Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-635/2020 18.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16.000 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehin əməllərində cinayət tərkibi olduğundan barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə prokurorluğa göndərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh iddiaçıya zəng vuraraq birlikdə iş görməyi təklif etmiş, ona 10.000 ABŞ dolları məbləğində pul verməsini, həmin pulla ABŞ-dan “İphone 7” markalı mobil telefonlar gətirəcəyini, daha sonra isə Moskva şəhərindən bahalı saatlar gətirəcəyini bildirərək ondan 3.000 ABŞ dolları məbləğində pul istəmişdir. İddiaçı təklifi qəbul etmiş, Emil ilə görüşüb ona 13.000 ABŞ dolları pul vermişdir. Aralarında olan razılaşmaya əsasən, Emil xx xxxxxx 2017-ci il tarixinədək mobil telefonları və saatları ölkəyə gətirəcəyini, satdığı əşyalardan aldığı pulla birlikdə payına düşən əlavə 4.500 ABŞ dollarını ona qaytaracağını bildirmişdir. Qeyd olunan vaxt tamam olduqda iddiaçı Emil ilə əlaqə saxlamış, lakin Emil ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. 2017-ci ilin mart ayının ortalarında Emil iddiaçıya zəng edərək onunla görüşmək istəmişdir. Görüş zamanı o, mobil telefon və saatları gətirib satdığını, ona düşən gəlir hesabına yenidən mal sifariş etdiyini, malların gömrükdə olduğunu əsas gətirərək, həmin malları gömrükdən keçirmək üçün əlavə olaraq iddiaçıdan 3.000 ABŞ dolları pul istəmişdir. İddiaçı ona yenidən 3.000 ABŞ dolları pul vermiş, daha sonra Emilə dəfələrlə zəng etsə də, Emil müxtəlif bəhanələr gətirərək məsələdən yayınmağa başlamışdır. İddiaçı cavabdehə ümumi 16.000 ABŞ dolları pul vermiş, lakin cavabdeh bu günədək pulu qaytarmamışdır. İdiaçı xx xxxxxx 2017-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət etmişdir. Müstəntiq X1 icraatında olan araşdırma materialı üzrə Cavabdeh izahatını almışdır. Emil öz izahatında 16.000 ABŞ dolları məbləğində pulun iddiaçıdan alındığını etiraf etmişdir. Nəsimi RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X1 xx xxxxxx 2017-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Hazırda həmin qərar qüvvədədir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında Nəsimi RPİ tərəfindən cinayət işinin başlanması haqqında qərar qəbul edilmiş, Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə izahat alınmışdır. Cavabdeh Bakı şəhəri Nəsimi rayon X3 şöbəsində cinayət işinin istintaqı zamanı verilmiş ifadəsində qeyd etmişdir ki, Emindən əvvəl 10.000 ABŞ dolları, daha sonra 6.000 ABŞ dolları pul almışdır. Lakin müəyyən səbəblərdən Emindən aldığı ümumilikdə 16.000 ABŞ dollarını və faizi qaytara bilməmişdir. Məhkəmə cavabdeh tərəfindən verilmiş ifadəyə qiymət verərək belə hesab edir ki, cavabdeh cinayət işinin istintaqı zamanı verdiyi ifadəsində iddiaçıdan 16.000 ABŞ dolları pul vəsaitini aldığını özü etiraf etmişdir. Məhkəmə qanunvericiliyin normalarına əsaslanaraq belə hesab edir ki, cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında hadisənin olub-olmaması barədə məlumatın olması iddiaçını sübutetmə yükündən azad edir. Sözügedən qərar həmin hissədə məhkəmə üçün məcburidir. (AR MPM-nin 82.4-cü maddəsi) Beləliklə məhkəmə tərəflər arasında müəyyən öhdəliklərin olması qənaətinə gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə istinad edərək, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olmasını, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olmasını, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu qeyd edir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 16.000 ABŞ dolları alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin əməllərində cinayət tərkibi olduğundan barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə prokurorluğa göndərilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 16.000 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçıtərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16.000 (on altı min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-635/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-635/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver