Məhkəmə qərarları › İş №2(011)-6139/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6139/2021

17.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6139/2021 17.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi Bakı şəhəri Xətai rayon icra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən bir ədəd mobil qurğunun dəyəri olan 1346,03 manat vəsaitin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-342/2020 saylı 04.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə məhkum edilmişdir. 05.01.2021-ci il tarixdə böyük icra məmuru Rövşən Ağayev tətəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmişdir. Həmin gün müvafiq iltizamla bir ədəd mobil nəzarət qurğusu,bir ədəd elektron qolbaq, üç ədəd ev siqnal ötürücüsü, bir ədəd adaptor hazırki iş üzrə cavabdeh olan Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh 1346,03 manat dəyəri olan elektron nəzarət vasitəsi-mobil qurğunu itirmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi ziyan vurmuşdur. Nazirliyin verdiyi məlumata görə həmin mobil qurğunun dəyəri 1346,03 manat təşkil edir. Cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 342/2020 saylı 04.11.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməsinə dair təqdimat Xətai Rayon Məhkəməsinin 7(011)-163/2021 saylı 04.06.2021-ci il tarixli qərar ilə təmin edilmiş və ona 09 ay 29 gün azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Bakı şəhəri Xətai rayon icra və Probasiya şöbəsinin böyük icra məmuru X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdu və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbələri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-163/2021 saylı 04.06.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-342/2020 saylı, 04.11.2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh üzərində qəti olaraq 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkumun üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti günün 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuş, onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayon icra və Probasiya şöbəsinə həvalə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011 )-342/2020 saylı, 04.11.2020-ci il tarixli hökmü və hökmün icrası barədə göstəriş Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və Cavabdeh probasiya şöbəsində 02.12.2020-ci il tarixdə qeydiyyata alınmış, elektron nəzarət vasitəsi 02.12.2020-ci il tarixdə məhkumun üzərinə bağlanılmış və məhkumdan həmin tarixdə izahat alınmışdır. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə 06.05.2021-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh tətbiq edilən elektron nəzarət vasitəsinə baxış keçirilmiş, mobil qurğunun və elektron qolbağın məhkumun üzərində olmadığı müəyyən edilmişdir. Qeyd olunan qərarla məhkum Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi barədə icra məmurunun təqdimat təmin edilərək, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 07 ay 28 gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 09 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir. Bakı şəhəri Xətai rayon icra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən Cavabdeh ünvanlanmış 06.05. 2021-ci il tarixli, 21-1/212053/7 saylı bildirişdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-342/2020 saylı 04.11.2020-ci il tarixli hökmünə əsasən təhkim olunmuş elektron nəzarət vasitəsi olan 01 ədəd mobil qurğunun dəyəri olan 1346,03 manat pulu təqdim olunmuş müvafiq hesaba ödəməsi cavabdehdən tələb olunmuş, könüllü ödənilmədiyi halda həmin pulun məcburi tutulması üçün məhkəməyə mürciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2-ci maddəsinin tələblərinə görə, ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. 15-2.2. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, əmlakdan məhrum olması, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş işin faktiki hallarından müəyyən olunur ki, cavabdeh olan Cavabdeh elektron nəzarət avadanlıqlarının istifadə qaydalarının izah edilməsinə, bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, 1346,03 manat dəyəri olan elektron nəzarət vasitəsi-mobil qurğunu itirməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 1346,03 manat məbləğində maddi ziyan vurması müəyyən edildiyindən, iddia təmin edilməli, həmin elektron nəzarət vasitəsi-mobil qurğunun dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 124.1 -ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh bir ədəd mobil qurğunun dəyəri olan 1346,03 (bir min üç yüz qırx altı manat 03 qəpik) manat pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar