Məhkəmə qərarları › İş №2(011)-6117/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6117/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6117/2021 20.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, "xxxx" KB ASC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasnda baxaraq müəyyən etdi: "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" KB ASC-nin xeyrinə 2000 manat əsas, 174,77 manat faiz, 15,08 manat cərimə, cəmi 2189,85 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" KB ASC-nin nümayəndəsi R.T.Əhmədov iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 11.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 28% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir, tərəflər arasında bağlanmış kredit xətt müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb, lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur, nəticədə iddia ərizəsi məhkəməyə verildiyi tarixdə cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya 2000 manat əsas, 174,77 manat faiz, 15,08 manat cərimə, cəmi 2189,85 manat borcu yaranmış, hazırda isə həmin borcdan qismən ödənildiyindən 1474,08 manat əsas, 7,36 manat faiz və 0,17 manat cərimə borcu olmaqla cəmi 1481,61 manat borc qalmışdır. Sonda R.T.Əhmədov iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında 11.09.2020-ci il tarixli 2214nkAHM/20 saylı kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən kreditor tərəfindən borcluya 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 19.08.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin iddiaçıya ödənilməmiş 1474,08 manat əsas, 7,36 manat faiz və 0,17 manat cərimə borcu olmaqla cəmi 1481,61 manat borcu qalmışdır. İş materiallarında olan 2214nkAHM/20 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 24 ay müddətinə illik 28 faiz dərəcəsi, 0 ay güzəşt müddəti ilə, aylıq annuitet 110 manat olan 2000 manat məbləğində kredit ayrılmışdır. İş materiallarında olan Cavabdeh ünvanlanan 21.05.2021-ci il tarixli bildirişdən görünür ki, ondan 3 iş günü müddətində borcun ödənilməsi təklif edilmiş və borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 07.07.2021-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi əsasında sonuncu bankdan kredit alaraq üzərinə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Cavabdehə borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1474,08 manat əsas, 7,36 manat faiz və 0,17 manat cərimə borcu olmaqla cəmi 1481,61 manat məbləğində kredit borcu alınaraq "xxxx" KB ASC -yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi dövlət rüsumu qismində ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1474,08 manat əsas, 7,36 manat faiz və 0,17 manat cərimə borcu olmaqla, cəmi 1481 (min dörd yüz səksən bir) manat 61 (altmış bir) qəpik məbləğində kredit borcu alınaraq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar