Məhkəmə qərarları › İş №2(011)-6386/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-6386/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6386/2021 08.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan 2800 manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsmunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, öncədən tanıdığı Cavabdeh ondan ara-sıra borc alıb qaytarmaqla etimadını qazanmışdır və cavabdehə 24.09.2019-cu ildə yenidən 800 manat borc vermişdir, daha sonra cavabdeh 1 il müddətində 2100 manat, 22.04.2020-ci ildə əlavə 300 manat borc alaraq ona öz kart hesabını vermişdir və hissə-hissə həmin kartdan götürə biləcəyini bildirmişdir, cavabdehin ona ümumilikdə 3200 manat borcu yaranmışdır və İddiaçı onun verdiyi kart hesabından cəmi 400 manat pulu bankomat vasitəsilə çıxarmışdır, hazırda cavabdehin ona 2800 manat borcu qalmışdır, onunla dəfələrlə telefon əlaqəsi yaradaraq pulun geri qaytarılmasını xahiş etsə də, nəticə əldə etməmişdir, daha sonra isə onun zənglərinə cavab verməmişdir, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 08.09.2021-ci il tarixli məhkəmə iclasnda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında imzalanmış müqavilənin əlyazmasından görünür ki, Cavabdeh 24.07.2019-cu il tarixdə İddiaçı 800 manat məbləğində borc pul almışdır. İş materiallarında olan Cavabdeh tərəfindən 22.04.2020-ci il tarixdə imzalanmış İltizamın əlyazmasından görünür ki, o, İddiaçı Sabir qızına 2100 manat borclu olduğu halda, əlavə olaraq 300 manat borc almışdır və o, özünə məxsus olan, Daxili İşlər Nazirliyi tərəfindən xəstəliyi ilə əlaqədar verilən, kodu 99-39 (4169 7416 8197 3887) olan kartı İddiaçı verməyə razıdır və borcu bitənədək kartın onda girov qalmasına etiraz etmir, bundan əlavə Cavabdeh kartda hər hansı bir bağlantı olacağı halda İddiaçı şikayət etməyinə etiraz etmədiyini və iltizamı özünün yazdığını və təsdiqlədiyini bildirmişdir. İş materiallarında olan 28.07.2021-ci il tarixli 14308572 saylı qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 22.07.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı şifahi borc müqaviləsi əsasında Cavabdeh İddiaçı 800, 2100 və 300 manat olmaqla, ümumilikdə 3200 manat borc almış, borcun qaytarılmasına dair öhdəlik götürmüş, həmin borcdan 400 manat geri qaytarmış, qalıq borc məbləği 2800 manat təşkil edir. Bununla belə, cavabdehin iddiaçıya olan borca dair öhdəliyini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə, tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 2800 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödəniməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2800 manat pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar