini, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, həmçinin iddia tələbinin qismən qəbul edilməsini, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi imkanında yaxşılaşma hallarının müəyyən olunmamasını, həmçinin onun himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq ondan uşağa görə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, uşağın saxlanılması üçün əlavə xərclərin müəyyən edilməsinə münasibətdə, cavabdehin ailə və maddi vəziyyətini, onun öhdəliyində daha 2 azyaşlı uşaqlarının olmasını, rəsmi olaraq heç yerdə işləməməsini, iddia tələbini bu hissədə qismən qəbul etməsini və digər diqqətəlayiq halları nəzərə alaraq, ondan uşağın 15 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində pul vəsaitinin tutulmasını mümkün hesab edir. Məhkəmə, “uşağın sağlamlığı üçün çəkilən xərclərin əvəzinin tutulması barədə” iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbinin məbləği cavabdehin bu hissədə qəbul etdiyi 400 manat həddində müəyyənləşdirilməlidir, çünki sübutetmə yükündən asılı olan iddia tələbi üzrə daha çox məbləğdə əlavə xərclərin çəkilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, uşağın müalicəsi üçün çəkilmiş xərclərə dair iddiaçının istinad etdiyi “SM-klinikası”-nın tibbi xidmətlərin göstərilməsi üzrə Aktına münasibətdə qeyd edir ki, əvvəla, həmin sübut rəsmi maliyyə sənədi olmamaqla bərabər, ödənişlərə dair həqiqi halları da özündə ehtiva etmir, ikincisi, uşağın ödənişli əsaslarla səhiyyə müəssisələrdə müalicə almasına görə çəkilmiş əlavə xərclərin təkcə iddiaçının vəsaiti hesabına başa gəlməsi, həmçinin belə xərclərin çəkilməsinə səbəb kimi uşağın ödənişli müəssisələrdə müalicə olunması zərurətinin tərəflərin qarşılıqlı razılığından, cavabdehin maddi imkanlarından və ya onun əməllərindən irəli gəlməsi halları müəyyən deyil, həmçinin iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş həmin sübut kserosurətdən ibarətdir ki, bu da hazırkı iş üzrə həqiqi halların müəyyən olunması üçün mötəbər sübut kimi məhkəmə tərəfindən nəzərə alına bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, hər kəsin konstitusiya ilə təminat verilən sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ ödənişli əsaslarla yanaşı, ödənişsiz tibbi xidmətlərdən yararlanmaq imkanlarını da nəzərdə tutur ki, iddiaçı bunun mümkünsüzlüyü barədə sübutları məhkəmə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Həmin Konstitusiyanın 41-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-сi il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli 2(010)-10983/2016 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 07.08.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh2 hər ay uşağa görə 175 manat, 15 yaşına çatanadək əlavə xərclərə görə hər ay 50 manat sabit pul məbləğində aliment, uşağın sağlamlığı üçün çəkilən xərclərin əvəzi kimi 400 manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 500 manatdan çox olduğundan, həmçinin aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli 2(010)- 10983/2016 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 07.08.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh2 uşağa görə hər ay 175 manat, 15 yaşına çatanadək əlavə xərclərə görə hər ay 50 manat sabit pul məbləğində aliment, uşağın sağlamlığı üçün çəkilən xərclərin əvəzi kimi 400 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat alınaraq İddiaçı, 10 manat alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6048/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6048/2021
13.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver