Məhkəmə qərarları › İş №2(011)-6115/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6115/2021

15.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6115/2021 15.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Mənzil Tikinti Kooperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2013-cü ildən mənzildən istifadə etməsi və 2016-cı ilin dekabr ayının 19-dan X.Məmmədov küçəsi 2942-ci məhəllədə yerləşən 154 saylı mənzili bugünədək boşaltmamasına görə hər ay üçün 450 manat kirayə haqqı olmaqla cəmi 24300 manat maddi zərərin (əldən çıxmış faydanın) tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ş.N.Kərimov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər arasında 2013-cü ilin mart ayında müqavilə bağlanmış, müqavilə əsasında cavabdeh X.Məmmədov küçəsi 2942-ci məhəllədə yerləşən 154 saylı mənzili əldə etmişdir, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış bu müqavilə ləğv edilmiş, cavabdehin yaşayış sahəsi ilə təmin edilmədən həmin mənzildən məcburi çıxarılması və ödədiyi 11,340 manat, təmir xərcinə görə 21,404 manatın qaytarılması qət edilmişdir, qətnamədən apelyasiya və kassasiya şikayətləri verilmiş, lakin təmin edilməmişdir, qətnamə icra olunması üçün Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir, MTK tərəfindən cavabdehə ödəniş olunmamışdır, mənzildən çıxacağı təqdirdə ödəniş olunacaqdır, mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, cavabdeh bugünədək həmin mənzildən istifadə edir, dəfələrlə ona edilmiş müraciətlərə, iddiaçı tərəfindən yazılmış məktublara məhəl qoymamışdır, hal-hazıradək mənzildən çıxmamaqla mənzilin təmirinə imkan yaratmamış, tam istifadəyə yararsız hala salmışdır, iş materiallarına əlavə edilmiş ekspert rəyindən göründüyü kimi həmin mənzilin 2013-2018-ci il tarixlərində real kirayə haqqı 1 ay üçün 450 manat müəyyən edilmişdir, əgər iddiaçı həmin mənzili 2016-cı ilin dekabr ayında kirayə versə idi, 54 ay üçün 24,300 manat gəlir əldə edə bilərdi. Sonda E.D.Aslanov qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 20.08.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, həmin mənzil barədə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qanuni qüvədə olan qətnaməsi ilə cavabdehə, yəni onun qızına pul ödənilməlidir, lakin onlar pulu tələb etsələr də, iddiaçı şirkət pulu ödəmir, əgər iddiaçı onların mənzildən çıxmasına maraqlıdırsa, cavabdehin pulunu ödəsin, pul ödənilərsə rahatlıqla mənzildən çıxacaqlar, hazırda həmin mənzildə cavabdeh öz oğlu ilə birlikdə yaşayır, iddiaçı şirkətin nümayəndələri hətta hücum edərək qapını da qırmış, bu səbəblə prokurorluğa da məlumat verilmişdir, həmçinin mənzilin aylıq kirayə haqqının 450 manat deyil, 300 manatdır. Sonda H.A.Tağıyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4224/2016 saylı 19.12.2016-cı il tarixli qətnaməsi ilə «Stil Tikinti İnşaat” MTK ilə Cavabdeh arasında bağlanmış 29.03.2017-ci il tarixli 27 saylı kooperativ mənzil tikintisi haqqında müqavilə ləğv edilmiş, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 2942-ci məhəllədə yerləşən 154 saylı mənzilndən çıxarılması, "xxxx" MTK-dan ödənişlərə görə 11,340 manat, təmir xərclərinə görə 21,404 manat olmaqla, cəmi 32,744 manatın Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2748/2018 saylı 26.04.2018-ci il tarixli Qərarı ilə işin müəyyən edilmiş hallarında görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2017-ci il tarixli 2(103)-5804/2017 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 4224/2016 saylı 19.12.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan həmin Qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan X2 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş 22.06.2021-ci il tarixli 30№-li rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 2942-ci məhəllədə yeni inşa olunmuş 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, 106,41 kv.m sahəsi olan yaxşı təmirli mənzilin 2013-cü ildən 2018-ci il tarixlərində real kirayə haqqı 1 ay üçün-450 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış 23.07.2018-ci il tarixli məktubdan görünür ki, Cavabdeh 19.12.2016-cı il tarixli icra sənədinin «Stil Tikinti İnşaat” MTK tərəfindəm icra edilməsi barədə tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan «Stil Tikinti İnşaat” MTK tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinə ünvanlanmış məktubun surətindən görünür ki, «Stil Tikinti İnşaat” MTK Cavabdeh çıxarılması ilə əlaqədar tədbir görülməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında 29.03.2017-ci il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır, qanuni qüvvədə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 4224/2016 saylı 19.12.2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış həmin müqavilə ləğv edilmiş, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 2942-ci məhəllədə yerləşən 154 saylı mənzilndən çıxarılması, "xxxx" MTK-dan ödənişlərə görə 11,340 manat, təmir xərclərinə görə 21,404 manat olmaqla, cəmi 32,744 manatın Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bununla belə, cavabdehin maddi hüquqi məsuliyyətinə əsas verən hüquqa zidd əməllərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, əvvəla, iddia tələbi sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına buna dair sübutlar əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır, ikincisi, cavabdeh mübahisəli mənzilə tərəflər arasında bağlanmış müqavilə üzrə qarşılıqlı razılıq əsasında köçmüşdür ki, bu da hazırkı tələb üzrə cavabdehin təqsirli hüquqazidd əməlini istisna edir. Məhkəmə, iddiaçının “cavabdehin hal-hazıradək mənzildən çıxmaması” dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında mübahisəli mənzil üzrə qarşılıqlı hüquq və vəzifələr müəyyənləşdirən qanuni qüvvəyə minmiş məhkəmə aktının bu vaxta qədər icra edilməməsi, tərəflərin maddi məsuliyyətini istisna etməsə də, hazırkı iş üzrə dəymiş maddi zərərin müəyyən edilməsi üçün kifayət etmir. Belə ki, əvvəla, məhkəmə qətnaməsinin icra edilməməsinin bilavasitə cavabdehdən asılı olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir, ikincisi, həmin məhkəmə qətnaməsi ilə iddiaçının da cavabdeh qarşısında icra olunmayan öhdəliyi vardır. Məhkəmə, iddiaçının “mənzili 2016-cı ilin dekabr ayında kirayə versə idi, 54 ay üçün 24,300 manat gəlir əldə edə bilərdi” barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, bu dəlillər konkret fakta (3-cü şəxslə kirayə müqaviləsinin bağlanması və s.) əsaslanmamaqla formal mülahizələrindən ibarətdir ki, bu da iddia tələbinin təmin olunması üçün nəzərə alına bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və məhkəmə tərəfindən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Mənzil Tikinti Kooperativinin “Cavabdeh 2013-cü ildən mənzildən istifadə etməsi və 2016-cı ilin dekabr ayının 19-dan X.Məmmədov küçəsi 2942-ci məhəllədə yerləşən 154 saylı mənzili bugünədək boşaltmamasına görə hər ay üçün 450 manat kirayə haqqı olmaqla cəmi 24300 manat maddi zərərin (əldən çıxmış faydanın) tutulması” dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Mənzil Tikinti Kooperativinin “Cavabdeh 2013-cü ildən mənzildən istifadə etməsi və 2016-cı ilin dekabr ayının 19-dan X.Məmmədov küçəsi 2942-ci məhəllədə yerləşən 154 saylı mənzili bugünədək boşaltmamasına görə hər ay üçün 450 manat kirayə haqqı olmaqla cəmi 24300 manat maddi zərərin (əldən çıxmış faydanın) tutulması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar