Məhkəmə qərarları › İş №2(011)-6399/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6399/2025

12.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6399/2025 12.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu ziyana görə 10.000 (on min) manat həcmində pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində 10:00 radələrində iddiaçıya məxsus olan “Volkswagen Jetta” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh məxsus “VAZ 21061” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə Xətai rayonu ərazisində baş vermişdir. Cavabdeh iddiaçının avtomobilinə ciddi ziyan vurmuş və günahını boynuna almışdır. Avtomobilə qəzadan sonra servis tərəfindən qüsur aktı tərtib olunmuşdur. Akta əsasən avtomobilinə dəymiş ziyanın ümumi məbləğinin həcmi 18.134 manat təşkil edir. "xxxx" isə 3.892,69 manat vəsait təyin etmiş və şəxsi bank hesabına köçürməni həyata keçirmişdir. Lakin 14.241,31 manat həcmində avtomobilinə dəymiş ziyan hələ də qüvvədədir və bu səbəbdən o, avtomobili təmir edə bilmir. Zaman-zaman iddiaçı Cavabdeh mübahisəni həll etməyi, dəymiş ziyanı ödəməsini təklif etsə də, cavabdeh mübahisənin həllində maraqlı olmamışdır. “Mənim sənə verəcək pulum yoxdur”-deyərək məsuliyyətdən boyun qaçırmışdır. O, cavabdehdən 14.241,31 manat deyil, bu məbləğin güzəştlə 10.000 manat məbləğini ödəməsini xahiş etmiş, hətta pretenziya ilə də cavabdehə müraciət etmişdir. Müraciətləri cavabsız qaldığından cavabdehlə mübahisəni həll etmək artıq mümkünsüz hal almışdır. Bu səbəbdən dolayı artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddianın təmin edilməsinə etiraz etmişdir. O bildirmişdir ki, iddiaçının tələb etdiyi məbləğ şişirdilmişdir. Ona dəymiş ziyanı sığorta şirkəti ödəməlidir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı sərəncamda olan “Volkswagen Jetta” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə xx.xx.2025-ci il tarixində baş vermiş sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razıdır və ödəniləcək 3.892,69 manat məbləğində sığorta ödənişinin şəxsi bank hesabı vasitəsi ilə həyata keçirilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, “Volkswagen Jetta” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın bərpa edilməsi üçün 18.134 manat məbləğində təmir xərcləri hesablanmışdır. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Volkswagen Jetta” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı minik avtomobil “VAZ 21061” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli “VAZ 21061” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edən şəxs Cavabdeh olmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsi zamanı İddiaçı idarə etdiyi “Volkswagen Jetta” markalı **-FG- *** dövlət qeydiyyat nişanlı minik avtomobilə zərər dəymişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC-dən İddiaçı bank hesabına 3.892,69 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli "xxxx" ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, sığortalanmış “VAZ 21061” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Volkswagen Jetta” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və dəymiş zərər 5.115, manat təşkil etmişdir. Dəymiş zərərə görə 3.892,69 manat siğorta ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “Volkswagen Jetta” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci 5.115, manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə “VAZ 21061” markalı **- XE-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə “VAZ 21061” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulan xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, İddiaçı xx.xx.2025-ci il tarixində idarə etdiyi “VAZ 21061” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə cavabdehin idarə etdiyi “Volkswagen Jetta” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisənin törədilməsində Cavabdeh təqsirli bilinmişdir. Həmçinin, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı "xxxx" Şirkəti tərəfindən iddiaçıya 3.892,69 manat sığorta ödənişi verilmişdir. İddiaçı avtomobilə dəymiş maddi zərəri 10.000 manat məbləğində qiymətləndirmişdir və bununla bağlı "xxxx" QSC tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş qüsur qüsür aktını təqdim etmişdir. Cavabdeh həmin məbləğlə razılaşmamışdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, hadisədən sonra sığorta şirkəti tərəfindən tərtib edilmiş (iddiaçı tərəfindən əvvəllər mübahisələndirilməmiş) "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qüsur aktı əsas götürülməlidir. Həmin akta əsasən iddiaçıya məxsus “Volkswagen Jetta” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 5.115 manat həcmində qiymətləndirilmişdir. İddiaçıya sığorta ödənişi qismində 3.892,69 manat məbləğinin ödənilməsini nəzərə alınaraq, məhkəmə hesab edir ki, avtomobilə dəymiş maddi ziyanla bağlı iddia tələbləri 1.222,31 manat həcmində təmin edilməlidir. (5.115 manat-3.892,69 manat) Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən dövlət rüsumunu ödəməmişdir və buna dair qəbzi işə əlavə etməmişdir. Odur ki, 32,23 (otuz iki manat iyirmi üç qəpik) dövlət rüsumunun kəsiri İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 1.222,31 (bir iki yüz iyirmi iki manat otuz bir qəpik) manat pul məbləği tutularaq İddiaçı ödənilsin. 32,23 (otuz iki manat iyirmi üç qəpik) dövlət rüsumunun kəsiri İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar