Məhkəmə qərarları › İş №2(011)-6232/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6232/2023

01.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6232/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 3700/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment onun xeyrinə ödənilməlidir. Bu məbləğ uşağın minimum dolanacaq xərclərini ödəmədiyi üçün cavabdeh tərəfindən alimentin artırılması zərurəti yaranmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3700/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırkı məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6700/2020 saylı 11 dekabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkməsinin 11 yanvar 2019-cu il tarixli 2(011)-382/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 319688 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikahın ləğv edilməsi 02 may 2019-cu il tarixində 212 nömrə ilə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, cavabdeh təyin olunan alimenti imkan olduğu zaman (iş tapdıqda) ödəmişdir. Lakin iddiaçı qərəzli mövqe sərgiləyərək uşaqlarla görüşməsinə süni əngəllər törədir. Dəfələrlə iddiaçıdan uşaqları ilə görüşməsinə mane törətməməsini tələb etsə də, iddiaçı buna heç bir əhəmiyyət verməmiş, əksinə olaraq uşaqları ilə görüşərək onların qayğıları ilə maraqlanmasına imkan verməmişdir. Sanki iddiaçıya yalnız aliment lazımdır. İddiaçı onun valideynlik funksiyalarını yerinə yetirməsinə şərait yaratmamışdır, övladları ilə sərbəst şəkildə görüşməsini istəməmişdir. Hər dəfə iddiaçıdan öz qanunsuz hərəkətlərinə son qoymasını tələb etməsinə baxmayaraq iddiaçı buna heç bir əhəmiyyət verməmiş, öz istədiyi kimi hərəkət etmişdir. Hətta bu barədə icra məmuruna bildirsə də, nəticəsi olmamışdır. Cavabdeh həmçinin qeyd etmişdir ki, hazırda heç bir yerdə işləmir. Lakin buna baxmayaraq alimenti öhdəliyini lazımınca ödəməyə çalışır. Səhhətində müəyyən problemlər olduğu üçün müəyyən vaxt ərzində alimenti ödəyə bilmədiyi üçün aliment borcları yığılıb qalmışdır. Digər tərəfdən alimentin miqdarı artırılarsa onsuz da ağır olan maddi vəziyyəti bir daha ağırlaşacaqdır. Ailənin maddi vəziyyəti həddindən artıq ağır və acınacaqlıdır. Dövlət tərəfindən verilən çörək pulu ilə yaşayırlar. Əlavə olaraq heç bir yerdən maddi gəliri yoxdur. Əgər alimentin miqdarı artırılarsa bu məbləği ümumiyyətlə ödəyə bilməyəcəkdir. Nəticədə bir çox hüquqi problemlər yaranacaqdır. Bu hal yenə də azyaşlı övladlarının gələcək taleyinə ciddi əngəl ola bilər. Cavabdeh qeyd olunanlara əsasən, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddia tələbinə etiraz edərək, işləmədiyini, maddi vəziyyətinin yaxşı olmadığını bildirsə də, qeyd olunan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyi üçün, eyni zamanda iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün iddia təmin edilməli və Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6700/2020 saylı 11 dekabr 2020-ci il tarixli qətnaməsinə əsasən 28 yanvar 2010-cu il təvəllüdlü X1 və 08 may 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 28 yanvar 2010-cu il təvəllüdlü X1 və 08 may 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar