Məhkəmə qərarları › İş №2(011)-6187/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6187/2023

26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6187/2023 26.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı – alimentin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh hər uşaq üçün hər ay 500 manat (iki uşaq üçün cəmi 1000 manat) sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 2006-cı ildə rəsmi dövlət qeydiyyatında keçməklə ailə həyatı qurmuşdur. Nikahdan xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X10 anadan olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən (iş №2(103)-7630/2015) Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi alimentin miqdarına aid olan hissədə dəyişdirilmiş və 108 manatdan 90 manata qədər azaldılmış və iki uşaq üçün 180 manat müəyyən olunmuşdur. 2022-ci il üzrə yaşayış minimumu haqqında Qanuna görə uşaqlar üçün yaşayış minimumu artmışdır. Cavabdeh hər uşaq üçün 90 manat aliment ödəyir. Uşaqlar böyüyüb və onların xərcləri də artıb. Bu məbləğ uşağı yaşayış yeri ilə təmin edə bilmir. 2015-ci ildən bu günə kimi təsadüf hallarda (iki-üç dəfə) çətinliklə cavabdehdən 100-200 manat məbləğində pul ala bilmişdir. (Aytac bir müddət xəstəxanalrda müalicə olunmuşdur). Cavabdehin dediyinə görə övladları Aytac və Rəşaddan sonra cavabdeh növbəti dəfə həyat qurub və daha iki övladı var və bu səbəbdən Aytac və Rəşada 90 manatdan çox aliment verə bilməz. Cavabdehlə nikahda olduğu dövrdə həmişə işləmiş və evə hamıdan çox pul gətirmişdir. Onlar Lerik rayonu,Orand kəndində yaşadıqlar halda (cavabdeh Orand kənd məktəbinin direktoru işləyirdi) iddiaçıdan xəlvəti cavabdeh Bakı şəhərində Vişnyovka adlanana ərazidə bir neçə daşınmaz əmlak (villa) tikdiribmiş. Bu barədə iddiaçı yalnız keçən il bilmişdir. Rəsmi ünvan deməyib. Daşınmaz əmlakın bölünməsini də tələb edəcək. Cavabdehin 4(dörd) bacısı, bir qardaşı, atası və anası heç vaxt işləməyiblər., hamısını cavabdeh saxlayıb və saxlamaqda davam edir. X14 çatanda öz rəsmi 380 manatlıq maaşını göstərir. İddiaçı ilə nikahda olduğu vaxtda cavabdehin daşınmaz əmlakları hansı gəlir sayəsində tikdirdiyini də aşkar etmək aşkar etmək kimi qanuni hüququ var. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh ikinci dəfə nikaha girdiyini, ikinci nikahdan da iki uşağının olduğunu və əmək haqqının nəzərə alınmaqla iddia tələbini təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7630/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilmiş, alimentin miqdarı hər uşaq üçün doxsan manat, iki uşaq üçün 180 manat müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2006-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarix, 99 nömrə ilə qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh 2022-ci il tarixindən Bakı şəhəri Təhsil İdarəsi Xəzər rayonu 26 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsinə işə qəbul olunmuşdur və hal-hazırda həmin təhsil müəssisəsində işləyir. Hər ay əmək haqqısından 180 manat aliment tutulur. Aylıq kart hesabına ödənilən əmək haqqısı 464 manat 23 qəpik məbləğindədir. İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyətinin başçısının Orand kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Lerik rayon Orand kəndində pasport qeydiyyatındadır, ailə tərkibi X11 (işsiz), X7 (məktəbli) və X3 ibarətdir. “Elektron məhkəmə” informasiya sistemi və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X12 xx.xx.2019-cu ildə, X8 xx.xx.2015-ci ildə anadan olmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, iddiaçının iş yeri Bakı Şəhəri Təhsil İdarəsi, vəzifəsi “müəllim, ümumi təhsil məktəbi”, əmək haqqı 912.22 manat və yenidən iş yeri iş yeri Bakı Şəhəri Təhsil İdarəsi, vəzifəsi “müəllim, ümumi təhsil məktəbi/biologiya”, əmək haqqı 438.89 manat qeyd edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, cavabdehn iş yeri Bakı Şəhəri Təhsil İdarəsi, vəzifəsi “müəllim, ümumi təhsil məktəbi”, əmək haqqı isə 785 manat qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən iki uşaq üçün hər ay 180 manat məbləğində aliment tutulması müəyyənləşdirərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqların tələbatları artmışdır. Qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il № 8- 2/2016 saylı Qərarının 8.13-cü bəmdində də qeyd olunur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hazırkı iş üzrə isə öz təsdiqi tapan hal ondan ibarətdir ki, cavabdeh ikinci dəfə nikaha girmiş və həmin nikahdan da iki azyaşlı uşağı vardır. Belə olan halda valideyn olaraq atanın da həmin uşaqların saxlaması vəzifəsi yaranmışdır. Məhkəmə həmçinin qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş arayışlardan görünür ki, iddiaçının aylıq gəliri (438.89+912.22) cavabdehin aylıq gəlirindən daha çoxdur. Buna görə də uşaqları saxlamaqda valideynlərin bərabər öhdəlik daşımaları nəzərə alınmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı da sonradan nikaha girmiş, lakin həmin nikahdan uşaqları olmamışdır. Məhkəmə hər ay hər uşağa 500 manat, cəmi 1000 manat məbləğində alimentin cavabdehdən tutulmasını ağlabatan hesab etmir. Belə ki, cavabdehin əmək haqqısının 785 manat olduğunu, onun ikinci dəfə nikaha girməsini və bu nikahdan iki azyaşlı uşaqlarının olduğunu nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli və hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 386x12=4632 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 66.32 manat təşkil edir. Odur ki, iddiaçı aliment ilə bağlı hissədə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 66.32 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-7630/2015 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 66.32 (altmış altı manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar