Məhkəmə qərarları › İş №2(011)-64/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-64/2021

04.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-64/2021 04.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 21 saylı evin 90 saylı mənzilindən su axıdılması nəticəsində ona məxsus Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 21 saylı evin 87 saylı mənzilinə dəymiş 1200 manat məbləğində maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri. Xətai rayonu, Xudu Məmmədov küçəsi, 21 saylı evin 87 saylı mənzili xx.xx.2013-cü il tarixdən şəxsi mülkiyyətindədir. O, binanın 4-cü mərtəbəsində, cavabdeh isə 5-ci mərtəbəsində yaşayır. Cavabdeh onun üst qonşusudur. Cavabdeh uzun müddətdir ki, sözü gedən mənzilə köçmüşdür, bu illər ərzində də daima su axıtmalar baş verir. Cavabdeh mənzilindən düzgün istiladə etmir. Belə ki, cavabdehin evindən su axması nəticəsində onun mənzilinin yataq otağında bütün tavan zərər görmüş, otağın divar kağızları qopmuşdur. Axıntı yataq otağından qonaq otağının tavanına da keçmişdir. Bütün tavan üzrə su axıntısının izi hələ də qalmaqdadır. Daha əvvəl də cavabdehin günahı üzündən mənzilinə su axıdılmış və dəymiş ziyanı aradan qaldırmaq üçün bir neçə dəfə öz hesabına təmir etdirmişdir. Bu barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, heç bir nəticə çıxarmamış, özünün qanunsuz hərəkətlərinə son qoymamış və qonşu kimi birgəyaşayış qaydalarına riayət etməmişdir. Dəfələrlə sahə müvəkkilinə şikayət etsə də, heç bir nəticə olmamışdır. Xətai rayon 36 saylı Polis Bölməsinə dəvət olunaraq cavabdehin izahatı alınmış, xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq, su axıntısı yenidən baş vermişdir. Xətai rayon 82 saylı MKİS-in əməkdaşları tərəfindən mənzillərə keçirilmiş baxış zamanı da məlum olmuşdur ki, Xudu Məmmədov küçəsi, 21 saylı evin 90 saylı mənzilinin su çənindən 1 neçə ay öncə su axıntısı olmuş, onun şikayəti əsasında axıntı aradan qaldırılmış və su çəni yerindən götürülmüşdür. Ancaq axıldılmış sudan ona məxsus 87-ci mənzilə maddi ziyan dəymişdir. Bu barədə xx.xx.2019-cu il tarixdə akt tərtib olunmuşdur. Ümumilikdə, ona 1200 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında dəfələrlə iddiaçıya mənzilinə dəymiş ziyanın ardan qaldırılması ilə bağlı 600 manat təklif etdiyini, lakin razılığa gələ bilmədiklərini göstərmiş, ekspert rəyi ilə müəyyən olunmuş məbləğlə razı olduğunu, hesablanmış məbləği hissə-hissə ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 21 saylı evin 87 saylı mənzili tam mülkiyyət hüququ üzrə 1 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1816 nömrəli reyestr kitabının 167152 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai rayon 82 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı ərizəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 21 saylı evin 87 saylı mənzilinə baxış keçirilərkən həmin binanın 90-cı mənzilindən bir neçə ilə əvvəl su çənindən su axması baş verdiyi, çən yerindən götürülsə də, axıntı nəticəsində iddiaçının mənzilinə maddi ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/2849 saylı ekspertiza rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu X.Məmmədov 21 saylı evin 87 saylı mənzilin tavanında və divarlarında olan əlamətlərə, eləcə də, mülki iş materiallarında olan, xx.xx.2019-cu il tarixli aktın məlumatlarına əsasən Bakı şəhəri, Xətai rayonu X.Məmmədov 21 saylı evin 87 saylı mənzilindən suyun sızması, 87 saylı mənzilin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 707 manat məbləğində olduğu müəyyən edilmiş, tədqiq olunan mənzildə aparılmalı təmir-bərpa işlərinin dəyəri barədə smeta rəyə əlavə olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vəişgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 21 saylı evin 87 saylı mənzilinə üst mərtəbədə yerləşən, Cavabdeh məxsus 90 saylı mənzildən su axması nəticəsində ziyan vurulması və ekspert tədqiqatı ilə iddiaçıya məxsus mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetirilməli təmir-bərpa işlərinin hazırkı bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 707 manat təşkil etməsi müəyyən olunduğundan, iddia tələbi qismən təmin edilərək cavabdehdən 707 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2020-ci il tarixli, 10/2849 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 60 faiz təmin edildiyinə görə 30 manat məbləğində dövlət rüsümunun 18 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyərinin 60 manat hissəsi cavabdehdən, 40 manat hissəsi iddiaçıdan dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 707 (yeddi yüz yeddi) manat və ödənilmiş dövlət rüsumunun 18 (on səkkiz) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 60 (altmış) manat hissəsi Cavabdeh, 40 (qırx) manat hissəsi İddiaçı tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar