Məhkəmə qərarları › İş №2(011)-6126/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6126/2022

04.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6126/2022 04.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, müəyyən edilmiş aliment məbləğinin artırılaraq sabit pul məbləği ilə hər aya 193 manat alimentin ödənilməsinə və dövlətin məcburi köçkünlərə verilən müavinətin, uşağın payına düşən hissəsinin alınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehlə nikahları pozulmuşdur, məhkəmə qərarı ilə birgə nikahdan olan uşaqları xx.xx.2007-ci il təvəllüdlü X6 öz himayəsində saxlanmış, onun saxlanması üçün cavabdehdən 160 manat aliment tutulması qət edilmişdir, hazırda cavabdehin yaşadığı ünvanda qeydiyyatda olsa da, az yaşlı qızı ilə birlikdə kirayədə yaşayır, ayrıldıqları müddətdə cavabdeh uşağı ilə maraqlanmamışdır, heç bir maddi kömək göstərməmişdir, qanuna əsasən uşağın normal böyüməsi yükü hər iki valideynin üzərinə düşür, cavabdehdən aliment tutulduğu tarixdən 2020-ci ilin yanvar ayından dövlət tərəfindən qızına verilən aylıq 60 manat müavinət cavabdeh tərəfindən mənimsənilir və uşağa verilmir, cavabdeh bildirir ki, aliment ödədiyi üçün dövlət tərəfindən uşağa verilən müavinət dayandırılıb, lakin Şuşa rayon İcra Hakimiyyətinə və bu sahədə fəaliyyət göstərən aidiyyəti qurumalara rəsmi müraciətindən sonra bildirmişlər ki, uşağa verilən pulun hər ay ödənilməsi portal sistemdə görünür, sadəcə həmin pul cavabdeh tərəfindən mənimsənilir, özü kirayədə qalır, “Dost” iş mərkəzində çalışır, 283 manat əmək haqqı alır, uşaq 15 yaşındadır, onun təhsil alması, hazırlıq və məşğələlərə getməsi, evin kirayə pulu, gündəlik təlabat, kommunal və başqa xərclər hər biri əlavə vəsait tələb edir, hazırda özü çox çətin vəziyyətdə yaşayır, artan bazar qiymətləri ilə uşağın tələbatını ödəyə bilmir, alimentin 193 manat olmasını istəyir çünki bu uşağın haqqıdır. Sonda iddiaçının nümayəndəsi və vəkili K.E.Nurəliyev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçı iki yerdə işləyir, belə ki, o, həmçinin bacısının adına işləyir, bacısı təmizlikçidir, hətta Bərdə də təmirli evləri var, özü isə işləmir, dövlət tərəfindən 60 manat pul verilir, 100 manat isə anası verir, beləlikə qətnamə ilə müəyyən olunmuş məbləğdə alimenti ödəyir, əgər anası olmasa alimenti verə bilməz, özü qazana bilmir, bacı-qardaşının hesabına yaşayır, əvvəllər yaxşı qazancı olmuş, lakin sonradan olmamışdır, yanvar ayından bəri cəmi bir dəfə işi olub, alimenti bir manat belə artıq ödəməyə imkanı çatmır, müəyyən olunan məbləği belə çətinliklə ödəyir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(011)-6276/2019 saylı Qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X10 ilə Cavabdeh arasında Şuşa rayon Qeydiyyat şöbəsi tərəfindən 23 aprel 2008-ci il tarixli 38 saylı akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, 20 noyabr 2007-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün anası X5 yanında qalması, 20 noyabr 2007-ci il təvəllüdlü X1 üçün 24 iyun 2019-cu il tarixdən başlayaraq, Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq, X8 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZE seriyalı 12204890 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ağazadə Xədicə xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdir. İş materiallarında olan “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli ******* №-li Arayışdan görünür ki, İddiaçı 13 mart 2013-cü il tarixdən Şuşa rayonu, Şuşa şəhəri, N.Nərimanov küçəsi ev 33, mənzil 16 da qeydiyyatdadır. İş materiallarında olan 99 saylı MKİS tərəfindən verilmiş 670 №-li xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı General Şıxinski küçəsi 1 saylı evin 66 mənzilində Şuşa rayonundan məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı 183552 saylı 07 may 2008-ci il tarixdə verilmiş “Məcburi köçkün vəsiqəsi”nin surətindən görünür ki, Cavabdeh Şuşa rayonundan məcburi köçkündür. İş materiallarında olan AR ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli **********8 saylı Arayışdan görünür ki, Cavabdeh AR ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən adına heç bir qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş 20 avqust 2022-ci il tarixli MŞB/11-00683 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır, cari əmək müqaviləsi yoxdur. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı cari iş yeri "xxxx" MMC, vəzifəsi sosial işçi, əmək haqqı 300 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X6 adlı bir yetkinlik yaşına çatmayan uşaqları var, nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlanılmışdır və hal-hazırda da onun yanındadır, Xətai rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(011)-6276/2019 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə hər ay 160 manat miqdarında aliment tutulması qət edilmişdir, iddiaçının aylıq əmək haqqı 300 manatdır, cavabdehin rəsmi iş yeri yoxdur, onun adına daşınar və daşınmaz əmlak qeydiyyata alınmamışdır. Bununla belə, alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik (yaxşılaşma) olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin rəsmi iş yerinin olmamasını, hazırda işləməməsini, onun əmlak vəziyyətini – adına daşınar və daşınmaz əmlakların olmamasını, iddiaçı tərəfindən, alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik (yaxşılaşma) olması barədə sübutların təqdim edilməməsini, habelə buna dair halların məhkəmə tərəfindən də müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pu! məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, aliment tələbinə dair ərizələr üzrə iddiaçı, məcburi köçkün olduğuna görə isə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olduğundan, həmçinin hazırki iddia tələbi rədd edildiyindən, tərəflərdən dövlət rüsumu alınmamalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, müəyyən edilmiş aliment məbləğinin artırılaraq sabit pul məbləği ilə hər aya 193 manat alimentin ödənilməsinə və dövlətin məcburi köçkünlərə verilən müavinətin, uşağın payına düşən hissəsinin alınması” barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar