Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-620/2022 09.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Abbaslı Elman Semur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 22 saylı evin 87 saylı mənzilindən su axıdılması nəticəsində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 22 saylı evin 83 saylı mənzilinə dəymiş 1000 manat məbləğində maddi ziyanın və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 83 saylı mənzil xx.xx.2019-cu il tarixdən şəxsi mülkiyyətindədir. Binanın 6-cı mərtəbəsində o, 8-ci mərtəbəsində isə cavabdeh yaşayır. Mənzili 3 otaqdan ibarətdir. Cavabdeh uzun müddətdir ki, sözü gedən mənzilə köçmüşdür, mənzilindən düzgün istifadə etmir və bu illər ərzindədə daima su axıtmalar baş verir. Cavabdehin evindən su axması nəticəsində mənzilinin mətbəxində bütün tavan zərər görmüşdür. Hətta hamam və tualetində tavanı yararsız vəziyyətdədir. Daha əvvəl də cavabdehin təqsiri üzündən mənzilinə su axıdılmış və dəymiş ziyanı qaldırmaq üçün bir neçə dəfə öz hesabına evi təmir etdirmişdir. Əlavə olaraq, işıq enerjisindən də istifadə zamanı problemlə qarşılaşır. Bu barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, o, bundan heç bir nəticə çıxarmamış, özünün qanunsuz hərəkətlərinə son qoymamış və qonşu kimi birgəyaşayış qaydalarına riayət etməmişdir. Dəfələrlə sahə müvəkkilinə şikayət etsə də, heç bir nəticə olmamış, su axıntısı yenidən baş vermişdir. Xətai rayon 91 saylı MKİS-in əməkdaşları tərəfindən mənzillərə keçirilmiş baxış zamanı da N.Tusi küçəsi, 22 saylı evin 83-cü mənzilinə Sarayev küçəsi, 22 saylı evin 87-ci mənzildən su axıdıİdığı aşkar edilmiş və bu barədə xx.xx.2021-ci il tarixdə akt tərtib olunmuşdur. Həmin aktda ona məxsus ünvan 1 ünvanında yerləşən 83 saylı mənzilin mətbəx, hamam və tualetinə su axıntısı aşkar edildiyi qeyd olunmuşdur. Cavabdehin təqsiri üzündən ümumilikdə, 1000 manat məbləğində maddi ziyan dəymişdir. Prosesin gedişində iddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu,N.Tusi küçəsi, 22 saylı evin 87saylı mənzilindən su axıdılması nəticəsində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 22 saylı evin 83 saylı mənzilinə dəymiş 1000 manat məbləğində maddi ziyanın, 1500 manat mənəvi ziyanın və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, məhkəməyə müraciət etdikdən sonrada cavabdehin mənzilindən su axıdılması davam etmiş və mənzildə olan mebellərə külli miqdarda ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon 91 saylı MKİS-in sahə nəzarətçisi T.Bayramov, işçisi T.İbayev və N.Tusi küçəsi ev 22 mənzil 83 ünvanda yaşayan V.Polişuk tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, X3 məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 22 saylı evin 87 saylı mənzilindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 22 saylı evin 83 saylı mənzilinə su axıdılmış, nəticədə, mənzilin hamamına, tualetinə və mətbəxinə ziyan dəymişdir. X1 axıntısının qarşısının alınması barədə xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/828 saylı ekspertiza rəyinə əsasən, aparılmış tədqiqatla, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 22 saylı evin 83 saylı mənzilinin divarlarında olan su sızma izlərini, 91 saylı MKlS-in əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktın məlumatlarını və 87 saylı mənzilin əvvəllər sanitar qovşağında divar daxili su borusunda olan nasalığı nəzərə alaraq, mübahisəli 83 saylı mənzilə 87 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunmuş, 83 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 661 manat məbləğində müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vəişgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmçinin, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 22 saylı evin 83 saylı mənzilə üst mərtəbədə yerləşən, cavabdeh X3 məxsus 87 saylı mənzildən su axması nəticəsində ziyan vurulması və ekspert tədqiqatı ilə iddiaçıya məxsus mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetirilməli təmir-bərpa işlərinin hazırkı bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 661 manat təşkil etməsi müəyyən olunduğundan, iddia tələbi qismən təmin edilərək cavabdehdən vurulmuş maddi ziyana görə 661 manat, mənəvi ziyana görə isə 300 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2022-ci il tarixli, 10/828 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 40 faiz təmin edildiyinə görə 100 manat məbləğində dövlət rüsümunun 40 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyərinin 40 manat hissəsi cavabdehdən, 60 manat hissəsi iddiaçıdan dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 661 manat, mənəvi ziyana görə 300 manat və ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi olmaqla, cəmi 1001 (bir min bir) manat məbləğində pul tutularaq İddiaçına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 40 (qırx) manat hissəsi Cavabdeh, 60 (altmış) manat hissəsi İddiaçı tutulub X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-620/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-620/2022
09.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver