Məhkəmə qərarları › İş №2(011)-6416/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6416/2024

28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6416/2024 28.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh 10 ildən çoxdur ki, tanıyır. Birlikdə C.Naxçıvanski adına hərbi liseydə işləmişlər. Təxminən 2021-ci ildə Vüqar iddiaçıdan 10000 manat qısa bir vaxtda qaytarmaq şərtilə borc pul istəmişdir. İddiaçı o qədər pulunun olmadığını və həmin məbləğdə borc verə bilməyəcəyini bildirmişdir. Bundan sonra cavabdeh ağır durumda olduğunu, heç olmasa azı 2500 manat borc verməsini acizanə xahiş etmişdir. Bundan sonra iddiaçı biryerdə işlədiklərinə və dostluq münasibətlərinə görə məcbur qalmışdır. “Unibank” dan illik 28% olmaqla, iki illik 2500 manat kredit götürmüş və həmin məbləği “Unibank”-a məxsus bankomatdan götürüb cavabdehə borc vermişdir. Cavabdeh pulu və kredit ödəniş cədvəlini iddiaçıdan götürdükdən sonra hər ay 104 manat olmaqla, krediti özü ödəyəcəyinə söz vermişdir. Cavabdeh iddiaçıdan götürdüyü məbləğdən 700 manat ödəmiş, həmin ödənişlər də bank tərəfindən faiz borclarına hesablanmışdır. İddiaçı dəfələrlə borc verdiyi pulu cavabdehdən tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə bir az möhlət verməyini, ona olan borcunu ödəyəcəyinə “WhatsApp”da səs yazışmaları ilə bildirmişdir. Lakin cavabdeh aldığı borcu iddiaçıya qaytarmamış və yekunda iddiaçı 3000 manat banka ödəməli olmuşdur. Bundan sonra Vüqar barəsində polis orqanlarına müraciət etməli olmuşdur. Vüqar polis orqanının dəfələrlə çağırışlarına baxmayaraq gəlməkdən yayınmışdır. Cavabdeh aldığı pulu qaytarmamaqla iddiaçının əmlak hüquqlarını pozmuş və iddiaçıya maddi ziyan vurmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 2500 manat, banka ödədiyi 500 manat faiz borcu və ödədiyi 50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3050 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2300 manat pulun, 100 manat dövlət rüsumu və iddia ərizəsinin yazılmasına görə ödənilən 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə barışığa gəlmək istəyir, iddiaçıdan götürdüyü puldan 1400 manat ödəniş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanan 27 yanvar 2021-ci il tarixli 801sNAR/21 nömrəli kredit müqaviləsi üzrə İddiaçı 36 ay müddətinə, illik 28% dərəcəsi ilə, aylıq 104 manat ödəmək şərtilə 2500 manat kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Nərimanov filialı tərəfindən İddiaçı verilmiş 27 dekabr 2024-cü il tarixli UB-İKT/NAR/2480 nömrəli arayışdan görünür ki, İddiaçı 27 yanvar 2021-ci il tarixli 801sNAR/21 nömrəli kredit müqaviləsi üzrə borcu 0 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 26 dekabr 2023-cü il tarixli H10078 nömrəli məktubdan görünür ki, vətəndaş Cavabdeh ilə telefon əlaqəsi saxlanılaraq məqsədyönlü profilaktiki söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş və ərizədə qeyd olunan xüsusatlar mülki xarakterli olduğu üçün araşdırma əsasında toplanmış sənədlər dəftərxanada işə alınmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən ərizədə göstərilən şəxs barədə məhkəmədə mülki qaydada iddia qaldırması İddiaçı izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Beləliklə, tərəflərin izahatı və mülki işdə olan sübutlarla təsdiq edilir ki, cavabdeh iddiaçıdan borca 2500 manat pul istəmiş, iddiaçı həmin məbləği 27 yanvar 2021-ci il tarixdə "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq götürmüş və cavabdehə təqdim etmişdir. Borcun mövcud olmasını cavabdeh öz izahatı ilə təsdiq etmişdir. İddiaçı cavabdeh tərəfindən həmin borc üzrə 700 manat ödədiyini bildirmiş və məhkəməyə arayış təqdim edərək, kredit müqaviləsi üzrə bütün borcun bağlandığını təsdiq etmişdir. Cavabdeh iddiaçıya 1400 manat ödəniş etdiyini bildirsə də, bu halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən və iddiaçı tərəfindən həmin borcdan 700 manat ödənildiyi etiraf edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi borca münasibətdə əsaslı olduğundan həmin hissədə təmin edilməli, Cavabdeh 2300 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin 100 manat dövlət rüsumu və iddia ərizəsinin yazılmasına görə ödənilən 100 manat pulun cavabdehdən tutulması hissəsində hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu olaraq 50 manat pul vəsaiti ödənildiyini və iddia ərizəsinin yazılmasına görə çəkilən xərclə bağlı sübutların mövcud olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və Cavabdeh 50 manat dövlət rüsumu tutularaq, iddiaçının xeyrinə ödənilməlidir Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2300 manat məbləğində pul vəsaiti və 50 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar