Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6344/2021 13.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili X3, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 11017 manat məbləğində dəymiş ziyan və dövlət rüsumuna görə ödənilmiş 30 manat, ümumilikdə 11047 manat məbləğində pulun tutulması ilə bağlı qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 2015-ci ildən qızı və kürəkəni ilə birlikdə Yasamal rayonunda kirayə evdə yaşayırlar. Cavabdeh 2000-ci ildə X3 vasitəsilə tanımış və həmin vaxtdan onların yaxın münasibətləri olmuşdur. 2016-cı ilin axırlarında Samirə iddiaçıya zəng etmiş və çətinlik çəkdiyini bildirərək ondan kömək istədi. İddiaçı Habibova Tamara cavabdehə kirayə ev tapmaqda, ora köçməkdə və başqa işlərdə kömək etmişdir. Bu işlərdə qızı və kürəkəni də iştirak etmişdirlər. Cavabdeh oğlunun ağır yataq həstəsi olduğundan və özünün xəstəliyindən işləyə bilmədiyini, maddi imkanının olmadığını bildiridi. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh öz xəstəliyi ilə əlaqədar yalan demişdi. İddiaçılar cavabdehə maddi və mənəvi cəhətdən köməklik etmişdirlər. Bir müddət sonra cavabdeh oğlu ilə birlikdə, kirayə haqqı 450-500 manat olan kirayə evə köçdü. Kirayə haqqını ödəyə bilmədiyindən ona borca pul tapmağı xahiş etdi. İddiaçılar ona özləri pul verməklə yanaşı, yaxın qohumlarından da borc alaraq cavabdehə verdilər. 2016-cı ilin dekabr ayında cavabdeh ona 1500 manat pul tapmağı xahiş etdi. Səbəb isə o oldu ki, o, Dubaya gedib ordan mal gətirəcək, “Sədərək bazarı”na da bir yerdən satıb həm borclarını qaytaracaq, həm də öz vəziyyətini düzəldəcək. İddiaçılar ona inandı və yaxın qohum-tanışlardan həmin pulu toplayıb cavabdehə verdilər. Təxminən, dekabr ayının 4-5 günündən sonra Cavabdeh İddiaçı1 xəstə oğlunun yanında qoyaraq Dubaya getdi. 4-5 gündən sonra televizor, telefin, ətir, yataq dəsti və saitə malları gətirib satdı. O, malları satıb pulu götürəndən sonra xahiş etdi, həmin pulu istifadə edərək bir neçə dəfə də gedibgəlsin, sonra bizim pulu qaytarsın. 2017-ci ilin may ayında cavabdeh İddiaçı1 oğlu ilə qoyub Dubaya getmiş və oradan mal gətirmişdir. Lakin, gələndən sonra, cavabadeh ziyan etdiyini və pulu batırdığını bildirdi. 2017-ci ilin mart-aprel aylarında Samirə yenə də Dubaya getdi. Bu dəfə gedəndə o, iddiaçılardan 2750 manat və 100 ABŞ dolları məbləğində pul aldı. Dubaydan gələndən sonra malları satdı və iddiaçılara 2200 manat məbləğində pul qaytardı. Bundan, təxminən, 10 gen sonra Samirə bir daha Dubaya getdi və iddiaçılardan 1900 manat və 100 dollar pul aldı. Lakin, bu dəfə əldə etdiyi puldan iddiaçılara pul qaytarmadı. O, bildirdi ki, Lyudmila adlı qadına 1680 manat faizlə borcu var, həmin borcu qaytarmalıdır. Beləliklə, Samirənin iddiaçılardan alıb qaytarmadığı vəsait, ümumilikdə 4350 manat və 200 ABŞ dolları oldu. Daha sonra, iddiaçılar onlara məxsus olan qızıl-zinət əşyalarını satmaq üçün Cavabdeh verdilər. Birinci dəfə onlar Samirəyə satmaq üçün ümumi dəyəri 2700 manat olan 1 ədəd qızıl qolbaq və 1 ədəd qızıl boyunbağı (32 qram), qiyməti 450 manat olan 1 ədəd qızıl üzük verdilər. Həmin qızıllara görə cavabdeh iddiaçılara 50 manat bir, 100 manat da bir, cəmi 150 manat pul verdi. Qızılların dəyərindən qalan 3000 manat hələ də cavabdehdə qalır. Cavabdeh iddiaçılara demişdir ki, həmin qızılları 3 aya hissə-hissə ödəmək şərtilə Ülviyyə adlı rəfiqəsinə və xalası Afaya satmışdır. Bundan başqa, cavabdeh iddiaçılardan satmaq məqsədi ilə 1 ədəd qızıl qolbaq (12,5 qram, qiyməti 937,50 manat), 1 ədəd qızıl boyunbağı (12,2 qram, qiyməti – 915 manat), 1 ədəd qızıl üzük (5,8 qram, qiyməti – 435 manat), 1 ədəd qızıldan olan, üzərində xırda brilyant qaşlı kişi üzüyü (qiyməti – 630 manat), 5 böyük brilyant qaşı, qalanları xırda brilyant qaşlı qızıl üzük (qiyməti – 750 manat) almışdır. Onlar qızılların dəyərini, o vaxtın bazar qiymətlərinə uyğun olaraq, qramı 75 manat dəyərindən hesablayaraq Hüseynəlyeva Samirəyə verdilər. İkinci dəfə verdikləri qızılların ümumi dəyəri 3367,50 manat olmuşdur. Beləliklə cavabdeh iddiaçılarda satmaq adı ilə götürdüyü qızılların dəyəri 6667,50 manat olmuşdur. Lakin bütün bu hadisələrdən sonra illər keçdiyinə baxmayaraq, cavabdeh nə qızılları, nə pulları cavabdehə qaytarmamışdır. Bu barədə dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə iddiaçıların tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdehin iddiaçılardan alıb qaytarmadığı vəsaitin məbləği 11017,50 manat və 2000 ABŞ dollarıdır. Yuxarıda qeyd edilənlərlə bağlı cavabdeh barəsində cinayət işinin başlanılması məqsədilə 05.05.2018-ci il tarixində iddiaçılar ərizə ilə Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdirlər. Yasamal Rayon Polis İdarəsinin 19.06.2019-cu il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, toplanılmış materiallara əsasən Həbibova X1 Samirə Rafiq qızına 4350 manat və 200 ABŞ dolları məbləğində pul vəsaitinin və 6667,50 manat dəyərində qızıl-zinət əşyalarını vermiş, Cavabdeh Rafiq qızı isə həmin pulu və zinət əşyalarını qaytarmaqdan imtina etmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı1 ilə Cavabdeh Rafiq qızı arasında yaranmış pul-borc mübahisəsi mülki xarakterlidir. Beləliklə, cavabdeh iddiaçılara onlardan aldıqları pulları qaytarmaq niyyətində olmadığını bildirdiyinə görə onlar pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 AR MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə müraciət edərək, Cavabdeh Rafiq qızından 15638 manatın və 200 ABŞ dollarının 2016-cı ildən bugünədək bank uçot faizləri hesablanmaqla və 30 manat dövlət rüsumunun əlavə olunmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı1 və onun nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirərək, iddianın qismən təmin edilməsini xahiş etdi. O bildirdi ki, cavabdeh iddiaçılardan 3800 manat və 100 ABŞ dolları məbləğində pul borc almışdır, iddianı bu hissədə qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 19.06.2019-cu il tarixli Cinayət işi başlanılmasının rədd edilməsi haqqında Qərarın sürətindən görünür ki, İddiaçı1 ərizə ilə müraciət edərək bildirmişdir ki, ailəvi dostluq münasibətlərində olan Cavabdeh Rafiq qızı 2016 və 2017-ci illərdə müxtəlif vaxtlarda onu aldadaraq 11017 manat və 200 ABŞ dolları pulunu və qızıl-zinət əşyalarını ələ keçirmiş, həmin pulu və qızıl-zinət əşyalarını qaytarmaqdan imtina edir. Tərəflər arasında olan münasibətləri mülki hüquqi xarakterli olduğundan, tərəflər arasında qərəzli münasibətlərin olmasını nəzərə alaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərara əlavə edilmiş Cavabdeh Rafiq qızının Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində verdiyi yazılı izahatının surətindən görünür ki, o, İddiaçı2 5 faizlə borc pul götürdüyünü bildirmişdir. O, İddiaçı2 və İddiaçı1n qızıl-zinət əşyalarını aldığını inkar edərək Abasova Ayse 3800 manat və 100 ABŞ dolları məbləğində borcu olduğunu bildirmişdir. O, həmçinin maddi imkanı olmadığına görə borcu ödəyə bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında göstərmişdir ki, İddiaçı2 yarəfiqəsidir. Cavabdeh Ayselin vasitəsi ilə tanımışdır. 2017-ci ilin mart ayənda rəfiqəsi Aysel ona öz qızıllarını satmaq istədiyini bildirdi. Aysel, “whatsapp” proqramı vasitəsilə qızılların şəkillərini ona göndərdi. O, həmin qızılların bir hissəini bəyəndi və onları almaq istədiyini Ayselə bildirdi. Lakin, Aysel həmin qızılları Samirəyə satmaq üçün verdiyini bildirdi. Samirə isə nə qızılları, nə də onların pulunu Ayselə qaytarmamışdır. Sözügedən qızılların, təxminən, 8000-9000 manat məbləğində dəyəri var idi. Mülki işin məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh ayrıayrı vaxtlarda 3800 manat və 100 ABŞ dolları məbləğində pul vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən cavabdehə 4350 manat və 200 ABŞ dolları məbləğində pul verildiyi, 11288 manat dəyərində qızıl-zinət əşyalarının verilməsi bildirilsə də bu halı təsdiq edəcək kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə iddiaçının təqdim etdiyi 01 ədəd kompakt diskdə olan səs yazıları və bağlı qeyd edir ki, həmin səs yazılarının nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması məlum olmadığından, o cümlədən gizli yolla əldə edildiyindən iş üzrə sübut kimi qəbul edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Məhkəmə iddiaçının təqdim etdiyi “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılmış yazışmalarla bağlı qeyd edir ki, həmin yazışmaların həqiqiliyini müəyyən etmək mümkün olmadığından məhkəmə tərəfindən yazılı sübut kimi qəbul edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsi sübut etmə vəzifəsindən danışır və oraqda qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM 1092.1-ci maddəsi). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (MM 1092.1-ci maddəsi). Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir (MM 1092.3-cü maddəsi). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan Cavabdeh Rafiq qızından 15638 manatın və 200 ABŞ dollarının 2016-cı ildən bugünədək bank uçot faizləri hesablanmaqla və 30 manat dövlət rüsumunun əlavə olunmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia qismən təmin edilərək, 3800 (üç min səkkiz yüz) manat və ödəniş gününə qüvvədə olan məzənnə ilə 100 (yüz) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, bərabər bölünərək iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 3800 (üç min səkkiz yüz) manat və ödəniş gününə qüvvədə olan məzənnə ilə 100 (yüz) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, bərabər bölünərək iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6344/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6344/2021
13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver