Məhkəmə qərarları › İş №2(011)-6303/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6303/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6303/2021 01.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC– nin xeyrinə əsas borc üzrə 16847,47 manat, faiz borcu üzrə 4211,87 manat olmaqla ümumilikdə cəmi 21059,34 manat məbləğində kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında 16.05.2012-ci il tarixli 3344 saylı kredit müqaviləsinə əsasən Bank borcalana 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə hesablanmaqla 40896 manat məbləğində kredit vermişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin kredit borcunu və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Cavabdehin "xxxx" ASC-yə 16847,47 manat əsas, 4211,87 manat faiz borcu olmaqla, cəmi 21059,34 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək və ərizəsinə uyğun izahat verərək iddia tələbini qismən qəbul etdiyini, banka 16847,47 manat əsas, 3864,60 manat faiz borcu olduğunu etiraf edərək qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 16.05.2012-ci il tarixli 3344 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 120 ay müddətinə, illik 12% olmaqla 40896 manat məbləğində kredit vermişdir. İş materiallarından görünür ki, Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh 19.05.2021-ci ildə bildiriş göndərilməklə borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 01.09.2021-ci il tarixli MXK 07 78 saylı maliyyə arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə borcu 16,847,47 manat ödənilməmiş əsas borc, 3864,58 manat ödənilməmiş faiz borcu olmaqla, cəmi 20712,05 manat borcu vardır. İş materiallarında olan 16.07.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi imzalanmışdır, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, bank tərəfindən cavabdehə bildiriş məktubu göndərilmişdir, cavabdeh iddia tələbini qismən qəbul edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 16847,47 manat əsas borc, 3864,60 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 20712,07 manat məbləğində kredit borcu alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehə aid edilməli, ondan dövlət rüsumu qismində ödənilmiş 30 manat, bank xidməti kimi ödənilmiş 0,40 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16847,47 manat əsas borc, 3864,60 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 20712 (iyirmi min yeddi yüz on iki) manat 07 (yeddi) qəpik pul məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat və bank xidmətinə görə 40 qəpik pul məbləği alınaraq "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar