Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6123/2022 26.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, itirilmiş faydaya maddi və mənəvi zərərə görə cəmi 7.000 manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qubadlı rayonu Muskanlı kəndində anadan olmaqla həmin kənddə qeydiyyatdadır. Onlar 1993-cü ildə ailə üzvləri ilə birlikdə daimi yaşadıqları evi tərk etdikdən sonra məcburi köçkün kimi Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində yaşayış yerləri olmadığından ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşamışlar. Həmin ünvanda yaşadıqları müddət ərzində ailə üzvləri vaxtından əvvəl dünyalarını dəyişdikləri üçün iddiaçı 3 il öncə həmin ünvanı tərk edib bir qədər kənarda həyat yoldaşı Kamalə Qəniyevanın adına olan fərdi evdə yaşamışdır. Təxminən iki ildir ki, qonşuluqda yaşayan qardaşı Cavabdeh heç bir əsas olmadan iddiaçıya məxsus evin həyətinə iddia edir, dəfələrlə həyətlər arasında hündürlüyü 2 metr olan daş barını sökmüşdür. 08 aprel 2022-ci il tarixdə Cavabdeh tərəfindən yenidən həyətlər arasında olan daş barı və hamam otağının bir hissəsi qəsdən uçurulmuş, nəticədə iddiaçıya 400 manat civarında maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırkı iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edə bilərdi. (Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.) Maddənin dispozitiv şərtlərinin ödənilməsi üçün iddiaçı mülkiyyətçi (qanuni sahib) olmalı, onun mülkiyyətinə qəsd və ya digər maneələr ortada olmalı, bu cür maneələr mülkiyyətçinin əmlakından istifadə, sahiblik, müəyyən hallarda əmlaka dair sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının hansı hüquqi əsasa istinadən qeyd olunan ünvanda yaşaması, onun hansı hüquqmüəyyənedici sənədlərinin mövcud olması araşdırılarkən müəyyən edilmişdir ki, tərəflərin yaşadıqları torpaq sahəsi qanunsuz olaraq zəbt edilmiş və onun üzərində evlər inşa edilmişdir. İddiaçı zəbt edilmiş torpaq sahəsinin üzərində hansı qanuni əsasa istinadən hasar inşa etmək istəməsini əsaslandırmamışdır. Belə ki, onun bunun üçün dövlət orqanları tərəfindən verilmiş lazımi sənədləri mövcud deyildir. İddiaçının hazırkı mərhələdə hasarı inşa etməsi ona qanuni əsasla aid olmayan torpağın sərhədlərinin müəyyən edilməsi kimi qiymətləndirilə bilər ki, bu da qanunsuzdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının və cavabdehin yaşadıqları ünvana yerli baxış keçirilən zaman müəyyən edilmişdir ki, qeyd olunan hasarın tikintisi üçün zərurətin yaranması və cavabdeh tərəfindən iddiaçıya əmlakdan istifadəyə dair hər hansı maneənin yaradılması halları aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsası mövcud olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin maddi və mənəvi zərərə görə 7.000 manat pulun cavabdehdən tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi və mənəvi ziyan vurulmasına istinad edərək 7000 manat pul vəsaiti tələb etsə də, o, həmin məbləğin hansı hissəsinin maddi, hansı hissəsinin mənəvi ziyan olmasını göstərməmişdir. İddiaçı ona maddi ziyan dəyməsini sübuta yetirəcək halları məhkəmə iclasında sübuta yetirə bilməmiş, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdehin törətdiyi əməl nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu, nəticədə xeyli miqdarda xərc çəkdiyini qeyd etsə də, qeyd olunan xərcləri sübuta yetirəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəf cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı Qubadlı rayonundan məcburi köçkündür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı məcburi köçkün olduğundan o, dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı - cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, itirilmiş faydaya maddi və mənəvi zərərə görə cəmi 7.000 manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6123/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6123/2022
26.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver