Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-61/2021 11.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun vəkili X3, Cavabdeh, onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “iki qonşu həyətyanı sahələr arasında mövcud olmuş, özbaşına sökülmüş ayırıcı hasarın bərpası, qanunsuz zəbt olunmuş torpaq sahəsinin azad edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi 25/31 və Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi, 25/33 ünvanlarında yerləşən yaşayış evlərinə aid olan torpaq sahələrinin sərhədi boyu yerləşən hasar divarının özbaşına sökülmüş hissəsinin bərpası, qanunsuz zəbt olunmuş torpaq sahəsinin azad edilməsi və iddiaçıya vurulmuş 5.000 manat maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, ünvan 2 ünvanında yerləşən həyətyanı sahədə tikdirdiyi evdə (özütikili) ailəsi ilə birlikdə yaşayır. O, bütün qonşuları ilə həmişə yaxşı münasibətdə olmuşdur. Lakin son vaxtlar iddiaçı ilə Aşıq Qurban küçəsi, ev 25/31 ünvanında yerləşən evdə (özütikili) yaşayan qonşusu Cavabdeh ilə aralarında müəyyən vaxtlarda narazılıqlar yaranır. İddiaçının evinin yerləşdiyi həyətyanı sahə ilə qonşu Cavabdeh evinin yerləşdiyi həyətyanı sahənin arasında sərhəd boyu ayırıcı hasar mövcuddur. İddiaçının evi ilə həmin hasar arasında bir metrə yaxın məsafə vardır. Bir müddət öncə iddiaçı ailəsi ilə birlikdə rayonda olduğu zaman qonşu Cavabdeh iddiaçını xəbərdar etmədən, ondan icazə almadan sözügedən ayırıcı hasarın iddiaçının evinin divarının uzunluğu qədər olan hissəsini sökdürmüş və hər iki tərəfdən hasarın sökülmüş uclarını döndərərək evin divarının tinlərinə birləşdirmişdir. Bu hərəkəti nəticəsində o, iddiaçının həyətindən 10x0.5 metr ölçüdə olan hissəsini qanunsuz olaraq zəbt edərək öz həyətinə birləşdirmişdir. Cavabdeh tərəfindən aparılmış qanunsuz tikinti işləri nəticəsində evin arxa divarı çökmüşdür, normal təmirli evin tavanında hazırda çoxsaylı çatlar əmələ gəldiyindən, iddiaçıya 5000 manata yaxın maddi ziyan dəymişdir. Hal-hazırda iddiaçı evinin arxa tərəfinə keçə bilmir. Cavabdeh tərəfindən aparılmış qanunsuz tikinti işləri iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdeh Aşıq Qurban küçəsi 25/31 və 25/33 ünvanında yerləşən evlərin iddiaçıya məxsus sərhəd hasarını qanunsuz olaraq sökmüş, iddiaçıya məxsus evin həyətyanı sahəsinin bir hissəsini zəbt edərək öz həyətyanı sahəsinə qatmış, həmçinin maddi ziyan vurmuş, bununla da iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək onun tərəfindən aparılan qanunsuz işləri vaxtında dayandırmağı, sökdüyü hasarı əvvəlki vəziyyətinə qaytarmaq üçün işlər sökməyi, zəbt etdiyi torpaq sahəsini azad etməyi xahiş etsə də, cavabdeh iddiaçının sözlərinə məhəl qoymamış, iddiaçını təhqir etmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili X4 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdeh və onun vəkili X2 iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 4, ev 25/31 ünvanında yerləşən torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının digər qonşuya axmaması üçün hər hansı bir tədbirin görülmədiyi müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə mübahisəli yaşayış sahələrinə yerli baxış keçirilən zaman ünvan 3 ünvanında yaşayış sahəsinin həyətyanı sahəsində söküntü işlərinin olması aşkar edilmişdir. Sözügedən ünvanda yardımçı sahəyə baxış keçirilən zaman həmin tikilinin iddiaçının evi ilə müəyyən ara məsafəsində inşa edilmiş olması aşkar edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçı iddia tələbində cavabdehin iki həyətyanı sahənin arasında olan ayırıcı hasarı sökərək iddiaçının həyətinin bir hissəsini qanunsuz olaraq zəbt etməsini əsas gətirərək tikinti norma və qaydalarının pozulduğunu, eləcə də həmin ayırıcı hasarın müvafiq icazə alınmadan söküldüyündən tikilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Normanın məzmunundan müəyyən olunur ki, daşınmaz əmlaka yaranan hüquqların müdafiəsi qanun bu hüquqların müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alındıqdan sonra təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Aşıq Qurban küçəsi, 25/31 saylı tikili özbaşına tikilidir. Qanunun tələbinə görə özbaşına tikiliyə sahiblik, istifadə və sərəncam hüquqları yaranmadığından iddiaçı mövcud olmayan hüquqlarının pozulmasına dair tələb irəli sürə bilməz. Məhkəmə iddia tələbinin iddiaçıya vurulmuş 5000 manat maddi ziyanın ödənilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 4, ev 25/31 ünvanında əvvəllər yerləşən “B” literli tikili ilə ünvan 4, ev 25/33 saylı ünvanda yerləşən yaşayış otağı ilə yaxın məsafədə və bir istiqamətdə yerləşdiyini nəzərə alaraq “B” literli tikilinin söküntüsü nəticəsində əmələ gələn sirkələnmə (zərbə vibrasiya) nəticəsində yaşayış otağının tavanı və divarları üzərində çatların əmələ gəlməsinə səbəb ola bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, sözügedən yaşayış sahəsinin tavanında çatların əmələ gəlməsinin qonşu ünvan 6-də aparılmış söküntü işlərinin təsirindən törəməsi işin hər hansı halı ilə müəyyən edilməmişdir. Belə ki, məhkəmə tərəfindən mübahisəli ünvanlara yerli baxış keçirilən zaman ünvan 5, ev 25/33 ünvanında yerləşən tikilinin üzərində dəmiryol xəttinin yerləşdiyi və hər gün oradan qatarın keçməsi ilə həmin ünvanda sirkələnmənin olması müəyyən olunmuşdur. Həmçinin, iş üzrə verilmiş eskpert rəyinin nəticə hissəsindən də ünvan 5 ünvanında yerləşən 25/33 saylı evin tavanı və divarları üzərində çatların yaranması ilə məhz ünvan 6 ünvanında yerləşən tikilinin sökülməsi arasında səbəbli əlaqənin olması ehtimal edilsə də, qeyd olunan halın təsdiqi rəydə öz əksini tapmamışdır. Beləliklə, iddiaçı tərəf cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulması ilə əlaqədar məhkəməyə hər-hansı sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi 25/31 və Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi, 25/33 ünvanlarında yerləşən yaşayış evlərinə aid olan torpaq sahələrinin sərhədi boyu yerləşən hasar divarının özbaşına sökülmüş hissəsinin bərpası, qanunsuz zəbt olunmuş torpaq sahəsinin azad edilməsi və iddiaçıya vurulmuş 5.000 manat maddi ziyanın ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-61/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-61/2021
11.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver