Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6061/2022 11.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – "xxxx" ASC ilə aralarında bağlanmış 192İK/131219 saylı kredit müqaviləsinə əsasən ona ayrılmış 7000 manat məbləğində pulun ½ hissəsinin, yəni 3500 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə aralarında bağlanmış 192İK/131219 saylı kredit müqaviləsinə əsasən onun tərəfindən ödənilmiş 7000 manat məbləğində pulun ½ hissəsinin, yəni 3500 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixində nikaha daxil olmuşdur. Nikahları Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfində 1833 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 adlı iki övladı dünyaya gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1053/2021 saylı, xx.xx.2021-cİ il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Cavabdehlə nikahda olduğu dövr ərzində, yəni xx.xx.2019-cu il tarixində "xxxx" ASC ilə aralarında bağlanmış 192İK/131219 saylı kredit müqaviləsinə əsasən, ona illik 17% olmaqla 36 ay müddətinə 7000 manat məbləğində kredit ayrılmışdır. Cavabdeh ilə faktiki nikah münasibətləri pozulduqdan sonra o, "xxxx" ASC ilə aralarında bağlanmış 192İK/131219 saylı kredit müqaviləsinə əsasən ona ayrılmış krediti tam olaraq ödəmişdir. Hesab edir ki,onun tərəfindən ödənilmiş kredit məbləğinin ½ hissəsi cavabdehdən alınaraq ona ödənilməlidir Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, birgə nikah dövrüdə kredit götürülüb, birgə nikah dövründə də xərclənib. Buna görə də iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5986/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, “Kia Optima” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində tərəflərin bərabər payları müəyyə edilməklə, ½ (ikidə bir) payı üzərində İddiaçı, ½ (ikidə bir) payı üzərində Cavabdeh mülkiyyət hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4439/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5986/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin qətnamədən görünür ki, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 182 nömrəli arayışına əsasən Naxçıvanbank” ASC-nin Bakı filialı ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli 1921K/131219 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Borcalan İddiaçı xx.xx.2021-ci il tarixdə müvafiq kredit müqaviləsi üzrə borcu tam ödəmişdir, borcalan və zaminin kredit müqaviləsi üzrə bank qarşısında heç bir öhdəliyi yoxdur. xx.xx.2019-cu il tarixli, 1921K/131219 saylı istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı 36 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Gömrük bəyannaməsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə “Kia Optima” markalı minik avtomobili üçün 7860,08 manat məbləğində gömrük ödənişi etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəməqaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ar-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixində nikah bağlanmış, aralarındakı nikah məhkəmə qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Birgə nikah dövründə tərəflərin birgə vəsaiti hesabına 99VH715 dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtomobil satın alınmışdır. Birgə nikah dövründə "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 1921K/131219 nömrəli Kredit müqaviləsinə əsasən bank borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 7000 manat məbləğində illik 17 faiz dərəcəsi ilə istehlak krediti vermişdir. Borcalan İddiaçı xx.xx.2021-ci il tarixdə müvafiq kredit müqaviləsi üzrə borcu tam ödəmişdir, kredit müqaviləsi üzrə bank qarşısında heç bir öhdəliyi yoxdur. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən əldə edilmiş kredit vəsaiti hesabına 99VH715 dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtomobil birgə nikah dövründə əldə edildiyindən, həmin əmlakda tərəflərin hər birinin ½ hissədə mülkiyyət hüquqları tanınmışdır, Ailə Məcəlləsinin tələbinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edildiyindən, iddia təmin edilərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilmiş 70000 manat məbləğində pul vəsaitinin yarı hissəsi, yəni 3500 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-6061/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6061/2022
11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver