Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6351/2021 08.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 400 manat, iddia tələbinə görə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi və mənzilinə si axıdılması ilə bağlı onun qeyri-qanuni hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 08.09.2021-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə verərək, Cavabdeh tərəfindən ona dəymiş 250 manat məbləğində maddi zərərin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yaşayır, yaşadığı və qeydiyyatda olduğu həmin mənzil onun xüsusi mülkiyyətindədir, yaşadığı mənzilin üst mərtəbəsində, yəni ünvan 2 ünvanında cavabdeh yaşayır, cavabdehin istifadəsində olan mənzilin hamam otağı olan hissədən mütəmadi olaraq onun hamam otağına çirkab su axıdılır, hazırda da bu proses davam edir, su sızmanın qarşısının alınması üçün dəfələrlə cavabdehə irad tutaraq su sızmanın qarşısının alınmasını tələb etsə də, o tələbinə məhəl qoymamışdır, hətta bu barədə cavabdehə həmin sahəyə xidmət edən Mənzil İstismar Sahəsinin rəhbərliyi tərəfindən xəbərdarlıq edilmişdir, lakin cavabdeh yenə də mənzilə axan susızmanın qarşısını almamışdır, bunun nəticəsində onun hamam otağının tavan və yan divarları tam yararsız vəziyyətə düşmüşdür, onun mənzilinə 94 saylı MKİS-in əməkdaşları tərəfindən baxış keçirilmiş, üst mərtəbədə yerləşən 95-ci mənzildən ona məxsus 92-ci mənzilə su sızma faktı təsdiq edilmişdir, hesab edir ki, onun mənzilinə üst mənzildə yaşayan Cavabdeh tərəfindən suyun axıdılması nəticəsində yaranan maddi zərər ödənilməlidir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim etmiş və ərizəsinə uyğun izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir, belə ki, iddiaçının mənzilinə vurulmuş ziyana görə 250 manat məbləğində pul ödəməyə razıdır, həmçinin onun mənzilindən iddiaçının mənzilinə axıdılan suyun qarşısını almağı öz öhdəsinə götürür. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışın notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ev 8, 92 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan 16.06.2021-ci il tarixdə 94 saylı MKİS-in mühəndisi M.Allahverdiyev, böyük mühasib B.Cəfərova, mühasib S.Hüseynova tərəfindən tərtib edilmiş aktdan görünür ki, həqiqətən Xətai rayonu, General Mehmandarov küçəsi ev 8, 92 saylı mənzilinə yuxarı mərtəbədə yerləşən 95 saylı mənzilin hamam otağından su sızma halları olmuşdur, bununla bağlı İddiaçı maddi ziyan dəymişdir, MKİS tərəfindən 95-ci mənzildə yaşayan Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq su axıntısının qarşısını almaq üçün heç bir tədbir görməmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ev 8, 92 saylı mənzil İddiaçı məxsusdur, iddiaçının mənzilinə Cavabdeh məxsus Xətai rayonu, General Mehmandarov küçəsi ev 8, 95 saylı mənzilindən su sızmış və bunun nəticəsində iddiaçıya maddi ziyan dəymişdir, iddia tələbi cavabdeh tərəfindən qəbul edilir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi kimi 250 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ev 8, 95 saylı mənzildən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ev 8, 92 saylı mənzilə su axıdılmasının dayandırılması Cavabdeh həvalə edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddiaçı tərəfindən bu məqsədlə ödənilmiş 20 manat cavabdehdən alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ev 8, 92 saylı mənzilə vurulmuş maddi ziyana görə 250 (iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ev 8, 95 saylı mənzildən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ev 8, 92 saylı mənzilə su axıdılmasının dayandırılması Cavabdeh həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6351/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6351/2021
08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver