Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6302/2022 21.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Həsənov Elçin Mehman oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və dəymiş zərərin ödənilməsinə” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı- aralarında bağlanmış xx.xx.2019-ci il tarixli, 2661 saylı müqavilələrinin ləğv edilməsi, müqavilə predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə avtomobilin təhvil verilməməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 19.332 manat məbləğində əsas borc pulun, 4752 manat məbləğində cərimə pulunun, 30700 manat məbləğində icarə haqqının və 254,35 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müstərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixli,**********saylı nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir İddiaçının əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. İddiaçı "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai Grandeur” minik markalı, 2012-ci il buraxılışlı, KMHFF41CBDA240129 şassi (ban) nömrəli, qara rəngli, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2661 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 15000 manat, 36 ay müddətinə, hər ay üzrə 774 manat ödəniş etməklə 42846 manata satılmışdır. xx.xx.2019-cu il tarixli, 2661 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 müqavilə üzrə zaminlik edərək xx.xx.2019-cu il tarixli, 2661 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ödəniş etmədiyi təqdirdə zamin olaraq ödənişləri edəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 “Hyundai Grandeur” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHFF41CBDA240129 şassi (ban), qara rəngli, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobil üçün "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2661 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 15000 manat, 11 ay 774 manatdan cəmi 23514 manat ödəniş etmişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 19332 manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. xx.xx.2019-cu il tarixli, 2661 saylı Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədilə Cavabdeh1 dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Sonda iddiaçı tərəfindən müqavilə şərtlərinə əsasən Cavabdeh1 fatiki yaşayış ünvanına pretenziya məktubu ünvanlanmış lakin buna baxmayaraq cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. xx.xx.2019-cu il tarixli, 2661 saylı nisyə alqı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verildiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı ödənilməlidir. Belə ki, Cavabdeh1 müqavilənin predmeti olan avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 614 gün istifadə edərək təhvil vermədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə (614x50=30700) haqqı hesablanmaqla 30700 manat məbləğində istifadə haqqı hesablanmışdır. Bu Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir və cavabdeh “Hyundai Grandeur” minik markalı, 2012-ci il buraxılışlı, KMHFF41CBDA240129 şassi (ban) nömrəli, qara rəngli, ** PP *** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 614 gün istifadə edərək ödəniş etmədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 4752 manat məbləğində cərimə pulu hesablanmışdır. xx.xx.2019-cu il tarixli, 2661 saylı nisyə alqı-satqı Müqaviləsinin 11.4-cü bəndinə əsasən mübahisəli hallar yarandıqqda, məsələnin həllinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasına satıcı yəni iddiaçı və alıcı yəni cavabdeh tərəflər razıdırlar.Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və bununla da "xxxx" MMC-yə maddi ziyan vurmuşdur. Bu isə müqavilənin ləğv edilməsi üçün əsasdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan Əşyanın nisyə alğı-satqısı haqqında xx.xx.2019-cu il tarixli 2661 saylı müqavilənin surətindən görünür ki, satıcı "xxxx" MMC-nin direktoru X3 2012-ci il buraxılışlı “Hyundai Grandeur” minik markalı avtomobil alıcı Cavabdeh1 qiyməti müqavilə ilə 42846 manat müəyyən edilməklə satılmışdır. Alıcı avtomobilin dəyərindən ilkin olaraq 15000 manat ödəniş etmişdir. Müqavilənin bitmə tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Müqaviləyə əlavə edilmiş kredit ödəniş cədbəlinin surətindən görünür ki, “Hyundai Grandeur” minik markalı **-PP-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 tərəfindən növbəti ay üzrə avtomobil üçün alıcı tərəfindən ödəniləcək məbləğ 774 manat, sonuncu xx.xx.2022-ci il üçün isə 755.9672 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 müqaviləni imzalamamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, “Hyundai Grandeur” markalı ** PP *** dövlət qeydiyyat nömrəli avtomobil Cavabdeh1 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1 borcun ödənilməsi, əks təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Maliyyə arayışına əsasn Cavabdeh1 19332 manat məbləğində ödənilməmiş əsas borcu qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 254,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilən Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin məcəllənin 421.2.-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göstərilən Məcəllənin 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Eyni Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əşyanın nisyə alğı-satqısı xx.xx.2019-cu il tarixli 2661 saylı müqavilənin surətindən görünür ki, satıcı "xxxx" MMC-nin direktoru X3 2012-ci il buraxılışlı “Hyundai Grandeur” minik markalı avtomobili alıcı Cavabdeh1 qiyməti müqavilə ilə 42846 manat müəyyən edilməklə satmışdır. Alıcı avtomobilin dəyərindən ilkin olaraq 15000 manat ödəniş etmişdir. Müqavilənin bitmə tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Müqaviləyə əlavə edilmiş kredit ödəniş cədbəlinin surətindən görünür ki, “Hyundai Grandeur” minik markalı **-PP-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 tərəfindən növbəti ay üzrə avtomobil üçün alıcı tərəfindən ödəniləcək məbləğ 774 manat, sonuncu xx.xx.2022-ci il üçün isə 755.9672 manat müəyyən edilmişdir. Məhkəmə araşdırılması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə “Hyundai Grandeur” minik markalı ** PP *** dövlət qeydiyyat nişanlı avtomobil X3 tərəfindən alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 kredit yolu ilə satılmış, avtomobilin dəyəri 42846 manat müəyyən edilmişdir. Cavabdeh1 avtomobil üçün ilkin ödəniş 15000 manat, 11 ay 774 manat ödəniş edərək, cəmi 23514 manat ödəniş etmiş, lakin xx.xx.2020ci il tarixdən sonra heç bir ödəniş etməyərək 19332 manat məbləöində əsas borcu qalmışdır. Göründüyü kimi, hazırkı mülki iş üzrə yaranmış münasibətlər mülki qanunvericiliyin nisyə alğı-satqı müqaviləsinin bağlanması barədə tələblərinə aiddir. Tərəflər arasında bağlanmış 2661 nömrəli əşyanın nisyə alqı-satqısı haqqında xx.xx.2019-cu il tarixli müqavilənin 5.1.3-cü maddəsinə əsasən, satıcının alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün müddətə gecidirəcəyi təqdirdə avtomaşını mübahisəsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirərkən çəkilən bütün xərcləri alıcıdan tələb etmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək və 5.1.5-ci maddəsinə əsasən, avtomaşını geri alarkən yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərəri alıcıdan tələb etmək və onun əmlakına yönəldilməsi tələbi irəli sürmək hüquqları vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, Cavabdeh1 ödəniş etmədiyi təqdirdə zamin olaraq ödənişləri edəcəyini öhdəsinə götürdüyündən, borcun ödənilməməsi üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə və ödənilməmiş qalan əsas borcu və müqavilə üzrə ona hesablanmış cəriməni tələb etməkdə haqlıdır. Belə ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, iddiaçının müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğu halda avtomobili ondan geri tələb etmək hüququ olduğundan, “Hyundai Grandeur” minik markalı **-PP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalı, avtomobilin geri qaytarılması mümkün olmadıqda isə ödənilməmiş pul öhdəliyi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən əsas borcun tutulması hissəsində təmin edilərək, ödənilməmiş 19332 manat borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə pulu əsassız və şişirdilmiş məbləğdir. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimə pulunun 4752 manat məbləğində deyil, 1900 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə iddianın “30700 manat icarə haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsassız olduğundan, təmin edilməməlidir. Ona görə ki, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsində icarə haqqının ödənilməsi barədə razılaşma olmamışdır. Məhkəmə iddianın “xx.xx.2019-cu il tarixli, 2661 saylı müqavilənin ləğv edilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməlidir. Belə ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə həmçinin iddianın 254,345 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin direktoru X3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2661 saylı nisyə alğı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh1 tərəfindən “Hyundai Grandeur” minik markalı, 2012-ci il buraxılışlı, KMHFF41CBDA240129 şassi (ban) nömrəli, qara rəngli, ** PP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-yə geri qaytarılsın, bu mümkün olmadıqda Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19332 (on doqquz min üç yüz otuz iki) manat əsas, 1900 (min doqquz yüz) manat cərimə borcu və 254,35 (iki yüz əlli dörd manat otuz beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21486,35 (iyirmi bir min dörd yüz səksən altı manat otuz beş qəpik) manat tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (ay) ay keçdikdən sonra qanuni güvvəyə minir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-6302/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6302/2022
21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver