Məhkəmə qərarları › İş №2(011)-6065/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6065/2021

22.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6065/2021 22.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh 828,47 (səkkiz yüz iyirmi səkkiz manat qırx yeddi qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutularaq iddiaçı “Oba Market" MMC-ə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.11.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh müddətli əmək müqaviləsi ilə administrator vəzifəsinə təyin edilmişdir. Eyni zamanda, cavabdehlə iddiaçı arasında tərətlərin öhdəlik və vəzifələrinə dair “X5” haqqında müqavilə imzalanmışdır. 02.08.2017-ci il tarixində öz ərizəsi əsasında 331-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. 26.05.2017-ci il tarixlərində cavabdehin çalışdığı və məsul olduğu “Oba - Bakıxanov 10” mağazasında aparılmış inventarizasiya yoxlamaları nəticəsində müvafiq malların çatışmadığı aşkar olunmuş və bununla əlaqədar eyni tarixli akt tərtib edilmişdir. Yaranmış borca dair cavabdehlə iddiaçı arasında müvafiq razılaşma əldə olunmaqla 02.08.2017-ci il tarixində “Borcun etirafı və X4” müqavilə imzalanmışdır. Bu müqavilə ilə cavabdeh aparılmış inventarizasiya nəticəsində 828,47 manat borcunun olduğunu etiraf etmiş və sözügedən borcu razılaşdırılmış məbləğdə və müddətdə Ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini iddianı qəbul etdiyini, lakin maddi vəziyyətinin yaxşı olmadığını və pulu hissə-hissə ödəməyə razı olduğunu bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, “X7” MMC ilə Cavabdeh arasında bağlanmış 07.11.2016-cı il tarixli Əmək müqaviləsinə və “X7” MMC-nin 07.11.2016-cı il tarixli 011-K saylı əmrdən çıxarışına əsasən Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları X3 Şəbəkəsinə 07.11.2016-cı il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə Administrator vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan “X7” MMC ilə Cavabdeh arasında bağlanmış 07.11.2016-cı il tarixli X5 haqqında müqaviləyə əsasən (əmək müqaviləsinə əlavə) maddi məsul şəxs Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. İş materiallarında olan “X7” MMC-nin 02.08.2017-ci il tarixli 331-K saylı əmrdən çıxarışına əsasən Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları X3 şəbəkəsinin Administratorunun əmək müqaviləsinə 02.08.2017-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə borclu Cavabdeh arasında 02.08.2017-ci il tarixli borcun etirafı və X4 müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 828,47 manat borcunun olduğunu etiraf edir, Borclu borc məbləğini 2017-ci ilin sentyabr ayından başlayaraq hər ayın 10-a qədər, ayda ən azı 100 AZN olmaqla, 8 ay ərzində tam olaraq İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MMC-nin sabiq adminstratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 07.06.2021-ci il tarixli Arayışa əsasən, 02.08.2017-ci il tarixində Cavabdeh Təvəkkül oğlu ilə İddiaçı MMC arasında Borcun Etirafı və X4 Müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında Cavabdeh Təvəkkül oğlunun 828,47 manat borc öhdəliyi yaranmışdır. Borcun Etirafı və X4 Müqavilə bağlandığı dövrdən indiyə qədər Cəmiyyətə borc məbləğindən mədaxil icra edilməmişdir. Yekun olaraq şəxsin şirkət qarşısında 828 manat borcu qalmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə 3 gün müddətində borcun ödənilməsini təklif edərək, əks təqdirdə müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyini bildirmişdir. İş materiallarından görünür ki, qəbzə əsasən İddiaçı MMC məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə İddiaçı MMC-də, Cəmiyyətin Satış Əməliyyatları X3 Şəbəkəsində Administrator vəzifəsində çalışan maddi məsul şəxs Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürdüyü halda aparılmış inventarizasiya yoxlamaları nəticəsində müvafiq malların çatışmadığı aşkar olunmuş və Cavabdeh iddiaçı qarşısında dəymiş zərərə görə 828,47 manat məbləğində maddi məsuliyyəti yaranmışdır. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh öz üzərinə X5 götürməsi haqqında iddiaçı ilə bağladığı yazılı müqavilə üzrə qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığına görə iddiaçı ona dəymiş ziyanın cavabdehdən alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək vurulmuş ziyana görə Cavabdeh 828,47 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun və bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə Cavabdeh 828,47 (səkkiz yüz iyirmi səkkiz manat qırx yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar