Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-64/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat kontorunda iddiaçıdan aldatmaq yolu ilə mənimsənmiş 70.000 manat və bu müddət ərzində dəymiş maddi mənəvi və əldən çıxmış faydanın ən azından 10.000 manat hesablayaraq cavabdehlərin dərhal ümumi olaraq 80.000 manat iddiaçıya ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 avqust 2019-cu il tarixdə ünvan 1 ünvanda yerləşən Cavabdeh1 məxsus 2 mərtəbəli evi 70.000 manata Cavabdeh1 həyat yoldaşına verdiyi baş etibarnamə ilə Cavabdeh3 ilkin alğı-satqı müqaviləsi ilə almışdır və müqavilədə evin bütün sənədləşmə işlərini üzərinə götürmüşdür. Cavabdeh3 iddiaçının yaxın qohumudur. Sonradan məlum olmuşdur ki, cavabdehlər iddiaçının etibarından suiistifadə edərək iddiaçının pulunu mənimsəmək istəmişlər. Alğı-satqıdan sonra iddiaçı evin texniki pasportunu çəkdirmək üçün "xxxx" MMC memarlıq planlaşdırılması idarəsinə müraciət etmişdir. Oranın əməkdaşları evə gələrək Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə evin pasport cizgilərini çəkmişlər və həmin pasportu iddiaçının adına rəsmiləşdirmişlər. Yalnız bundan sonra Cavabdeh2 Cavabdeh1 və Cavabdeh3 evi onun xəbəri olmadan satmasını bildirmiş və məhkəməyə müraciət edərək, evin ona məxsus olmasını bildirmişdir. Cavabdeh2 digər cavabdehlərin kürəkənidir və onlarla birlikdə yaşayır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7464/2016 saylı qətnaməsi ilə ilkin alğı-satqı müqaviləsi ləğv edilərək, ödənilmiş 70.000 manatın geri qaytarılması qət edilmişdir. İddiaçıya indiyədək cavabdehlər 8.000 manatdan çox maddi və mənəvi zərər vurmuşlar. İddiaçı şəxsi pulu ilə aldığı evə girə bilmədiyinə görə indiyədək məcburi kirayə qalmış və özünə məxsus vəsaiti şəxsi xeyrinə və qazanc gətirəcək sahələrdə istifadə edə bilməmişdir. İddiaçı ilkin alğı-satqı müqaviləsi ilə aldığı evin faktiki sahibidir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh2, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehlər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Hazırkı iş üzrə iddiaçı cavabdehlər tərəfindən onun pulun mənimsənilməsinə, cavabdehlərin hərəkəti nəticəsində ona maddi, mənəvi ziyan vurulmasına istinad edərək, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 ilə İddiaçı arasında 15 avqust 2019-cu ildə Bakı şəhəri 14 saylı Notariat kontorunda ilkin alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli 6 V saylı fərdi yaşayış evinin qiyməti 70.000 manat dəyərində müəyyən edilmiş, alıcı İddiaçı həmin məbləği notariusun bankda açılan depozit hesabına ödəmişdir. Müqavilə 66 saylı Mənzil- Kommunal İstismar Sahəsinin sözügedən evə dair eskiz-layihəsi əsasında tərtib edilmişdir və müqaviləni Cavabdeh3 etibarnamə əsasında Cavabdeh1 adından bağlamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 2(011)-7464/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və İddiaçı arasında bağlanmış 15 avqust 2019-cu il tarixli ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli 2(103)- 2256/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və qeyrilərinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiasından imtina əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 2(011)-7464/2019 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Hazırkı mülki iş üzrə iddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019cu il tarixli 2(011)-7464/2019 saylı qətnaməsi üzrə pulun ona qaytarılmalı olmasına istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Cavabdeh3 ərizə ilə Xətai rayon prokurorluğuna müraciət edərək qardaşı İddiaçı tərəfindən 70.000 manat pulunun ələ keçirilməsini bildirmişdir. İşlə bağlı araşdırma aparılmış, Xətai RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Samir Ağayev tərəfindən 23 yanvar 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək notariusda olduğunu inkar etməmiş, lakin oraya alğı-satqı müqaviləsi bağlamaq üçün deyil, qardaşının adına etibarnamə vermək üçün getdiyinə istinad etmiş, etibarnamənin verilməsi üçün fotoşəkillə bağlı prosedurda iştirak etdiyini və hər hansı pul vəsaiti götürmədiyini bildirmişdir. Eyni zamanda bildirmişdir ki, qardaşı İddiaçı maddi imkanları çox zəifdir, qardaşının maddi ehtiyaclarını hazırda da o ödəyir. Bu halı nəzərə alıb qardaşının evin alınması ilə bağlı hər hansı vəsaiti ödəməsinin qeyri-mümkün olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı ilkin alğı-satqı müqaviləsi ilə bağlı notariat işinin materialları təhlil edilərək müqavilənin İddiaçı ilə Cavabdeh3 (Cavabdeh1 adından) arasında bağlanması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ünvan 3 ünvanladığı məktuba əsasən 15 avqust 2019-cu il tarixli xəzinə mədaxil orderi üzrə 70.000 manat məbləğində pul İddiaçı tərəfindən notariusun depozit hesabına ödənilmişdir. İş materialları ilə müəyyən edilir ki, alğı-satqı müqaviləsi birinci instansiya məhkəməsi tərəfindən etibarsız hesab edilmiş, apelyasiya instansiya məhkəməsində iddiaçı iddia tələbindən imtina etdiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir. İşin mövcud halında ilkin alğı-satqı müqaviləsindən sonra qanunla müəyyən edilmiş müddətdə əsas müqavilə bağlanılmadığından ilkin alğı-satqı müqaviləsi qüvvəsini itirmişdir. Beləliklə iş materiallarından görünür ki, müqavilə notariat orqanında bağlanılmış, iddiaçı tərəfindən notariusun depozit hesabına vəsait ödənilmişdir. Məhkəmə proseslərində çıxış edən Cavabdeh3 bankdan pul götürmədiyini bildirmiş və məhkəmədən məxaric qəbzində imzaların ona aid olmadığı üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə 15 avqust 2019-cu il tarixli qəbzin üzərindəki əlyazmaların və imzanın Cavabdeh3 tərəfindən icra olunub-olunmadığını müəyyən etmək məqsədilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli rəydən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 275-ci vərəqəsində olan "xxxx" ASC-yə dair 15 avqust 2019-cu il tarixli 456034 saylı çekin kserosurətində əks olunmuş yazılar Cavabdeh3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən təyin edilmiş ekspert araşdırması zamanı bankdan pulun alınmasına dair məxaric qəbzinin əsli tələb edilmişdir. Məhkəmə aidiyyəti qurumlara sorğu ünvanlayaraq məxaric qəbzinin əslinin məhkəməyə təqdim edilməsi üçün tədbirlər görmüş, lakin bankdan məhkəməyə bildirilmişdir ki, qəbzin əsli Nəsimi Prokurorluğuna və Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş materiallarına əlavə edilməsi üçün ora göndərilmişdir. İş materiallarında olan Nəsimi Rayon Prokurorluğu tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1 müraciətinə cavab olaraq ona araşdırma zamanı "xxxx" ASC-nin rəhbərliyi tərəfindən 02 mart 2020-ci il tarixli 14/77-1550 saylı məktubla qeyd olunan sənədlərin surətlərinin rayon prokurorluğuna daxil olduğu, ona görə də qeyd edilən qəbzin və digər sənədlərin əslinin ona təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə tərəfindən Apellyasiya Məhkəməsindən qəbzin əslinin təqdim edildiyi istinad edilən mülki iş materialları tələb edilmiş, lakin məxaric qəbzinin əsli o iş materiallarında da mövcud olmamışdır. Beləliklə məhkəməyə qəbzin əsli təqdim edilmədiyindən məhkəmə mövcud sənədlər əsasında (məxaric qəbzinin kserosurəti) araşdırma aparmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfin verdiyi vəsatət əsasında müqavilənin bağlanma tarixinə uyğun olaraq "xxxx" ASC-dən videogörüntülər tələb edilmiş, lakin görüntüləri əldə etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlar əsasında mülki iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh3 özü şəxsən və ya digər şəxs (eyni zamanda Cavabdeh1 da) vasitəsilə pulu alması müəyyən edilmədiyindən iddia tələbi ona münasibətdə təmin oluna bilməz. Belə ki, hamıya bəlli olan hal ondan ibarətdir ki, hər hansı şəxsin adına qoyulmuş pul vəsaiti yalnızca həmin şəxsin özü və ya buna səlahiyyətləndirilmiş nümayəndəsi vasitəsi ilə alına bilər. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə məhkəmə hesab edir ki, onlara aid hissədə də iddia əsassız olduğundan həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər tərəfindən iddiaçıya dəymiş mənəvi ziyana, əldən çıxmış faydaya görə 10.000 manat pulun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçı iddia tələbində cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun aldığı evə girə bilmədiyinə, kirayədə qalmasına, özünə məxsus vəsaitdən şəxsi xeyrinə istifadə edə bilməməsinə istinad edərək cavabdehdən ona dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etmişdir. Lakin iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 124 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 manat pul vəsaiti iddiaçıdan alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat kontorunda iddiaçıdan aldatmaq yolu ilə mənimsənmiş 70 min manat və bu müddət ərzində dəymiş maddi mənəvi və əldən çıxmış faydanın ən azından 10.000 manat hesablayaraq cavabdehlərin dərhal ümumi olaraq 80.000 manat iddiaçıya ödəməsi iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 124 (bir yüz iyirmi dörd) manat pul vəsaiti alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-64/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-64/2022
04.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver