Məhkəmə qərarları › İş №2(011)-6439/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6439/2022

24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6439/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə notarial qaydada kredit (borc) müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, cavabdeh iddiaçıdan aldığı 14 000 manat pulu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə 14 000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən qəbul edilmişdir.

2. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdehdən 14.000 manal məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilən 132 manal dövlət rüsumunun tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, cavabdeh ondan xx.xx.2021-ci il tarixində 14.000 manat borc götürmüşdür. Həmin borc məbləği cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş və kredit müqaviləsi Bakı şəhəri 5 saylı notariat kontorunda 3M-50 reyestr nömrəsi üzrə qeydə alınmışdır. Müqavilənin 3-cü bəndinə əsasən cavabdeh xx.xx.2022-ci il tarixinədək kredit öhdəliyi yerinə yetirməli, pulu geri qaytarmalı idi. Cavabdehlə illərdir iş yoldaşıdırlar. Bu səbəbdən ona inamı tam olmuşdur. Cavabdeh ondan pul alarkən ailə üzvlərinin müəyyən problemlərinin olduğunu, qısa bir zaman içərisində, hətta müqavilə müddəti bilmədən pulu qaytaracağını bildirmişdir. Müqavilə üzrə müddətlərin tamam olmasına və dəfələrlə cavabdehə müraciətlər etməyinə baxmayaraq cavabdeh faktiki olaraq kredit öhdəliklərini icra etmir. Bununla da cavabdeh ona maddi ziyan vurmaqla yanaşı, onun hüquqlarını pozur və onun mübahisənin məhkəmə qaydasında həlli mümkündür. Belə ki, artıq cavabdeh onun telefon zənglərinə də cavab vermir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.

6. Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

10. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

11. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

16. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

18. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

19. Tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir.

20. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, hazırkı mübahisəyə tətbiqi nəzərə alınmaqla, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Həmçinin, Məcəllənin 740.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ qaydada da müəyyən etmişdir ki, məbləği üç manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır.

21. İşin hallarından da göründüyü kimi, tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması baş tutmuş, iddiaçı öhdəliyini icra edərək razılaşdırılmış pul məbləğini cavabdehə verməklə, həmin pula olan mülkiyyət hüququnu da cavabdehə vermişdir. Lakin cavabdeh həm qanunvericiliklə, həm də müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur.

22. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, 14 000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.

23. Məhkəmə həmçinin iddianın 132 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. 14 000 manat məbləğində borc və 132 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar