Məhkəmə qərarları › İş №2(011)-6310/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6310/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6310/2021 03.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Abbaslı Elman Semur oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1241,99 manat əsas borc, 1130,35 manat faiz borcu, 1091,13 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 180,71 manat faiz borcu olmaqla cəmi 3644,18 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24.07.2017-ci il tarixli KM021T07170007S01 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 28% ödəmək şərtilə 12 ay müddətinə 3000 AZN məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 21.06.2021-ci il tarixə banka 1241,99 manat əsas borc, 1130,35 manat faiz borcu, 1091,13 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 180,71 manat faiz borcu olmaqla cəmi 3644,18 manat borcu vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh iddia ərizəsinə etirazla və iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, bankla arasında bağlanmış 24.07.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərini vaxtı-vaxtında icra etməklə aylıq ödəniş qrafikinə uyğun müəyyən olunmuş məbləğlər üzrə ödənişlər etmişdir (ödəniş qəbzləri əlavə olunur). Lakin, bank ləğv olduqdan sonra pulu hara və hansı qaydada ödəyəcəyini bilməmişdir. Bank iddia ərizəsində həddindən artıq faiz və cərimə göstərməklə mövcud olan borcunu daha da şişirtmişdir. Müqavilə 12 ay müddətinə nəzərdə tutulsa da, iddia ərizəsində borc nədənsə 21.06.2021-ci il tarixə hesablanmaqla fantastik rəqəmlər göstərilmişdir. Hesab edir ki, bu məbləğ həqiqəti əks etdirmir və bir daha hesablanmalıdır. Həmçinin, 24.07.2017-ci il tarixli müqavilə 12 ay müddətinə bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Bununla da müəyyən olunur ki, aralarında bağlanmış 24.07.2017-ci il tarixli müqavilə üzrə icra müddəti 24.07.2018-ci il tarixdə bitərək iddia müddətinin axımı başladığından, iddia müddəti 24.07.2021-ci il tarixdə bitmişdir. Bank isə iddia ərizəsi ilə məhkəməyə 30.07.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Lakin, bank müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin əsassız olduğundan və İddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələblərini müdafiə edərək təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraza və iddia müddətinin tətbiqi barədə ərizəyə uyğun izahat verərək, iddia tələbinin əsassız olduğundan və İddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24.07.2017-ci il tarixli KM021T07170007S01 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 12 ay müddətinə, illik 28% olmaqla 3000 manat məbləğində kredit verilmişdir. 36.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24.07.2017-ci il tarixli KM021T07170007S01 saylı kredit müqaviləsi üzrə banka borcu 1241,99 manat əsas borc, 1130,35 manat faiz borcu, 1091,13 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 180,71 manat faiz borcu olmaqla cəmi 3644,18 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 443.1-ci maddəsində isə qeyd edilmişdir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh 24.07.2017-ci il tarixli KM021T07170007S01 saylı kredit müqaviləsi üzrə banka 1241,99 manat əsas borc, 1130,35 manat faiz borcu və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 180,71 manat faiz borcunun qalması müəyyən olunmuşdur. Ona görə də, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 1091,13 manat məbləğində penyanın alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, öhdəliyin vaxtında ödənilməməsinə görə 1091,13 manat məbləğində penya tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan penya 91,13 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş poçt qəbzinin surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi 17.07.2021-ci il tarixdə poçt şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası MPM-nin 129.3-cü maddəsinə əsasən, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 72 faiz həcmində təmin edildiyinə görə 30 manat dövlət rüsumunun 21,60 manat cavabdehlərdə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1241,99 manat əsas borc, 1130,35 manat faiz borcu, 91,13 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 180,71 manat faiz borcu olmaqla cəmi 2644,18 (iki min altı yüz qırx dörd manat 18 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 21,60 (iyirmi bir manat 60 qəpik) manat hissəsi iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar