Məhkəmə qərarları › İş №2(011)-6431/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6431/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6431/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı 2023-cü il tarixində işlədiyi çörək zavodunda Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh iddiaçıya pula ehtiyacı olduğunu bildirmiş və 5000 manat məbləğində borc istəmişdir. İddiaçı onlar arasında olan dostluq münasibətlərinə və səmimiyyətə inanaraq 3800 manat məbləğində borc pul vermişdir.

2. Daha sonra iddiaçı cavabdehin çox adama borcu olduğunu bilmiş və verdiyi borc pul məbləğini ondan tələb etmişdir. Lakin, cavabdeh hər dəfə müxtəlif yalanlar danışmaqla borc pul məbləğini ödəməkdən boyun qaçırmışdır.

İddiaçının tələbi:

3. Cavabdeh ona verilmiş borc puldan 34 saylı polis bölməsində izahat verərək etiraf etdiyi 1250 manat məbləğində pulun və 40 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

4. Cavabdeh xx.xx.2024-cü il tarixində məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, hazırda iddiaçıya qalan borcunun 252 manat olduğunu və iddianı qalan hissədə qəbul etmədiyini bildirmişdir. Məhkəmədən iddianın qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatı:

5. Məhkəmə iclasında iştirak edən, İddiaçı öz izahatında bildirmişdir ki, cavabdeh borcun bir qismini ödəmiş, hazırda onun 1250 manat borcu qalmışdır. Polis şöbəsində verdiyi izahat zamanı bunu özü də etiraf etmişdir. 3500 manat borcdan 290 manat müdiri vermiş, daha sonra iddiaçı da hiss-hissə ödənişlər həyata keçirmişdir. İddiaçı polisdə izahat verdikdən sonra 5 manat, 10 manat və 30 manat borcdan ödənişlər etmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, iddiaçı ilk öncə 5000 manat, sonra 3500 manat, sonda məhkəməyə müraciət edərkən 1250 manat məbləğində borc pul tələb etmişdir. İddiaçı iddia ərizəsində 1250 manat pul tələb etmişdir. İş materiallarına çeklər əlavə edilmişdir ki, həmin çeklərdən görünür ki, cavabdeh 612 manat ödəniş etmişdir. Bundan başqa 300 manat da cavabdehin müdiri ödəmişdir. Qalıq borc məbləği 252 manat məbləğindədir. Məhkəmdən iddianın qismən təmin edilməsi, 252 manat pul vəsaitinin cavbabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

7. Cavabdeh Xətai RPİ-nin 34-cü PŞ-də verdiyi izahatda bildirmişdir ki, o, Cavabdeh 1 il müddətində hissə-hissə 1250 manat məbləğində borc pul almışdır. Həmin pulları Həmidə ona faizlə vermişdir. Ona Həmidə 6 dekabrda 400 manat, 27 dekabrda 300 manat, 29 yanvarda 1250 manat, 11 fevralda 100 manat, 9 martda 100 manat, 30 martda 100 manat və 6 apreldə isə 100 manat faizlə pul vermişdir. Həmidəyə 3800 manat borcu olmadığını bildirmişdir.

8. Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 55-1/2-N-4879 №-li məlumata əsasən, İradə adlı şəxs tərəfindən 3800 manat pul borcunun geri qaytarılmaması ilə bağlı araşdırma aparılmış, lakin göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

9. Digər sənədlər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

12. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

13. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanılmış, cavabdehin bildirməsinə görə faizlə bağlı razılaşma olmuş, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd edilənlər məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş Cavabdeh Xətai RPİ-nin 34-cü PŞ-də verdiyi izahatda da öz təsdiqini tapır. (§7)

14. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında şıfahi razılaşma əsasında iddiaçıdan pul almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin pulun ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə tərəflər arasındakı şifahi razılaşma əsasında pul almasına dair hüququndan istifadə etmiş, lakin həmin pulun qaytarılmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m. 739.1)

15. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin Xətai RPİ-nin 34-cü PŞ-də verdiyi izahatda etiraf etdiyi 1250 manat məbləğində borc məbləğinin cavbdehdən tutularaq ona qaytarılmasını tələb etmişdir. Həmin izahdan da məlum olur ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda pul almış, mart, aprel, may aylarında müəyyən məbləğlərdə faiz olaraq pul ödədiyini qeyd etmiş, 1250 manatı imkansızlıq səbəbindən ödəyə bilmədiyini qeyd etmişdir. Eyni zamanda, iddiaçı məhkəmə iclasında cavabdehin polis şöbəsində izahat verdikdən sonra ona 45 manat məbləğində ödəniş etdiyini bildirmişdir. (§5) Buna görə də məhkəmə hesab edir ki, iddia 1205 manat məbləğində olan hissədə təmin edilməlidir.

16. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh qaytarılmamış 1205 manat pul məbləği İddiaçı xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. İddiaçı iddia ərizəsində ödənilmiş 40 manat dövət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq təmin edilmiş iddia məbləğinə mütənasib olaraq 32,05 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəm££ə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh 1205 (min iki yüz beş) manat pul məbləği tutularaq İddiaçı ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,05 (otuz iki manat beş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar